Interposta.Info

Ambulans qaydaları nə vaxt poza bilər? -

Müxtəlif
 7-04-2017, 07:22     848

Azərbaycanda yol hərəkəti qaydalarını pozaraq, sürət həddini aşan təcili yardım avtomobillərinin Dövlət Yol Polisi (DYP) tərəfindən cərimələnməsi məsələsi ölkədə müzakirə predmetinə çevrilib. Ağır xəstə aparan maşınların radara düşməsi və kifayət qədər yüksək məbləğdə cərimələnməsi Ağdaş rayon Mərkəzi Xəstəxanası ilə sürücülər arasında anlaşılmazlıq yaradıb. Xəstəxana rəhbərliyi sürücülərə "yavaş sürün, radara düşməyin, cəriməni özünüz ödəyəcəksiniz” deyib, sürücülər isə 200 manat maaşla o qədər cəriməni ödəyə bilməyəcəklərini deyiblər.

BakiPost.az-ın əməkdaşı məsələ ilə bağlı yol yol təhlükəsizliyi məsələləri üzrə ekspert Ərşad Hüseynovla əlaqə saxlayıb. Ekspert bildirib ki, problemin günahkarı DYP deyil, tibb müəssisəsinin qanunları bilməyən əməkdaşlarıdır: "DYP-lik bir şey yoxdur burada. Çünki sürət həddini keçən avtomobili qeydiyyata elektron qurğu alır. O, elektron aparatdır və hansı maşının xüsusi təyinatlı olduğunu müəyyən edə bilmir. Ona görə ambulans da sürət həddini keçəndə, elektron protokol tərtib edib, avtomobilin tabe olduğu müəssisəyə göndərir.

O protokolun müəssisədə problem yaratması isə artıq həmin sürücülərin və tabe olduqları tibb müəssisələrinin qanundan xəbərsizliyindən xəbər verir. Onlar bu məsələni tənzimləyən qanundan xəbərsizdirlər. Həmin elektron protokol səhiyyə müəssisəsinə gedəndə, müəssisə işçisi açmalıdır həmin avtomobillərin iş rejimini əks etdirən cədvəli, müəyyən etməlidir ki, bəli, bu vaxtda biz sürücünü ağır xəstə ilə xəstəxanadan yola salmışdıq başqa şəhərə. Bununla bağlı polisə məktub yazmalı, arayış verməlidir ki, mənim avtomobilim filan vaxtda təcili tapşırıq arxasınca gedib, xahiş edirik, o protokolu ləğv edin. DYP də heç bir problem yaratmadan o protokollara xitam verməlidir və belə də olur”.
Ambulans qaydaları nə vaxt poza bilər? -


Ambulans sürücüləri hansı hallarda yol hərəkəti qaydalarını poza bilər və digər sürücülərin təhlükəsizliyi necə tənzimlənir?

Ə.Hüseynov operativ nəqliyyat vasitələrinin qaydalardan çıxa biləcəyinin beynəlxalq konvensiyalarla tənzimləndiyini bildirib. Lakin həmin vasitələrin sürücülərinin diqqət yetirməli olduğu məqamları da açıqlayıb: "Beynəlxalq konvensiyada deyilir ki, operativ nəqliyyat vasitələri qaydalardan kənara çıxa bilərlər, amma onun sürücüləri əmin olmalıdırlar ki, başqa sürücülər, hərəkət iştirakçıları (piyadalar, velosiped sürənlər, yol qırağında heyvan otaranlar və s.) onlara yol verirlər. Bir də təhlükəsizliyi təmin etməlidirlər. Ambulans sürücüsü yüksək sürətlə hansısa döngəyə girib qəza törədə bilər. O sürücü buna görə tam məsuliyyət daşıyır. Bunun üçün sürücü peşəkar olmalıdır. Sürücü, qanunda vurğulandığı kimi, öz təhlükəsizliyini, maşındakı sərnişinlərin təhlükəsizliyinizi və digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etməklə qaydalardan kənara çıxa bilər. Təmin edə bilmirsə, demək ki, qaydalardan kənara çıxması da əsassız olub və məsuliyyətə cəlb olunmalıdır”.

Ambulans sürücüləri əlavə yoxlanışlardan keçməlidir

Ekspertin sözlərinə görə, təcili yardım maşınının sürücüləri digər sürücülərdən fərqli keyfiyyətlərə və təcrübəyə sahib olmalıdır: "Tibb müəssisəsinə sürücü işə götürərkən, onlarda əlavə sürücülük özəlliklərinin olduğuna diqqət yetirilməlidir. Vaxtaşırı da onlar ambulans sürücüləri üçün xüsusi proqramlardan – təhlükəsiz sürücülük proqramlarından keçməlidirlər. İşə qəbul olunanda bu proqramın ən bəsit formasını belə olsa, keçməlidirlər. Sonra vaxtaşırı təkmilləşməlidirlər. Məsələn o proqramın bəndlərindən biri belədir: çətin yol şəraitində təhlükəli sürmə! Bura buzlu yol, dağ yolları, sərt döngələr daxildir”.

Ekspert ambulanslarla bağlı daha bir maraqlı məqama toxunub: "Biz adətən fikirləşirik ki, ambulans tez sürməlidir, təcili xəstə aparmalıdır və s. Amma bunun əksi də ola bilər. Elə xəstə ola bilər ki, ambulansın sürücüsünə adi rejimdən də qat-qat aşağı sürətlə sürmək tapşırığı verilsin. Və yaxud da sürücüyə vaxt təyin edirlər ki, sən gedib filan yerdən hansısa bir şeyi 5 saata gətirməlisən, vaxtın var və yol hərəkət qaydalarını pozmadan gedib-gələ bilərsən. Bu halda sürücü yol hərəkəti qaydasını pozursa, o, cərimələnməlidir”.

Ambulans sürücülərinin sayrışan işıqlardan sui-istifadə halları

Ekspert təcili yardım maşınlarının sürücülərinin sui-istifadəyə yol verdikləri hallarda adi sürücü kimi cərimələnə biləcəyini vurğulayıb: "Nadir hallarda olur ki, ambulans sürücüləri sui-istifadə hallarına yol verirlər. Çünki təcili yardım elə bir təyinatlı nəqliyyat vasitəsidir ki, kimsə bundan arvad-uşağını harasa aparmaq üçün istifadə etməz. Yaxud bazara-dükana getməz.

Sui-istifadə hansı hallarda ola bilər, onları deyim.

Sürücü yanacaq doldurmağa gedirsə, hansısa xəstəxanadan o birinə təcili olmayan bir vasitə aparırsa, yaxud maşındakı normal vəziyyətə olan xəstədirsə, onu adi qaydada aparmaq mümkündürsə... Belə hallarda sürücülər sui-istifadə hallarına yol verə bilərlər.

Heç bir xəstə daşımayıb, hansısa təcili hal olmayıb, amma sürücü qaydaları pozubsa, adi sürücü kimi məsuliyyətə cəlb olunmalıdır. Amma ambulans bir rayonun xəstəxanasından Bakıya gəlirsə, sui-istifadə halı ehtimalı sıfıra enir”.
Ambulans qaydaları nə vaxt poza bilər? -


Ə.Hüseynov sürücülərin hər bir halda təcili yardım maşınına yol verməli olduğunu deyir: "Bizim sürücülər "ambulans onsuz da istifadə edir, sayrışan işıqları yalandan yandırıb” ehtimalını qırağa qoymalı və ambulansa hər bir halda yol verməlidir. Düşünməlidir ki, bu təcili yardım maşınıdırsa, demək ki, onun tez getməsinə, yol hərəkətini pozmasına ehtiyac var və mən ona yol verməliyəm. İmkan yaratmaq lazımdır ki, çıxsın getsin.

Amma bütün bunlar da sürücünün tabe olduğu müəssisə tərəfindən tənzimlənməlidir ki, ambulans yanacaq doldurmağa münasib vaxtda getsin. Ona ehtiyac olmayacağı vaxtda getsin.

Elə bir hal ola bilər ki, ambulans sürücüsü benzin doldurmağa getdiyi vaxt zəng gələr ki, təcili haradasa xəstə var, onun ardınca getmək lazımdır. Baxmayaraq ki, tək sürücüdür ambulansdakı, yəni yanında həkim yoxdur, yenə də ona yol vermək lazımdır. Ambulans icazə istəyirsə, sui-istifadəni fikirlərimizdən qırağa atmalı və ona yol verilməliyik”.

Azərbaycanda sürücülərin təcili tibbi yardım maşınlarına yol vermə mədəniyyəti

Sürücülərimizin sayrışan işığı yanan ambulansla orta hesabla necə davranmalı olduqlarını bildiklərini deyən Ərşad Hüseynov, əksər hallarda buna riayət edildiyini qeyd edib: "Bəzən sürücülərin naşılığından, yol hərəkəti mədəniyyətimizdə olan qüsurlardan elə situasiyalar yaranır ki, ambulansa yol vermək mümkün olmur, yaxud çətin olur. Məhz burada boşluğumuz var. Əgər sürücülər yüksək səviyədə mədəni olsalar, qaydaları minimum şəkildə pozsalar, hətta tıxacda da ambulansa yol verə bilirlər. Bizdə o mümkün deyil. Dünyagörüşümüzdə qüsur var. Sürücü tıxacda avtomobilin burnu keçən yerə maşını verir, oranı bağlayır, hətta bəzən tıxacda nəinki ambulans, adam da gəlib onların arasından keçib gedə bilmir. Bunlara diqqət yetirmək lazımdır”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26