Interposta.Info

Avropada təhsil alan gənclər

Müxtəlif
 7-03-2017, 08:40     512

Avropada təhsil alan gənclər

Etibar Əliyev: “Ölkədə insan kapitalının inkişafında onların müstəsna rolu ola bilər”; Kamran Əsədov: “Dövlət onların hər birinə ay ərzində azı 1500 avro təqaüd verir və deyir ki, oxuyub qurtarandan sonra gəl, 300 manata işlə”

Bir çox gənclərimiz təhsil almaq üçün Avropa ölkələrindəki universitetləri seçirlər. Amma çox yüksək səviyyədə təhsil alan bu gənclər bəzən ölkəmizə geri dönmək istəmir.


Hazırda Azərbaycanda kifayət qədər xaricdə təhsil alıb ölkəyə dönən və işsiz qalan gənclər var. Məhz buna görə də xaricdə təhsil alan gənclərin ölkəyə qayıdıb işləməsi əsas problemlərdən biri kimi qalmaqdadır. Təəssüf ki, bir sıra şirkətlər, təşkilatlar, nazirliklər də bu gənclərin hazır, Avropa dəyərlərini qavramış kadr kimi işə cəlb edilməsində maraqlı deyil. Ona görə də bir çox gənclər təhsilini başa vurduqdan sonra Avropadan qayıtmırlar, orada iş tapıb işləyirlər.

Bəs bu durumu aradan qaldırmaq üçün nə etməliyik? Avropada təhsil alan gəncləri ölkəmizə necə cəlb edək?

“XXI Əsr” Təhsil Mərkəzinin rəhbəri, təhsil eksperti Etibar Əliyev bildirdi ki, nazirliklər, şirkətlər və digər təşkilatlar yüksək təhsil almış həmin gənclərin işlə təminatı üçün çalışmalı, maraqlı tərəf olmalıdırlar: “Xarici ölkələrdə təhsil alan insanlar öz bilik və bacarıqları ilə həmin nazirlik, təşkilat və şirkətlərə, eyni zamanda başqa qurumlara reytinqlə yanaşı, həm də müəyyən gəlirlər gətirə bilərlər. Eyni zamanda onların yaxşı əlaqələr qura bilmələrini də bura əlavə etmək olar. Çünki Azərbaycanda dövlət hesabına, hökumət proqramı ilə göndərilmiş gənclərin təhsil aldığı nüfuzlu universitetlərə müxtəlif ölkələrdən tələbələr göndərilir və onlar birgə təhsil alırlar. Yəni bu şəxslərin dünyanın müxtəlif ölkələrindəki kadrlarla əlaqələri, dostluqları olur. Bu baxımdan, kommunikasiya məsələləri də çox böyük önəm kəsb edə bilər. Hər halda, mən hiss edirəm ki, bir sıra universitetlər həmin o məzunların işə qəbulunda maraqlıdırlar. Məsələn, ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Dövlət Universiteti, Dövlət İqtisad Universiteti o məzunların işə cəlb olunmasına maraqlıdır. Elmi tədqiqatlara o gənclərin cəlb olunmasında maraqlıdırlar. Mən hesab edirəm ki, onları aldıqları təhsilə uyğun olaraq normal əmək haqqı və şəraitlə də təmin edirlər. Başqa sahələrdə də bu cür olmalıdır. İstehsalat, kənd təsərrüfatı sahələrində bu mütəxəssisləri qaçırmaq olmaz. Normal şərait yaratmalıdırlar ki, onlar ölkədən getməsinlər. Ölkədə insan kapitalının inkişafında bu şəxslərin müstəsna rolu ola bilər. Yəni əmək bazarının tələbatı ilə yanaşı, həm də təşkilatların reytinqinin yüksəlməsində həmin kadrların mühüm rolu ola bilər. Digər tərəfdən də, onsuz da xarici ölkələrə təhsil almaq üçün tələbələr göndərən dövlətlər kifayət qədər potensialı olan ölkələrdir. Bizə yeni bir təcrübənin gətirilməsi, yeni təhsilin, elmin ölkəyə gətirilməsi çox önəmlidir və ölkənin qarşısında dayanan mühüm məsələlərdən biri olan insan kapitalının inkişafında bu önəmli rol oynaya bilər”.

Digər təhsil eksperti Kamran Əsədov isə bildirdi ki, həmin gəncləri ölkəyə qaytarmaq üçün imzalanan sənədlərə məcburi şəkildə geri dönüb Azərbaycanda işləmək tələbi qoyulmalıdır: “Azərbaycan dünya iqtisadiyyatında rəqabət qabiliyyətinin artırılması üçün kadr potensialının gücləndirilməsi üçün 2007-2015-ci illərdə xaricdə təhsil üçün dövlət proqramını həyata keçirdi. Bu proqram çərçivəsində 5 min gəncin dövlət büdcəsinin vəsaiti hesabına xaricdə təhsil alması nəzərdə tutulurdu. Lakin son qəbul aparılan 2015-ci ili də nəzərə alsaq, üç mindən çox azərbaycanlı gənc xaricdə təhsil almağa göndərildi. İndiyə qədər göndərilənlərdən 350-yə yaxını məzun olub ki, onların da 50 faizi Azərbaycana qayıdıb. Son məzun bu proqram çərçivəsində 2021-ci ildə olacaq. 2016-cı ilə qədər xaricdə təhsil alan azərbaycanlı tələbələrə 70 milyon manat vəsait ayrılıb. Bu, əlbəttə ki, ciddi bir rəqəmdir”.

Ekspert bildirdi ki, xaricdə təhsil alan gəncləri geri qaytarmaq üçün onlara normal əmək haqqı vermək lazımdır: “Onların geri qaytarılması üçün tələblərlə imzalanmış sənədlərdə hansısa məcburi bir tələb yoxdur. Hətta onlar təhsilini davam etdirməyəndə belə xərclərin geri qaytarılması üçün bir mexanizm yoxdur.

Bu gəncləri geri qaytarmaq üçün ilk növbədə onlara normal əmək haqqı vermək lazımdır. Təsəvvür edin ki, indi onların hər birinə dövlət ay ərzində azı 1500 avro (3 min manat) təqaüd verir, sonra da deyir ki, oxuyub qurtarandan sonra gəl, 300 manata işlə. Əlbəttə ki, bu zaman onlar gəlməyəcək. Həmin gəncləri geri qaytarmaq üçün hesab edirəm ki, imzalanan sənədlərə məcburi şəkildə qayıdıb işləmək tələbi qoyulmalıdır. Bundan başqa, onların işləyəcəyi vakansiyalar öncədən müəyyən edilməlidir. Xaricdə təhsil alan azərbaycanlı tələbələr ölkəyə qayıtdıqdan sonra onlar dövlət qulluğuna imtahanın test imtahanı hissəsindən azad edilib və birbaşa müsahibə mərhələsinə daxil olurlar. Bundan başqa, onlar ehtiyat kadr sırasına daxil edilir".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26