Interposta.Info

“Gör özlərini necə hökmran hesab edirlər ki,

Müxtəlif
 24-02-2017, 21:37     655

“Gör özlərini necə hökmran hesab edirlər ki,

Hərdən əhali elə problemlərdən danışır ki, adamın həm gülməyi, həm də ağlamağı gəlir. Ciddi mövzulardan sonra bu cür məsələləri qələmə almaq kimlərəsə səviyyəcə aşağı görünə bilər. Belə hesab etmirəm. Məncə, bizlər insanları narahat edən, onların qanuni haqlarını tapdalayan, şərəf və ləyaqətlərini alçaldan hər bir hadisədən yazmağa borcluyuq.

Bu yaxınlarda bir tanışımla Xaçmazdan Xudat şəhərinə gedirdim. Yolda maşın çox deyildi. Lakin tanışım qəflətən sürəti kəskin şəkildə aşağı saldı. Təəccübləndiyimi görüb dedi ki, qarşıdakı maşın Xaçmazın hüquq-mühafizə orqanlarının rəhbərlərindən birinin xidməti avtomobilidir. Onu ötüb keçsəm sürücüsü haqqımda dərhal məlumat verəcək, sonra da məni salacaqlar gözümçıxdıya. Heç nə demədim. Çünki belə hadisələr barədə az eşitməmişəm. Tanışıma yazığım gəldi... Görün insan özünü nə günə qoyurmuş... Sadəcə bir şeyi başa düşmədim. “Balaca padşah”ların avtomobillərini qanuni şəkildə niyə ötüb keçmək olmaz ki?

Xaçmaz rayonunun N. Nərimanov küçəsində hərəkət birtərəflidir. Neçə dəfə şahidi olmuşam ki, kimlərsə avtomobilini əks istiqamətdə sürür. Onları tanımıram. Amma maraqlananda öyrənirsən ki, belə əməlləri törədənlər məhz özlərini ötüb keçməyə icazə verməyən bəzi vəzifəlilərin övladlarıdır, sürücüləridir. Onlara da kim gözün üstə qaşın var deyə bilər ki?

Bildiyimə görə, rayonlarda icra hakimiyyəti başçısından tutmuş digər vəzifəli şəxslərədək heç kəsə dövlət xüsusi imtiyaz verməyib. Yəni yerlərdə yüksək vəzifəli şəxslər və avtomobilləri dövlət tərəfindən qorunmur. Onda bu adamlar özlərini nə hesab edirlər? Onların əyləşdiyi avtomobil də küçədən keçən adi avtomobillərdən biridir. Bu yerdə yadıma yenidən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məmurlara xitabən söylədiyi “yekəxanalıq etməyin” ifadəsi düşdü. Dövlət başçısı bunlara deyir ki, xalqın xidmətçisisiniz, özünüz və ailə üzvləriniz nümunə olun, dövlətə xidmət edin, insanlara qulluq edin! Əfsuslar olsun ki, bəziləri özlərini elə aparırlar ki, sanki prezidentin dediklərindən xəbərsizdirlər. Əlbəttə, xəbərləri var, amma hesab edirlər ki, yekəxanalıqlarını heç kim görməyəcək. Görürlər, sadəcə susurlar. Elə bəlamız da bundadır, sanki belə də olmalıdır. Nə qədər “balaca padşah”ların qanunsuz əməllərinə göz yummaq olar? Bəlkə də bəhs etdiyim məsələ kiməsə xırda problem kimi görünə bilər. Əslində xırda deyil.Bir vəzifəli şəxsin işə, nahara gedib-gəlməsi, yüzlərlə müxtəlif problemin arxasınca gedən insana əziyyət verirsə, haqlarını pozursa bu xırda problemdirmi? Əgər kimsə qanuni şəkildə bir dövlət orqanı rəhbərinin avtomobilini ötüb keçirsə niyə gözümçıxdıya salınmalıdır? Gör özlərini necə hökmran hesab edirlər ki, onların oturduqları avtomobili qanuni şəkildə belə ötüb keçmək olmaz.

Mən rayondakı bütün sürücülərə üzümü tuturam. Birinci növbədə yol təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət edin. İkincisi, yolda hərəkət edərkən bəzi müstəsna hallar çıxılmaqla yolunuzu gedin. Nəzərə alın ki, qarşınızdakı avtomobildə əyləşən və yaxud onu idarə edən dövlət rəsmisi sizlərdən heç nə ilə fərqlənmir. Əksinə, dövlət başçısı demişkən, insanların xidmətçisidir. Kimlərsə avtomobillərini ötüb keçdiyinizə görə sizləri cəzalandırmaq fikrinə düşsələr qorxmayın, QANUN adlı bir söz də var. Bu sözdən yapışıb haqqınızı tələb edin.

Müqəddəs Mehdiyev “Şimal xəbərləri” qəzetinin baş redaktoru

interposta.info təqdim etdi!

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26