Interposta.Info

Əliməmməd Nuriyev:

Müxtəlif
 21-02-2017, 08:38     579

Əliməmməd Nuriyev:
Əfv Komissiyasının üzvü Əli İnsanovdan danışdı

Martda imzalanacağı bildirilən əfv sərəncamı ilə bağlı hazırlıq işləri davam etdirilir. Artıq məhbuslar tərəfindən edilən 800-dən çox müraciətin 250-yə yaxınına baxılıb.

interposta.info bildirir ki, bu barədə “Yeni Müsavat”a Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev məlumat verdi: “Əfv Komissiyası tez-tez toplaşır və iclaslarını keçirir. Sədrin təşəbbüsü ilə iclaslar çağırılır. Artıq 250-yə yaxın müraciətə baxılıb, müvafiq qərarlar qəbul edilib. Edilən hər bir müraciət diqqətlə araşdırılır. Çox açıq müzakirələr gedir. Səsvermə əsasında müvafiq qərarlar qəbul edilir. 800-dən artıq komissiyaya müraciət daxil olub. Bu da normaldır. Çünki son bir ildə əfv sərəncamı verilməyib. Çoxluq təşkil etsə də, hər bir müraciətə baxılacaq və müvafiq qərar veriləcək. Müraciətlərə əsasnaməyə uyğun baxılacaq. Proseduralara əməl olunmalıdır. İlk növbədə daxil olan müraciətlərlə bağlı müvafiq qurumlardan rəy alınır. Bu rəylərin alınması üçün təbii ki, müəyyən müddət lazımdır. Müraciət daxil olan kimi qərar qəbul etmək Əfv Komissiyasının əsasnaməsinə cavab vermir. Müraciətlərə baxarkən balansın saxlanılması çox vacibdir. Məhkumun islah olunması, ailə vəziyyəti və səhhəti nəzərə alınır. İkincisi, məhbusun törətmiş olduğu cinayətdə zərərçəkmişin olub-olmadığı, zərərçəkmişin bu məsələyə münasibəti öyrənilir. Üçüncüsü, dəymiş ziyan varmı, o ziyan ödənilibmi? Dördüncüsü, cəmiyyət üçün məhkum nə dərəcədə faydalı ola bilər, cəmiyyətə zərər verə bilər? Bəzi hallarda görürük ki, qatı cinayətkar var, əfv üçün müraciət edib, eyni zamanda islah da olunmayıb. Bu məsələlər ciddi surətdə araşdırılmalıdır. Həm insanın taleyi məsələsi var, eyni zamanda həm cəmiyyətin, həm ailənin, həm də dövlətin maraqları var. Bunların hamısını düzgün balanslaşdırmaq lazımdır ki, obyektiv rəy hazırlana bilsin”.

Əfv Komissiyasının üzvü siyasi məhbuslar məsələsinə də toxundu:
“Müraciətlərə baxılarkən kimin hansı əqidəyə sahib olması önəm daşımır. Əsas məsələ həmin şəxsin etdiyi cinayətə görə hüquqi qiymətləndirilməsidir. Onun cəmiyyətdə mövqeyi nəzərə alınır. Məhbusların müraciətləri ilə bağlı ayrı-seçkilik edə bilmərik. Əfv Komissiyasının əsas missiyası prezidentin humanistliyi ilə verilən əfvə kömək etməkdir. Burada heç bir fərq qoyula bilməz. Hər bir şəxsin cəmiyyət üçün faydalılığı, əlbəttə, qəbul edilən qərarda öz əksini tapır. Fərq qoya bilmərik ki, bu fəal olub, yaxud qeyri-fəal. Azərbaycan cəmiyyətinin qüsurlarından biri odur ki, çalışırıq məhbuslara fərq qoyaq. Şəxsin mövqeyi və başqa məsələləri nəzərə alırıq. Amma biz müraciətlərə baxanda fərq qoymuruq. İstənilən halda bütün müraciətlərə baxılmalıdır. Əfv sərəncamında siyasi mövqeli şəxslər hər zaman nəzərə alınıb. Bundan əvvəl cənab prezidentin imzaladığı sərəncamlara diqqət yetirəndə bunları görmüşük. Hər zaman arzulamışam ki, hər kəs azadlığına daha tez qovuşsun, cəmiyyət üçün daha çox fayda versin”.

Ə.Nuriyev həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun əfvə düşüb-düşməyəcəyindən də danışdı:
“Əli İnsanovun cəzasının müddəti başa çatmayıb. Biz bilmirik ki, onu təqsirləndirilən şəxs qismində digər hadisəyə görə məsuliyyətə cəlb ediblər, ya yox. Biz onu da bilmirik ki, bu məsələlərlə bağlı istintaqın rəyi nədən ibarətdir. Ona elan edilmiş cinayətdə onun təqsirsizlik prezumpsiyası var. Yeni iş üzrə İnsanovun barəsində məhkəmə qərarı olmadığına görə hər hansı bir fikir söyləmək düzgün olmaz. Eyni zamanda bu, onun konstitusion hüquqlarının pozulması olar. İndiki şəraitdə nə qədər cəzası başa çatmasa da, əgər müraciət edərsə, onun müraciətinə baxıla bilər. Əvvəlki 11 illik cəzası ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı var. Yeni cinayət işi ilə bağlı hər hansı bir fikir söyləməklə günah işləmiş olaram. İstənilən halda o müraciət edərsə, mütləq onun müraciətinə baxılar. Onun müraciət edib-etməməsi ilə bağlı məndə məlumat yoxdur”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26