İstanbulda depressiya -

Depressiya intiharın başlıca səbəbinə çevrilmiş bir halıdır. Dərmanlarla asan müalicə edilir.
***
Bilənlər var mütləq - İstanbul mənim gördüyüm dünyanın ən depressiv şəhərlərindəndir. Əvvəllər özüm əziyyət çəkirdim, daha sonra ətrafımdakı hər kəsin eyni əhval-ruhiyyədə olduğunu anlamışdım.
İstanbula oxumağa getdiyimizin ikinci ili idi. Yanvar ayı, 1994-cü il. Yataqxanada qalırdıq. Türkiyəli tələbələr Yeni il tətili səbəbilə evlərinə getmişdilər. Topqapıda böyük bir tələbə yataqxanasında qalırdıq. O zaman İstanbulda koks kömürü yandırırdılar. Adi daş kömüründən fərqli olaraq bu kömür süni yollarla alınırdı. Çox keyfiyyətsiz, zərərli tüstü verən, amma ucuz idi. Topqapı, Zeytinburnu məhəllələri İstanbulda gecəqonduların olduğu geridəqalmış bölgələrdən idi. Əksər evlərdə koks kömürü yandırırdılar.
Yataqxanadakı pəncərələrdən baxarkən İstanbul səmasında qapqara tüstünün yaratdığı böyük buludu görmək olurdu. Nəhəng bir div kimi gündüzləri günəşin qarşısını kəsir, gecələr ay işığından belə bizləri məhrum edirdi.
Hələ bir də məmləkət xiffəti. Darıxmırdıq, deyil, xiffət çəkirdik. Şuşa gedib, Laçın gedib, Qarabağ gedib, hələ üstəlik Çocuq Mərcanlı kəndində bir təpə uğrunda lay kimi oğlanları yerə qoyuruq.
Pul da yoxdur. Əslində pul var, amma çatmır. İldə iki dəfə təntənəli surətdə "Coca-cola" alıb marçıldada-marçıldada içirdik.
Gələcəyimizdən qorxurduq. Təhsil sistemi bizim gözlədiyimizdən fərqli idi. Bakıda bir il oxumuşdum. Orada krallar kimi idim, imtahanları tum çırtlamaq kimi asan keçirdim. Burada isə ortabab bir tələbə idim. Qısqanırdım. Çox qısqanırdım. Kimsə məndən daha çox biləcək, daha yaxşı anlayacaq, mən də buna sakitcə baxacaqdım? Ödüm qopurdu imtahana gedərkən, əlimdə olsa fal açıb baxardım neçə suala cavab verə biləcəm deyə.
İllər keçdi. Dərslərə də öyrəndik. Pul işini də az-çox həll etdik. "Pis günün ömrü qısa olar" deyiblər ha, elə oldu.
Cərrahpaşada urologiya asistentiyəm. Dövlət bir qəpik maaş vermir. İş səhər saat 7-də başlayır, axşam saat 6-ya qədər, bəzən 9-adək uzanır. Özü də buradakı kimi deyil. Altmış yataqlı klinika idi. Süzdüyüm çayı 5 saat sonra içə bilirdim - iş o qədər çox olurdu.
Gecələr özəl xəstəxanalara növbətə gedirdim. Kamran, Rasim və ağamız Cəfər gecə növbətləri təşkil edirdilər.. Bir də gecələr işləyirdik. Aya 400 dollar qazanırdıq. "Allah bərəkət versin" deyib yaşayırdıq, Həftənin beş gecəsi yatmırdım bəzən. İki sutka tam yatdığım çox olub.
Amma iş bununla bitmir ki. Qorxurdum. Ac qalmaqdan qorxurdum. Tələbəçiliyimdəki kimi aylarla quru pendir-çörəyə möhtac qalmaqdan qorxurdum. Türkiyə vətəndaşı deyildim. Maaş verməyəcəklərdi. Evdən isə ömrüm boyu 3 manat pul gəllmişdi ancaq. Heç gəlməyəcəkdi də. Xalam açq sözlə demişdi mənə: "Vasif, evdəkilər sənə qara qəpik də verməyəcəklər, bunu bil". Yox idi, nə etsinlər?!
Gecələr bəzən yuxuya gedəndə də birdən hövlank oyanırdım, qan-tər içində, tez-tez nəfəs alaraq. Qorxudandı. Selda deyə bir qızdan xoşlanmışdım. Bəlkə onunla evlənim, Türkiyə vətəndaşı olum, bəlkə maaş verərlər, bəlkə ac qalmaram deyə düşünürdüm. Sonra isə "Vasif, müharibəyə getmədin, heç olmazsa camaatın ərsiz qalmış bir qızına sahib çıxarsan deyə Azərbaycandan evlən" qərarım yadıma düşür, utanırdım.
Ağlamırdım. Elə pis olan da bu idi.
Bir gün Roche firmasının nümayəndəsi Ləvənt mənə bir qutu verdi. Aurorix. O sehrli qutu. Depressiya əleyhinə vasitə idi, amma biz uroloqlar bunu tez boşalmanı müalicə etmək üçün istifadə edirdik. Amma Ləvənt bunu mənə depressiya üçün vermişdi.
Gündə bir dəfə aurorix içirdim. Düzəlmişdim nisbətən. Doğrusu, artıq laqeyd bir robot kimi həyatımı sürdürürdüm, qorxmaq üçün səbəb olduğunu bildiyim halda vecimə deyildi artıq. Deyəsən, antidepressan təsir göstərirdi.
Fəxrlə dərmanı işdəki hər kəsə göstərirdim.
-Sən hələ indimi qəbul edirsən?, - deyə qəribə bir reaksiya ilə qarşılaşdım.
Fikir verdim, soruşdurdum - ətrafımdakıların əksəriyyəti depressiya əleyhinə dərman qəbul edirdi. (Türkiyə əhalisinin 11%-i antidepressan istifadə edir. Səkkiz milyon insan edir bu. Həm də bu rəqəmə uşaq, böyük, qoca, cavan, təhsilli, savadsız da daxildir. On bir faiz).
Depressiya intiharın başlıca səbəbidir.
Depressiya psixi xəstəlik deyil. Yəni çox vaxt psixi xəstəlik deyil, sadəcə olaraq ruh halıdır.
Depressiya dərmanla müalicə edilir.
Sizin həyatda duyduğunuz bütün hiss, emosiya və əhval-ruhiyyəniz tamamilə kimyadır. Bu dünyada kimya ilə izah edilə bilməyəcək heç bir ruh hall yoxdur.
Antidepressiv dərmanlar beyindəki kimyaya təsir edərək ruh halını dəyişdirir.
Həkim məsləhəti olmadan istifadə etmək olmaz, təbii ki.
Bunun üçün həkimə gedin. Depressiya halı yaşayan biri "dəli" deyil. Əslində "dəli" sözünün özü söyüş kimi bir şeydir. İnsanın əli, qolu, dişi xəstələndiyi kimi ruhu da sağlamlığını itirə bilər. Nə də olsa kimyadır.
Mənə gəlincə isə, o qutunu axıra qədər içmədim. Heç yarısına çatmamış tulladım. Əslində təsirini tam görmək üçün ən az 21 gün içməli idim. Mənə 10 gün də kifayət etdi./musavat.com
Depressiyadan qurtulmanın çox asan yolunu tapdım.
Depressiya çox ləzzət verə biləcək bir haldır. Kefini çıxarıram o zamandan.
Doğrudur, depressiyanın "ləzzətini" çıxarmaq da bir cür dəlilikdir amma.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26