Interposta.Info

“İnsanlar yola keflərindən çıxmırlar” -

Müxtəlif
 27-01-2017, 18:32     755

“İnsanlar yola keflərindən çıxmırlar” -

"Yollardakı dəmir və beton arakəsmələrin üzərindən keçib, yolun hərəkət hissəsinə çıxan piyadaların 100 manat cərimə olunması ədalətli qərar deyil”.

interposta.info xəbər verir ki, bunu BakiPost.az-a yol nəqliyyat eksperti Tural Yusifov piyada cərimələrinin 20 manatdan 100 manata qaldırılmasıyla bağlı qanunu şərh edərkən deyib.
Onun sözlərinə görə, qanunun tətbiqindən əvvəl sözügedən yerlərə piyada keçidləri qoymaq lazımdır: "Cəriməni tətbiq etməmişdən qabaq istər piyada, istərsə də sürücünün hərəkətinə rahatlıq yaratmaq lazımdır. Onun rahat hərəkətinə şərait yaradılmalıdır. Yəni piyadanın dəmir arakəsməni keçib yola haradan çıxa biləcəyi müəyyənləşdirilməlidir.


Araşdırmaq lazımdır ki, piyada həmin yola niyə çıxır? Məsələn, aeroport şosesinə "Koroğlu” metro stansiyasını keçəndən sonra çıxa bilər. Niyə çıxır? Çünki keçdiyi ərazinin yaxınlığında piyada keçidi yoxdur. Yəni bu adam o zaman yola çıxır ki, yaxınlığında piyada keçidi yoxdur.

Həmçinin Qala yolunun qabağında "Rahat market”in yanında avtobus dayanacağı var. Sərnişin avtobusdan düşüb yolun o biri tərəfinə necə keçsin? Ona görə də birinci piyada keçidini qoymaq lazımdır. Sonra piyadalara bildirmək lazımdır ki, həmin əraziyə yaxın piyada keçidi var. Əgər həmin piyada keçidindən keçməyib yola çıxsan, səni 100 manat cərimə edəcəyəm. O zaman mən bunun ədalətli olduğunu qənaətində olardım. Amma indi bu qərar ədalətli deyil. İnsanlar aeroport şosesinə, Buzovna yolundakı həmin yola keflərindən çıxmırlar.

Aeroport və Mərdəkan şosesində belə bir yer var ki, Binəni keçəndən sonra şəhərə tərəf gəlirsən. Həmin ərazidəki ikinci yolda avtobus dayanacağı qoyulub. Amma dayanacaq ikinci yolda yox, həmişə əsas yolda olur. Bu adamlar yoldakı dəmir arakəsməni keçib yolun ortasında avtobus gözləyirlər. Öncə o avtobusu ikinci yola salmağa məcbur eləmək lazımdır ki, həmin marşrut dayanacağa daxil olub sərnişinləri götürsün. Sonra biz tələb edək ki, insanlar niyə yolun ortasından keçir”.

Tural Yusifov hesab edir ki, Bakıdakı piyada keçidlərindən istifadə etməyən sərnişinlər 60 manat cərimələnməlidir: "Bakıda piyada keçidi ola-ola istifadə etməyənlər var. Onların cəriməsi 20 manatdır. Amma bu cərimə azdır. Onların cəriməsi 60 manat olmadır. Bununla razıyam. Çünki keçid olduğu halda keçmirlər”.

Xatırladaq ki, bu gün bəzi KİV-lərdə belə bir məlumat yayılıb ki, ötən ilin sonlarında yollardakı dəmir və beton arakəsmlərin üzərindən keçib yolun hərəkət hissəsinə çıxan piyadaların 15 günədək inzibati həbs olunması ilə bağlı Milli Məclisə göndərilən qanun layihəsi dəyişdirilib. Təklif məqbul sayılmadığı üçün başqa cərimənin tətbiq edilməsi istənilib. Belə ki, həmin qayda pozuntusuna görə piyadalar həbs olunmayacaqlar. Onlar 100 manat məbləğində cərimə ediləcəklər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26