Interposta.Info

 

“CinemaPlus” kinoteatrlar şəbəkəsində “Klassik Azərbaycan filmlərinin retrospektiv baxışı” keçiriləcək - FOTO

Mədəniyyət
 3-08-2023, 22:41     2 105

Azərbaycan Kinosu Günü münasibətilə “CinemaPlus” kinoteatrlar şəbəkəsində “Klassik Azərbaycan filmlərinin retrospektiv baxışı” keçiriləcək.

Oxu.Az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Xalq artistləri Rasim Balayev, Vaqif Mustafayev, Əməkdar incəsənət xadimi Ayaz Salayev, Əməkdar artist Zemfira Sadıxova və digər bir sıra əməkdar incəsənət xadimləri, kino rejissorlar, tanınmış aktyorlar, kino həvəskarları və mətbuat nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü münasibətilə Azərbaycan kinosunun 125, “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibətilə “CinemaPlus” premium kinoteatrlar şəbəkəsində Mədəniyyət Nazirliyi, Kino Agentliyi və “Azərbaycanfilm” kinostudiyası ilə birgə avqustun 3-dən 10-dək “Klassik Azərbaycan filmlərinin retrospektiv baxışı” təşkil olunacaq.

Retrospektiv baxış müddətində “CinemaPlus” kinoteatrlar şəbəkəsində aşağıdakı filmlərin nümayişi nəzərdə tutulub. “Arşın mal alan”, “Bəxtiyar”, “O olmasın, bu olsun”, “Ögey ana”, “Uzaq sahillərdə”, “Əhməd haradadır? ”, “Sehrli xalat”, “Bir cənub şəhərində”, “Bizim Cəbiş müəllim”, “Şərikli çörək”, “Axırıncı aşırım” , “Gün keçdi”,. “Nəsimi” , “Əzablı yollar”, “Evlənmək istəyirəm”, “Bəyin oğurlanması”, “Cin mikrorayonda”, “Atları yəhərləyin”, “Süd dişinin ağrısı”, “Yaramaz”, “Ölsəm bağışla” filmləri nümayiş olunacaq.
“CinemaPlus” bütün kinosevərlər və milli kinomuza dəyər verənləri səbirsizliklə gözləyir. Ətraflı məlumat “CinemaPlus”un sosial şəbəkə hesablarında və kinoteatrın saytında qeyd olunacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26