Interposta.Info

“Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanuna dəyişiklik edildi

Mədəniyyət
 26-04-2022, 16:13     826

Milli Məclisdə “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Birinci vitse-spiker Əli Hüseynli bildirdi ki, Milli Məclisin 4 komitəsi layihəni müzakirə edib. Vitse-spiker bu qanuna Şuşa şəhərinin adından istifadə edilməsi haqqında maddənin əlavə edilməsi zərurəsindən danışdı. O bildirdi ki, adlardan istifadə problem olaraq qalır. Şuşa haqqında qanuna bir maddənin əlavə edilməsi ilə problem həllini tapmış olur.

Ə.Hüseynli dedi ki, növbəti mərhələdə adlardan istifadə ilə bağlı Mülki Məcəlləyə dəyişiklik edilməsi nəzərdə tutulur. Bu maddəyə əsasən, Şuşa şəhərinin adından istifadənin qadağan edildiyi barədə fikirləri təkzib edən Ə.Hüseynli burada tənzimlənmənin nəzərdə tutulduğunu vurğularaq, bildirdi ki, burada müvafiq icra hakimiyyəti orqanı ilə razılaşmadan söhbət gedir. “Beləliklə, bu qanun həm Şuşa sözündən, həm də Şuşa sözü ilə bağlı söz birləşmələrindən istifadəni tənzimləyir”, - Ə.Hüseyni bildirdi.

Şuşa adından indiyədək istifadə olunduğunu və bu addımların həm də Şuşanı yaşatdığı barədə fikirlərlə razılaşdığını da qeyd etdi. Ancaq bildirdi ki, sahibkarların, hüquqi subyektlərin narahatlığına əsas yoxdur. Çünki qanunun geriyə tətbiqi mümkün deyil, yalnız yüngülləşdirici hallarda tətbiq mümkündür. Amma qanunun qəbulundan sonra artıq Şuşa adından istifadə məsələsi qanunla tənzimlənəcək.

Komitə sədrləri Tahir Mirkişili, Qənirə Paşayeva, Adil Əliyev də qanun layihəsini dəstəklədilər.

Bu qanuna dəyişiklikdən irəli gələrək, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Mədəniyyət haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanuna dəyişikliklər də ilk oxunuşda qəbul edildi.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26