Türkiyəli teatr xadimləri Musiqili Teatrda

Türkiyənin Kocaeli Universitetinin Səhnə Sənətləri Bölümünün rəhbəri,
professor Sema Göktaş və həyat yoldaşı - “Yeni Tiyatro” dərgisinin təsisçisi və baş
redaktoru, doktor Erbil Göktaş Azərbaycan Dövlət Musiqili Teatrında olublar.
"XeberBiz" xəbər verir ki, qonaqları Azərbaycan Dövlət Musiqili Teatrının direktor müavini,
sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova qəbul edib. Görüşdə
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elm və yaradıcılıq
işləri üzrə prorektoru, professor Məryəm Əlizadə və Rəssamlıq Akademiyasının
müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mətanət Nəsirova da iştirak ediblər.
Səmimi və işgüzar şəraitdə keçən görüşdə iki qardaş ölkə arasındakı mədəni
əlaqələrdən söhbət açılıb, bir sıra yaradıcı təkliflər səsləndirilib, Türkiyəli
sənətkarlar Musiqili Teatrın yaranma tarixi, 109 illik yaradıcılıq yolu, inzibati
binası, ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə burada aparılan mükəmməl
təmir işlərindən sonrakı fəaliyyəti və mövcud şəraiti ilə də yaxından tanış olublar.
Teatrın repertuarında olan tamaşalarla maraqlanan Sema və Erbil Göktaşlar
Musiqili Teatrın möhtəşəm səhnəsində milyonların sevimli gülüş ustası, Xalq
artisti, “Şöhrət” ordenli Afaq Bəşirqızının iştirakı ilə “Toya bir gun qalmış”
(Ə.Səmədli, quruluşçu rejissor Əməkdar incəsənət xadimi Əsgər Əsgərov)
tamaşasına baxıblar. Bu səhnə əsərinin quruluşunu çox bəyənən hər iki tanınmış
qonaq heyranlıqlarını gizlətməyiblər, növbəti səfərlərində də mütləq Musiqili
Teatra gəlmək, tamaşaları seyr etmək niyyətlərinin olduğunu bildiriblər. Türkiyəyə
dönərkən onlar Musiqili Teatrla bağlı təəssüratlarını qələmə alacaqlarını, həmçinin,
yaxın gələcəkdə Azərbaycanın görkəmli teatr xadimlərinin, teatrşünaslarının
yazılarını böyük məmuniyyətlə öz dərgilərində görmək istədiklərini vurğulayıblar.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26