Interposta.Info

İttifaqdan açıqlama: Rasim Balayev 1300 manat təqaüd alır

Mədəniyyət
 20-11-2017, 22:54     10 812

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Xalq artisti Rasim Balayevlə bağlı açıqlama yayıb.

interposta.info-ın xəbərinə görə, qurumdan Qafqazinfo-ya daxil olan açıqlamada bildirilib ki, R.Balayev Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü deyil.

“O, rəhbəri Rüstəm İbrahimbəyov olan ittifaqın üzvü, eyni zamanda, katibidir, hazırda da o vəzifəni daşıyır. Amma buna baxmayaraq, Rasim Balayevin vəziyyətinin ağır olmasından xəbər tutduqdan sonra İttifaqının sədri şəxsən Şəfiqə Məmmədovanın göstərişi ilə onunla əlaqə saxlanılıb, vəziyyəti ilə maraqlanılıb. Ona “Nə kömək lazımdır, edə bilərik” deyilib. Lakin Xalq artisti Rasim Balayev bildirib ki, “Jurnalistlər mənim haqqımda tamamilə yalan məlumat verib. Mənim vəziyyətim əladır, heç bir köməyə ehtiyacım yoxdur””.

İttifaqın açıqlamasında o da qeyd edilib ki, R.Balayev ayda 1300 manat Prezident təqaüdü, 1000 manat şəxsi təqaüdü, “Xalq artisti” adına görə 100 manat, orden və medallarına görə də müəyyən ödənişlər alır: “Bundan əlavə, reklam və seriallara da çəkilir və özünün də dediyi kimi, istədiyi qonorarı ala bilir. Buna baxmayaraq, Rasim Balayev istənilən vaxt qurumumuza müraciət edərsə, ona kömək göstərməyə hazırıq. Şəfiqə Məmmədovanın dediyi kimi, “çünki o, Rasim Balayevdir”.

Xatırladaq ki, bu günlərdə R.Balayev “Respublika Kinematoqrafçılar İttifaqından sizinlə maraqlanan olubmu” sualına “Yox, istəmirəm də”, - deyə cavab verib.

Qeyd edək ki, Xalq artisti Rasim Balayevin səhhəti ilə bağlı məsələni gündəmə deputat Zeynəb Xanlarova gətirib. O, parlamentə çıxış edərək deyib ki, R.Balayevin dərman almağa pulu yoxdur: “Mən millətin adından xahiş edirəm ki, onunla məşğul olsunlar. Aldığı pul nədir ki, onu da dərmanlara versin?”

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26