Interposta.Info

Deputatın ölümü: yəhudilər şənbə günü niyə dəfn etmirlər?

Ölkə
 7-12-2019, 17:43     365

Azərbaycanın yəhudi əsilli deputatı Yevda Abramovun vəfatı ilə bağlı qızı Bəsti Yusifova bildirib ki, dünyasını dəyişən şəxsin şənbə günü torpağa tapşırılması onların adət-ənənəsinə uyğun deyil.

Bu məsələdən çıxış edərək yəhudilərin dünyasını dəymiş şəxsin niyə məhz şənbə günü dəfn olunmamasını araşdırıb.

Məlumata görə, yəhudilərdə şənbə Allahın istirahət günü sayılır. Ona görə də şənbə günü heç bir iş görmürlər. Yəhudi təliminə əsasən, şənbəyə (“şabbat”) müqəddəs gün kimi ehtiram göstərilməlidir. O deməkdir ki, həmin günü Allaha həsr etməli və hər cür əmək fəaliyyətindən çəkinilməlidir. Yalnız təxirəsalınmaz fəaliyyət formalarına (təcili yardım, polis, yanğınsöndürmə və s.) icazə verilir.

Evdə təsərrüfat işləri ilə məşğul olmaq, məsələn, paltar yumaq, yemək hazırlamaq, süpürmək də qadağandır. Həmin gün maşın sürməyə, ölüləri dəfn etməyə və s. işlərə də icazə verilmir. Həmçinin, yəhudilərdə şənbə günü balıq ovlamaq da qadağandır.

Yas saxlamaq yalnız yaxın qohumlara şamil edilir: ata, ana, oğul, qız, bacı, qardaş (ögey olsa belə), həyat yoldaşı…

Yəhudilərdə yaxını vəfat etmiş qohumlara saç kəsdirmək, üz qırxmaq, yuyunmaq, kosmetikadan istifadə etmək, təntənəli mərasimlərdə, şənliklərdə iştirak qadağandır. Yas saxlayan həmçinin ət yeməməli, şərab içməməli, ağır iş görməməli, sənətkarlıqla, ticarətlə məşğul olmamalıdır. O, hətta dua oxumaqdan, xeyir-dua verməkdən belə azad edilir.

Yəhudi şəriətində dəfn mərasimində həddi aşmaq, ifrata varmaq doğru hesab olunmur. Vay-şivən qoparıb üz cırmağa, saç yolmağa, bədənə xəsarət yetirməyə və s. qətiyyən yol verilməməlidir. Lakin bunun əvəzində imkana görə kasıb insanlara sədəqə vermək adəti var.

Mərhumun dəfnindən sonra təşkil olunan ehsan süfrəsi haqqında xüsusi vurğulanmalıdır ki, yəhudilikdə bu məsələ, ilkin mərhələdə İslamda olduğu kimi, mərhumun qonşuları və dostlarının üzərinə düşür. Onlar yas saxlayanlara qayğı göstərməli və öz evlərindən yemək gətirməlidirlər. Adətən çörək, yumru kökə və suda qaynadılmış yumurta hazırlanır. Bunun da öz mənası var. Dairəvi formaya məxsus bu qidalar hüzn və kədərin “diyirləndiyini” - dünyada hər bir insanın onunla qarşılaşacağını xatırladır.

Dəfndən sonra yeddi gün yas saxlanılır və bu müddət ərzində müəyyən qaydalar tətbiq olunur. Məsələn, yas saxlayan şəxs şənbə günü sinaqoqa getmək istisna olmaqla, evdən bayıra çıxmır, təzə paltar geyinmir, intim münasibətlər yaşamır, dırnaq tutmur və bu kimi qadağalara riayət edir. Yas saxlanılan evdə güzgülər örtüklə örtülür, mərhumun canını tapşırdığı otaqda onun ruhuna yeddi gün şam yandırılır. Yəhudilikdə yeddisindən sonra iyirmi üç gün də əlavə yas saxlanılır ki, bununla da bir ay tamamlanmış olur.

Əgər mərhum ata, yaxud anadırsa, övladları on iki ay, yəni bir il yas saxlayırlar.

Ənənəyə görə, yeddisindən sonra qəbirə başdaşı qoyulur. Bu, ailənin bütün üzvlərinin üzərinə düşən vəzifədir. Başdaşı sadə olmalı, insan, yaxud heyvan rəsmləri çəkilməməlidir. Qəbrin üzərinə əklil qoymaq da olmaz./axar.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26