Sevil və Sevinc polis bölməsinə çağırılmalarından danışdılar
Müğənni bacılar Sevil və Sevinc tərəfindən Yasamal Rayon Polis İdarəsinə çağırılmaları barədə yayılan xəbərlərə münasibət bildirilib.
Səfərovaların prodüseri Mehri Əliquliyeva musavat.com saytına açıqlamasında deyib ki, bacılar adlarının bu cür xəbərdə hallanmasını istəmir: “Onlar sözlərini sosial şəbəkədə yazdılar. Bu cür xəbərlərlə adlarının ləkələnməsini istəmirlər. Söhbət artıq bağlanıb. Sevil və Sevinc işləri ilə gündəmə gəlməyi üstün tuturlar”.
Müğənni bacılar sosial şəbəkədə məsələyə belə münasibət bildiriblər: “Əslində, bilmirəm ki, dərdimlə baş-başa qalım, yoxsa bu məsələyə münasibət bildirim. Bizi nüfuzdan salmağa sizə heç kim ixtiyar vermir. Sevgi çox təhlükəlidir. Əlçatmaz sevgidən həmişə qorxmuşam, çünki təhlükəli olur. Tanımadığımız, bilmədiyimiz biri ifadəsində adımızı çəkib. Çox şükür ki, Yasamal Rayon Polis İdarəsinin müstəntiqi işi peşəkar aparıb. O, təqsirləndirilən şəxsin ifadəsinin yanlış olduğunu açıqlayıb. Adımızın bu cür xəbərlərdə hallanmasına üzüldük”.
Qeyd edək ki, məsələ ilə bağlı ilk məlumatı Ölkə.az saytı yayıb. Məlumata görə, altı min manat civarında oğurluq edən gənc oğlan Yasamal polisi tərəfindən saxlanılıb. Həmin şəxs ilkin ifadəsində oğurladığı məbləğin böyük qismini pərəstişkarı olduğu Sevil-Sevinc bacılarına xərclədiyini bildirib. Müğənni bacılar şahid qismində ifadə vermək üçün polis bölməsinə dəvət ediliblər.
Yasamal Rayon Polis İdarəsindən də oğurluq faktı ilə bağlı başlanılan cinayət işində müğənni Sevil və Sevinc bacılarının şahid qismində dindirilməsini təsdiq ediblər.
İşi araşdıran müstəntiq "Ölkə.az"-a bildirib ki, müğənni bacılar həqiqətən istintaqda şahid qismində cəlb olunublar və təqsirləndirilən şəxslə üzləşdiriliblər.
Üzləşmə zamanı təqsirləndirilən şəxsin verdiyi ifadə öz təsdiqini tapmayıb. Yəni oğurladığı pulların bacılara yox, digər şəxslərə xərcləndiyi məlum olub.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26