Interposta.Info

Müğənni Fədayə Laçının məhkəməsi başladı

Maqazin
 13-12-2017, 12:23     9 292

Müğənni Fədayə Laçının məhkəməsi başlayıb.

"XeberBiz" Musavat.com-a istinadən xəbər verir ki, işə Nəsimi Rayon Məhkəməsində baxılır.

O, məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilir.

Qeyd edək ki, bu il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Fədayə Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham edilir.

Xatırladaq ki, Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan dustaqlar Əli Ağami və Etibar Məmmədov qaçmışdı. E.Məmmədov saxlanılan zaman atışmada ölüb. Əli Ağami isə saxlanılıb.

Öldürülən E.Məmmədovla sevgili olan F.Laçın ittihamları qəbul etmir.

***
12.17

Məhbusların xüsusi təyinatlı vaqondan qaçmasına kömək etməkdə təqsirləndirilərək həbs olunan müğənni Fədayə Məmmədovanın (Laçın) ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatət üzrə məhkəmə prosesi başlayıb.

"XeberBiz" Trend-ə istinadən məlumatına görə, vəsatətə Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə baxılır. Proses jurnalistlər üçün qapalı keçirilir. Prosesdə F.Laçın iştirak edir.

Qeyd edək ki, bu il oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar. Qaçan məhbuslardan Ə.Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. E.Məmmədov isə keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülüb.

Məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən 3 nəfər saxlanılıb. Onlardan biri F.Laçındır. F.Laçınla yanaşı, Məhəmməd Hacıyev və Günay Atakişiyeva barəsində də həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, hadisə ilə əlaqədar Pentensiar Xidmətin bir neçə əməkdaşı da həbs olunub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26