Interposta.Info

Azərbaycanda mənə "1 milyon verirəm" deyən olsa... – Gənc aktrisa

Maqazin
 27-07-2017, 11:06     12 297

Akademik O.Klyuçevski deyirdi ki, əgər aktyor və ya aktrisa kimi oynadığını dərk etmirsə, o özündən asılı olmadan elə özünü oynayır.

Bu gün Azərbaycan kino aləmində “özünü oynayan” aktyor və aktrisalar çoxdur. Onlar personajın cildinə girə bilmir, xarakterini göstərə bilmir, tamaşaçıda sünilik təəssüratı yaradırlar. “Arzuların ardınca”, “Xənnas”, “Sara”, “Don Marleone” və başqa filmlərdən tanıdığımız gənc aktrisa Zarina Qurbanova bir tamaşaçı kimi məndə heç vaxt sünilik təəssüratı yaratmayıb. Məncə, kinonun da canı elə təbiilikdir.

interposta.info
bildirir ki, hər zaman təbii rollar yaratmağa çalışan Zarina Teleqraf.com-un qonağıdır.

- Azərbaycanda aktrisa olmağın müsbət və mənfi tərəfləri nələrdir?

- Müsbət cəhəti deyəsən elə ancaq özümədir. Çünki sevdiyim işlə məşğulam. Xalq üçün isə müsbət tərəfi mən deyərdim ki, yoxdur. Çünki bizim xalqımız ciddi görülən işlərə dəyər vermir. Ciddi, tərbiyəvi xarakter daşıyan film, video-çarx, seriallar izlənilmir. Heç bu onlara maraqlı da deyil. Çünki əksəriyyət düşünüb bundan nəticə çıxarmaq istəmir. Amma komediya janrında olan film və ya seriala çəkildinsə və azacıq güldürdünsə, olursan hamının şirini, sevimlisi… Azərbaycanda aktrisa olmağın mənfi tərəfi də elə budur. Yəni ki, yaxşını pisdən seçən tərəzi zəifdir. Sırf sənətlə məşğul olanların dəyər və qiyməti yoxdur. Amma sənət adamları öz aralarında yaxşı bilirlər ki, kim kimdir və kim nəyə qadirdir.

- Bu sənətə istəyərək, çalışaraq gəldin, yoxsa təsadüfən?

- Aktrisalığa bu işi çox sevərək gəlmişəm. Uşaqlıqdan musiqiylə məşğul olmuşam. Vokalı və rəssamlığı bitirmişəm, rəqslə də məşğul olmuşam. Uşaqlıqdan incəsənətin bütün sahələrini sevirdim, əvvəllər müğənni olmaq istəsəm də, böyüdükcə özümü aktyor sənətində tapdım.

- Aktrisa olmaq sənə nə qazandırdı?

- Sevdiyim işlə məşğulam deyə, bu iş mənə ruhi sakitlik qazandırdı. Yəni mən bütün sevincimi, rahatlığımı məhz burda tapdım.

- Bəs nəyi itirdin?

- İtirəcəyim yəqin ki, şəxsi həyatımla bağlı oldu. Bəlkə də sənətdə olmasaydım, ailə qurardım və gözəl ana, ev xanımı olardım. Sənətdə olmaq, bizim mental düşüncənin olduğu bir cəmiyyətdə fəaliyyət göstərmək çox çətindir.

- Həyatında özəl biri varmı?

- İnsanın həyatında hər zaman ruhuna yaxın olacaq biri var əlbət ki...

- Desələr, 1 milyon verirəm, səhnəyə çıxma, razılaşarsanmı?

- Bunu başqa ölkədə desələr, yox! Amma burda desələr, artıq hə! Razılaşaram! Çünki bəzən çalışırsan, çalışırsan, ürək qoyursan, amma görürsən ki, elə qaldığın yerdəsən, sadəcə tanınırsan, vəssalam...

- Səhnədə olmaq, tanınmaq şəxsi həyatında problem yaratdımı?

- Yaratdı və yaradır. Daim diqqət mərkəzindəyəm deyə, qısqanclıqlar çox olur.

- Gözəlliyin başına bəla olurmu?

- Həmcinslərim tərəfdən qısqanclıq olur, bu normaldı. Amma mən özümü gözəl saymıram, sadəcə, maraqlı insanam.

- Aktrisa üçün gözəllik önəmlidir, ya istedad?

- İstedad, istedad, yenə də istedad. O olmasa maraqlı olmayacaq. Davamını gətirib başqa-başqa personajları canlandıra bilməyəcək.

- Bu sənətdə kumirin var?

- Var: Mehriban Zəki, Fuad Poladov, Rasim Cəfər!

- Sənə kimlər dəstək olur?

- Əvvəllər dəstək olmayan ailəm!

- Onları necə yola gətirdin?

- Sənətimi necə sevdiyimi gördülər.

- Karyeranı nəyə qurban verə bilərsən?

- Ailəyə. Açığı, əvvəl belə düşünmürdüm, amma indi dərk edirəm ki, ən önəmlisi elə ailədi!

- Gələcək həyat yoldaşın səhnəyə çıxmağa, filmlərə çəkilməyə qadağalar qoysa, razılaşarsan?

- Yenə də deyirəm, ailə önəmlidir. Amma həyat yoldaşımın mənə verəcəyi həyata da baxaram. Amma düzü, mən çox dinamik olduğum üçün bir yerdə qalacaq adam deyiləm, tam evdar xanım ola bilmərəm…

- Çəkiliş meydançalarında ən xoşladığın və ən sevmədiyin məqamlar hansılardır?

- Ən sevdiyim məqam "motor" sözündən sonradı... Yəni ki, qəhrəmanımı canlandırdığım an. Ən sevmədiyim məqamlar isə çoxdur. Bu bizim bütün aktyorlarımızın problemidir ki, çəkiliş meydançasında çox zaman aktyorlarımıza dəyər verilmir, onlara özəl yanaşılmır. Biz hissi varlığıq və oynayacağımız rolun necə alınması sırf bizim özümüzü necə hiss eləməyimizə bağlıdı. Yəni ki, aktyor çəkiliş meydançasına gəlib sadəcə rolunu oynamalıdı. Daha yeməyinin, geyiminin, qonorarın dərdini çəkməməlidi, rahat olmalıdı.

- Daydaylı və pullu, amma istedadsızlara münasibətin?

- Bir ara yaman aktual idilər. Daydayları pul qoyurdu, bunlar da filmlərə çəkilirdilər. Amma şükürlər olsun ki, hamısı ələkdən ələndilər. Belə də olmalı idi. Bu tip "aktrisalar" cəmi bir dəfə istifadə olunacaq qab kimidirlər. Belələrinin sonrası gəlmir, çünki içləri boşdu.

- Sözü üzə deyənsən?

- Hə! Elə buna görə də yola getmədiyim çox insan var.

- Səni tamaşaçılar nəyə görə sevməlidir?

- Düşünürəm ki, səmimiliyimə görə! Məndə nə varsa, üzdədi, olduğum kimiyəm.

- Ən qıcıqlandığın situasiya necə olur?

- Nəsə xoşuma gəlmədisə, o situasiyanı görməzdən gəlirəm.

- Özünün sevmədiyin xüsusiyyətin hansıdır?

- Tez coşuram, hisslərimi gizlədə bilmirəm, nədirsə odur!

- Xarakterini 3 kəlmə ilə ifadə et.

- Çılğın, pozitiv, həssas.

- Sözünü deyə bilməyəndə hirsini necə çıxırsan?

- Kaş ki, elə sözümü deyə bilməyib, hirsimi çıxardım. İşdə də, həyatda da nəyi bəyənmədimsə, sözümü yerindəcə deyirəm, elə ona görə də bir çox insanla aram yoxdur. Daha doğrusu, onların mənimlə arası yoxdu.

- Ən pis vərdişin nədir?

- Evə gec gəlməyim… (gülür)

İşim olmasa belə, bütün gün gəzirəm.

- Eşitdiyimizə görə, rejissor olmaq istəyirsən?

- Mən rejissorluğu bitirmişəm. Gələcəkdə qismət olsa, başqa ölkədə təhsil alıb rejissor kimi davam etmək istəyirəm.

- Gənc rejissorların problemi nədir?

- Söhbət istedadlılardan gedirsə, problem sponsor tapmamaqdadır. Çox istedadlı, bacarıqlı gənclərimiz var ki, sadəcə özlərini təqdim edə bilmirlər. Çünki bir şey çəkib ortalığa çıxarmaq üçün bütün texniki maliyyə problemlərini özləri həll edə bilmirlər.

- Bugünkü filmlərimizdə başqa nə problemlər var?

- Əslində, düşünürəm ki, biz yeni inkişaf eləməyə, addımlamağa başlamışıq. Problemlər çox olsa da, pis-yaxşı filmlər çəkilməlidir. Əsas odur çəkilsin, inkişaf getsin. İndidən hər şeyin ən mükəmməlini istəməməliyik. Səhv edə-edə inkişaf edəcəyik.

- Başına gələn ən maraqlı əhvalat…

- Dincəlmək üçün və ya çəkilişlə bağlı hansısa ölkəyə gedəndə orda mütləq başıma nəsə bir iş gəlir. Çünki özüm macəra axtarıram. Bir dəfə Türkiyədə olanda çəkiliş meydançasından gizlincə çıxdım. Bir neçə saat dolaşdım, başqa-başqa adamlarla tanış oldum, ünsiyyət qurdum və yenidən heç nə olmamış kimi çəkiliş meydançasına döndüm.

- Ən sevincli günün?

- Ən sevincli günüm ilk çəkildiyim filmin premyera günü idi. Bunu çox istəyirdim. Arzuma çatmışdım. Çox həyəcanlı idim. Amma sonradan bu da adiləşdi.

- Bəs ən kədərli günün?

- Mən tək qalanda, yəni özüm-özümlə qalanda çox kədərli oluram. Ona görə də təklikdən qorxuram. Qorxuram ki, çökməyim…

- Açıq səhnələrdə çəkilən zaman problem yaşayırsan?

- Hələ ki, açıq səhnələrdə çəkilmək təklifi almamışam. Təklif gəlsə, zatən “yox” deyərəm.

- Kaprizli aktrisasan, yoxsa səninlə işləmək rahatdır?

- Məncə, bunu rejissorlar daha dəqiq deyə bilər. Amma deyilənə görə, çəkilişlərdə işçiləri incitmirəm. Yetər ki, rejissor nə istədiyini bilsin.

- Özünə rəqib gördüyün aktrisa var?

- Bəli! Hər kəs rəqibimdir! Rəqabət olmasa inkişaf olmaz. Amma təbii ki, sağlam rəqabət.

- Şöhrətpərəstsən?

- Yox. Əslində, sənətimə görə elə olmaq lazımdır. Təki hamı tanısın, reklamım olsun. Amma mən belə şeyləri bacarmıram.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26