Interposta.Info

“Eurovision-2017”-dəki təmsilçimiz “Dihaj”:

Maqazin
 14-03-2017, 18:28     469


Ukraynanın paytaxtı Kiyevdə mayın 9-dan 13-ə kimi "Eurovision-2017” mahnı müsabiqəsi keçiriləcək. Müsabiqədə 43 ölkənin təmsilçiləri öz ifaları ilə birincilik uğrunda mübarizə aparacaq. Ölkəmizi isə Diana Hacıyeva "Skeletons” adlı mahnı ilə təmsil edəcək. Bəstənin müəllifləri bəstəkar prodüser İsa Məlikov və Sandra Byormandır.

"Dihaj” təxəllüsü ilə ölkəmizi təmsil edəcək Diana kimdir?

Diana Hacıyeva 1989-cu ildə Bakı şəhərində anadan olub. Uşaqlıqdan musiqi ilə məşğul olub. Fortepiano dərsləri alıb və caz musiqisi ilə maraqlanıb. 2006-cı ildə Bakı şəhərində 16 saylı orta məktəbi bitirib. Bundan sonra Bakı Musiqi Akademiyasına daxil olub. "Xor dirijorluğu" peşəsinə yiyələnib. Bu illər ərzində caz ilə professional şəkildə məşğul olmağa başlayıb. Hazırda Bakı Caz Mərkəzində çalışır. "Bəri bax” kollektivinin solistidir.

Gənc müğənni 2009-cu ildə keçmiş "Radio & Video" rok-qrupunun gitaristi Əli Nəsirovla ailə həyatı qurub. Onların 2014-cü ilin noyabr ayında qız övladları dünyaya gəlib.

"Dihaj” adlı qrup ifaçının adını daşıyır...

Sənətçi "Dihaj" adlı qrupun solistidir. 2015-ci ilin iyun ayında yaranan qrup Qafqazın ən yaxşı debüt mükafatını qazanıb. Qrup gitaraçı Anar Abdullayev, solist Diana Hacıyeva və həyat yoldaşı Əli Nəsirovdan ibarətdir. Müxtəlif ölkələrdə konsert verən ifaçılar ötən ilin sonlarında sözlərini Uran, musiqisini "Dihaj”a məxsus "Eşqini aşağı sal” mahnısına çəkilən klipi təqdim edib. Ekran işi sosial problemləri özündə əks etdirir. Eyni zamanda klipdə cəmiyyətdəki məişət mövzularına toxunulub, sosial mesaj verilib.

Diananın ilk "Eurovision” cəhdi...

2010-cu ildə Diana Hacıyeva "Eurovision-2011” mahnı müsabiqəsində Azərbaycanı təmsil etmək üçün milli seçimlərə qatılıb. Təsnifatı keçən Diana 77 iştirakçının yer aldığı yarımfinallarda 6-cı yarımfinalda yer alıb. 20-24 dekabr arasında çıxış edən Diana Hacıyeva sonda 7 xal toplayıb və qrupda 4-cü yeri tutub.

Diananın "Eurovision” düşüncələri...

İctimai Televiziya 5 dekabr 2017-ci ildə ölkəmizi Diana Hacıyevanın təmsil edəcəyini açıqlayıb. Bundan sonra təmsilçimiz media nümayəndələri ilə bir araya gələrək müsabiqə haqda fikirlərini bölüşüb: "Məni münsiflər heyəti seçib. Onlara təşəkkür edirəm. Hər dövrün öz tələbi var, cəmiyyət dəyişib. Məni dinləyənlərin sayı günü-gündən çoxalır. Bu, çox yaxşı göstəricidir. Mən ora təcrübə kimi baxıram. Müsabiqədə özümə xəyanət etməyəcəyəm, öz tərzimdə mahnı oxuyacağam. Əsas odur ki, qalib olaq. Bunun üçün çalışacağam. Tək məqsədim ölkəni layiqincə təmsil etməkdir”.

Qeyd edək ki, Diana Hacıyeva müsabiqənin mayın 9-da keçiriləcək 1-ci yarımfinalında çıxış edəcək./Musavat.com

 

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26