Binəqədi-Xocəsəndə yağış problemi sistemsizlik, məsuliyyətsizlik və şəhərsalma böhranı - VİDEO
Xocəsənda yağış problemi: sistemsizlik, məsuliyyətsizlik və şəhərsalma böhranı
Binəqədi rayon Xocəsən qəsəbəsi, Aprel və Zəfəri küçəsi, döngə 2-də baş verən son hadisələr bir daha göstərir ki, urbanizasiya prosesinin plansız və nəzarətsiz şəkildə aparılması ciddi sosial və infrastruktur problemlərinə gətirib çıxarır. Normadan artıq yağan yağış suları nəticəsində sakinlərin ziyan çəkməsi təkcə təbii hadisənin nəticəsi deyil, həm də illərlə yığılıb qalan idarəetmə boşluqlarının məntiqi sonluğudur.
Sakinlər bildirir ki, dəfələrlə aidiyyəti dövlət orqanlarına müraciət etsələr də, problemlərinə real həll tapılmayıb. Bu fakt dövlət-vətəndaş münasibətlərindəki etimad böhranını açıq şəkildə ortaya qoyur. Əgər vətəndaşın müraciəti cavabsız qalırsa və ya formal yanaşma ilə “həll edilmiş” kimi təqdim olunursa, bu artıq rayon icra hakimiyyətinin idarəetməsinin effektivliyini şübhə altına alır.
Ərazidə aparılan çəkiliş zamanı evlərin plansız şəkildə tikilməsi xüsusilə diqqət çəkir. Bu, şəhərsalma qaydalarının pozulduğunu və tikinti prosesinə lazımi nəzarətin həyata keçirilmədiyini göstərir. Plansız tikililər isə öz növbəsində kanalizasiya, drenaj və digər mühüm infrastruktur sistemlərinin düzgün qurulmamasına səbəb olur. Nəticədə isə ən kiçik təbii hadisə belə böyük fəsadlara yol açır.
Yağış sularının axıdılması üçün nəzərdə tutulan sistemlərin ya ümumiyyətlə olmaması, ya da qeyri-kafi səviyyədə qurulması bu problemin əsas səbəblərindən biridir. Müasir şəhərsalma prinsiplərinə görə, hər bir yaşayış massivində yağış sularının idarə olunması üçün kompleks drenaj sistemi mövcud olmalıdır. Xocəsənda isə bu sistemin ya nəzərə alınmadığı, ya da formal şəkildə tətbiq edildiyi aydın görünür.
Mövcud vəziyyət rayon icra hakimiyyətinin vaxtında tədbir görməməsinin “bariz nümunəsi” kimi qiymətləndirilə bilər. Bu isə məsuliyyət məsələsini gündəmə gətirir. Belə hallarda təkcə problemi qeyd etmək kifayət deyil — eyni zamanda məsul qurumların cavabdehliyi və hesabatlılığı da təmin olunmalıdır.
Nəticə etibarilə, Xocəsənda baş verənlər lokal bir hadisə kimi yox, ümumi Bakını, şəhərsalmanın probleminin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Problemin həlli üçün isə aşağıdakı addımlar zəruridir: plansız tikililərə nəzarətin gücləndirilməsi, müasir drenaj sistemlərinin qurulması, vətəndaş müraciətlərinə operativ reaksiya verilməsi və ən əsası, məsul qurumların və şəxslərin fəaliyyətində şəffaflığın təmin edilməsi.
Əks halda, hər yağışdan sonra eyni mənzərənin təkrarlanması qaçılmaz olacaq.
Goldmedia.az hadisə yerindən hazırlanmış sujeti təqdim edir:
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26

