31 Mart – Azərbaycanlıların Soyqırımı Günü: tarixi həqiqətlər və milli yaddaşın qorunması

Erməni millətçiləri tarixin müxtəlif dövrlərində mifik “Böyük Ermənistan” ideyasını reallaşdırmaq üçün etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Bu siyasət çərçivəsində 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik silahlı dəstələri Bakı Sovetinin mandatı altında azərbaycanlılara qarşı kütləvi şəkildə qırğınlar törətmişdilər. Həmin dövrdə təkcə, Bakı deyil, həmçinin Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan, İrəvan və digər bölgələrimizdə azərbaycanlıların vəhşicəsinə qətlə yetirilməsi ilə nəticələnən cinayətlər baş vermişdir.
1918-ci ilin mart-aprel aylarında erməni silahlı dəstələri yalnız azərbaycanlılara qarşı deyil, həmçinin ləzgi, yəhudi, rus, avar və talışlara qarşı da amansız hücumlar təşkil etmişdilər. Şamaxıda erməni silahlı qüvvələrinin törətdiyi cinayətlər nəticəsində 7000-dən çox insan, o cümlədən 1653 nəfər qadın, 965 nəfər isə uşaq qətlə yetirilmişdir. Quba qəzasında 122 kənd tamamilə dağıdılmış, 2750-dən çox ev yandırılmış, 4000-dən artıq insan amansızcasına öldürülmüşdür. Bakı şəhərində 30 mindən çox azərbaycanlı hədəfə alınmış, İrəvanda isə daşnak hökuməti qısa müddətdə azərbaycanlı əhalinin 60%-ni məhv etmişdir. Rəsmi mənbələrə əsasən, bu soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı öldürülmüş, on minlərlə insan itkin düşmüşdür.
1998-ci il mart ayının 26-da Ulu Öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 31 mart tarixi rəsmi olaraq Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Bu qərar ilə tarixi ədalətin bərpa edilməsi və dünya ictimaiyyətinə real faktların çatdırılması üçün sistemli tədbirlər planı təsdiq edilmişdir. 2007-ci ildə Quba şəhərində stadionun təmiri zamanı aşkarlanan kütləvi məzarlıq erməni vəhşiliyini bir daha sübut etmişdir. Aparılmış tibbi ekspertiza və antropoloji araşdırmalar nəticəsində 500-dən çox insan qalıqları aşkar edilmiş, onların 50-dən çoxunun uşaqlara, 100-dən artığının isə qadınlara aid olduğu sübuta yetirilmişdir.
Azərbaycan dövləti bu qanlı hadisələrin unudulmaması üçün ardıcıl addımlar ataraq soyqırımı faktlarının dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyətini davam etdirmişdir. Bununla əlaqədar olaraq, Prezident İlham Əliyevin 2018-ci ildə imzaladığı “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam soyqırım cinayətlərinin beynəlxalq səviyyədə tanıdılması yolunda mühüm addımlardan biri kimi tarixə düşmüşdür. Belə ki, Azərbaycan alimləri və tarixçilərinin apardıqları araşdırmalar nəticəsində sözügedən hadisələrin miqyası daha geniş şəkildə sübuta yetirilmiş, çoxsaylı arxiv sənədləri və faktlarla erməni millətçilərinin törətdiyi cinayətlər öz təsdiqini tapmışdır.
2013-cü il sentyabr ayının 18-də Quba şəhərində yaradılmış beş hissədən ibarət və ümumi sahəsi 3,5 hektar olan “Soyqırımı Memorial Kompleksi” azərbaycanlıların tarixi yaddaşında mühüm rol oynayır. Bu kompleksin yaradılması ilə 1918-ci il mart-aprel hadisələrinin qurbanlarının xatirəsi əbədiləşdirilmiş, faciənin miqyasını əks etdirən tarixi eksponatlar nümayiş olunmuşdur. Memorial kompleks təkcə, azərbaycan xalqının deyil, həm də beynəlxalq ictimaiyyətin bu hadisələr barədə məlumatlandırılması üçün vacib bir platformaya çevrilmişdir.
“31 Mart – Azərbaycanlıların Soyqırımı Günü” təkcə, anım günü deyil, həm də tarixi ədalətin bərpası uğrunda mübarizənin simvoludur. Azərbaycan xalqına qarşı törədilmiş bu faciələr unudulmamalı, dünya ictimaiyyətinə çatdırılmalı və beynəlxalq hüquq çərçivəsində bu cinayətlərə lazımi hüquqi qiymət verilməlidir. Bu hadisələrin nəsildən-nəslə ötürülməsi, onların dərindən öyrənilməsi və dünya miqyasında tanıdılması gələcək nəsillərin tarixi yaddaşının qorunmasına xidmət edəcəkdir.
Bu gün Azərbaycan dövləti və xalqı bu tarixi həqiqətlərin unudulmaması üçün öz səylərini davam etdirir və soyqırımı qurbanlarının xatirəsini əbədi yaşatmaq üçün müxtəlif tədbirlər həyata keçirir. Soyqırım qurbanlarının ruhuna ehtiram əlaməti olaraq, bu hadisələrin bütün dünyada tanıdılması və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması bizim tarixi borcumuzdur.
Milli Məclisin deputatı Rövşən Muradov
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26