Milli Məclisin deputatı Rövşən Muradov: 20 Yanvar faciəsindən 35 il ötür
Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 1990-cı ilin 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən unikal səhifə, Azərbaycan Respublikasının müstəqilliyi taleyinə əhəmiyyətli təsiri olan dönüş anıdır. Hər birimizin milli yaddaşında “Qara Yanvar”, “Qanlı Yanvar” və ya sadəcə “20 Yanvar” faciəsi kimi qalan o müdhiş gecədən bizi tam 35 il ayırır.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30 radələrində keçmiş SSRİ-nin müxtəlif təyinatlı qoşun hissələri fövqəladə vəziyyət elan etmədən qəflətən Bakı şəhərinə yeridilərək, küçə və meydanlarda toplaşan dinc və əliyanın əhaliyə qarşı müxtəlif çaplı silahlahdan atəş açmışlar. Nəticədə yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış yaxud da itkin düşmüşdür. Belə ki, fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək artıq hərbi qulluqçular 82 nəfəri aman vermədən qətlə yetirmiş, 20 nəfəri isə ölümcül yaralamışdılar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə, yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində daha 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı Neftçala və Lənkəran rayonlarında isə 25-26 yanvar tarixlərində yenə 8 nəfər qətlə yetirilmişdir. Ümumilikdə isə, bu hadisələrdə 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət və şəxsi əmlaklar məhv edilmişdir.
Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri də öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını məhv etmək idi. Qoşun hissələrinin hərbçiləri günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi. Xalqın başına gətirilən bu cinayət keçmiş SSRİ-nin iç üzünü bəyan etməklə ortaya qoydu. Əslində keçmiş SSRİ rəhbərliyinin Bakıda bu qanlı hadisəni törətməklə ittifaqa üzv olan digər respublikalara göz dağı vermək planı, SSRİ-ni zor gücünə saxlamaq təşəbbüsü də boşa çıxmış oldu.
20 Yanvar faciəsi xalqımızın yaddaşında hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsi kimi qalıb və Azərbaycanın yeni tarixi şəhidlərin qanı ilə yazılıb və bu hadisə xalqımızın qəhrəmanlıq dastanında ən parlaq səhifələrdən biri hesab edilir.
Biz dövlət müstəqilliyimizin bərpası, azadlığımız üçün ilk növbədə 20 Yanvar şəhidlərinə borcluyuq. Yanvar faciəsinin ertəsi günü o vaxt Moskvada yaşayan ümummilli lider Heydər Əliyev Azərbaycanın Rusiyadakı daimi nümayəndəliyinə gəlib, orada xalqımızın kədərini bölüşüb və kommunist rejiminin respublikamızda həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pisləyən bəyanatla çıxış etmişdir. Böyük liderin bu addımı xalqımıza güc verməklə yanaşı, ona həm dayaq və həm də dəstək olmuşdur.
O zaman SSRİ-nin digər bölgələrində, o cümlədən Tbilisidə və Baltikyanı respublikalarda baş vermiş hadisələr sovet rəhbərliyi, xalq deputatları səviyyəsində müzakirə olunsa da, 20 Yanvar hadisələri şüurlu şəkildə təhrif olunmaqla çalışılırdı ki, unudulsun. Belə ki, SSRİ prezidenti Mixail Qorbaçov Azərbaycanda həyata keçirilmiş əməliyyata yalnız bir dəfə, 1991-ci ildə, 20 yanvarın ildönümündə Azərbaycan xalqına başsağlığı verməklə kifayətlənmişdi.
Həmin vaxtlarda 20 Yanvar hadisələrinə düzgün və obyektiv hüquqi-siyasi qiyməti Heydər Əliyev vermişdir. Belə ki, onun təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 21 noyabr 1990-cı il tarixində sözügedən faciə ilə əlaqədar olaraq siyasi qərar qəbul etmişdir. Heydər Əliyev həmçinin, Azərbaycan SSR Ali Sovetinin 7 mart 1991-ci il tarixli sessiyasında çıxışı zamanı keçmiş SSRİ-nin 1990-cı il yanvarın 20-də Azərbaycan xalqına qarşı hərbi təcavüzünü də bəyan etmişdir. Beləliklə də, milli azadlıq hərəkatının mərkəzinin Bakıdan Naxçıvana keçməsi və hərəkatın başında məhz Heydər Əliyev kimi təcrübəli liderin, görkəmli siyasət və dövlət adamının dayanması Azərbaycan cəmiyyətində qısa zaman kəsiyində milli qurtuluş ideyası ətrafında böyük təmərküzləşməyə səbəb oldu və o, xalqın arzusu və tam əksəriyyətinin təkidli tələbi ilə Azərbaycana ikinci dəfə rəhbərlik etməyə qayıtdıqdan cəmi bir neçə ay sonra, 1994-cü il yanvar ayının 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı fərman imzaladı. Fərmanda faciəyə tam siyasi-hüquqi qiymət verilməsi Milli Məclisə tövsiyə olunurdu. Bunun ardınca isə, 1994-cü il yanvarın 12-də dövlət komissiyasının geniş iclasında çıxış edən Heydər Əliyev Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 1992-ci il 19 yanvar tarixli qərarını xatırladaraq, bu qərarda 20 yanvar hadisələrinin əsl səbəblərinin açıqlanmadığını, həqiqi günahkarların aşkar edilmədiyini, iki il ərzində həmin qərarın özünü doğrultmadığını diqqətə çatdırmışdı. 1994-cü il yanvar ayının 5-də onun müvafiq fərmanı ilə Milli Məclisin müzakirəsinə təqdim olunan 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsi haqqında sənəd həmin ilin mart ayında prezidentin özü tərəfindən təsdiqlənərək, Azərbaycan xalqının öz haqqını tələb edə bildiyini, ona qarşı cinayət törətmiş caniləri mühakimə etməyi bacardığını bir daha sübut etmişdir. 1994-cü il mart ayının 29-da Heydər Əliyevin gərgin əməyinin nəticəsi olaraq “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” adlı xüsusi qərar qəbul edildi. Bununla da Azərbaycan xalqının məruz qaldığı dəhşətli faciəyə–20 yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi və 20 Yanvar - Ümumxalq Hüzn Günü elan edildi.
Dövlətimiz və xalqımız öz şəhidlərini unutmur. 20 Yanvar hadisələri Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə həm də qəhrəmanlıq səhifəsi kimi yazılıb. Həmin gün öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini uca tutan Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə yüksəldilər. Vətənin azadlığı, suverenliyi uğrunda özlərini qurban verən şəhidlərin xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır. Ümummilli lider Heydər Əliyevin dediyi kimi, “20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq o, təkcə faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin, azadlıq istəyinin oyanış günü idi. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir”.
Bu hadisələr nəticəsində şəhid olanların ailələrinin sosial vəziyyəti daim dövlətin diqqət mərkəzindədir. Prezidenti İlham Əliyevin də söylədiyi kimi, “Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur”. Bəli, Azərbaycan xalqı və dövləti 20 Yanvar şəhidlərinin xatirəsini daim uca tutur. Ulu öndərimiz Heydər Əliyevin yolunu uğurla davam etdirən prezident İlham Əliyev cənabları da şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına daim xüsusi diqqət və qayğl göstərir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Rövşən Muradov
Milli Məclisin deputatı
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26