Prezident görüşlər keçirir (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Banqladeş Xalq Respublikası Müvəqqəti Hökumətinin Baş müşaviri Məhəmməd Yunus ilə görüşüb.
"İnterPosta" xəbər verir ki, Azərbaycana əvvəlki səfərini məmnunluqla xatırlayan Məhəmməd Yunus Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə əməkdaşlığını qeyd edərək, Mərkəzin tədbirlərində yaxından iştirakını vurğuladı.
Azərbaycanın mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrildiyini deyən qonaq COP29-un qısa müddətdə uğurla təşkil edilməsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı. O, Banqladeşdən olan tələbələrə Azərbaycanda təhsil imkanı, ölkəmizlə təcrübə mübadiləsinin aparılması, 4-cü sənaye inqilabı və rəqəmsal sahədə əməkdaşlıq məsələlərini qeyd etdi.
Məhəmməd Yunus Azərbaycan Prezidentini Banqladeşə rəsmi səfərə dəvət etdi.
Prezident İlham Əliyev dəvətə görə minnətdarlığını bildirdi.
Dövlətimizin başçısı Azərbaycanın COP29-u qısa müddətdə təşkil etdiyini deyərək COP-a sədrliklə bağlı ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasına toxundu.
Söhbət zamanı ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, siyasi məsləhətləşmələr mexanizminin gücləndirilməsi və beynəlxalq təşkilatlarda əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı, Azərbaycanın ASAN və DOST təcrübəsinin Banqladeş ilə bölüşməsi məsələsi qeyd edildi.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də BMT Baş Assambleyasının 79-cu sessiyasının Prezidenti Filemon Yanq ilə görüşüb.
BMT-nin Azərbaycan ilə əlaqələrinin çox yüksək səviyyədə olduğunu deyən Filemon Yanq ölkəmizin BMT Nizamnaməsinə tam sadiq olduğunu vurğuladı.
COP29-un yüksək səviyyədə təşkil olunduğunu qeyd edən BMT Baş Assambleyasının 79-cu sessiyasının Prezidenti bu tədbirin keçirilməsinin heç də asan olmadığını, hazırlıq prosesinin cəmi 11 ay çəkdiyini vurğuladı.
Filemon Yanq Azərbaycanın yaşıl keçid və yaşıl enerji konsepsiyalarını qeyd etdi.
Qonaq BMT Baş Assambleyasının gənc, peşəkar azərbaycanlı kadrları dəstəklədiyini dedi.
Prezident İlham Əliyev Azərbaycanın qısa müddət ərzində COP29-u yüksək səviyyədə təşkil etdiyini vurğulayaraq dedi ki, bu, ölkəmizin iqlim dəyişmələri ilə bağlı mübarizədə beynəlxalq səyləri dəstəkləmək əzmini göstərir.
COP prosesində artıq ilkin irəlliləyişlərin olduğunu qeyd edən dövlətimizin başçısı COP29-da Paris Sazişinin 6-cı bəndi və beynəlxalq maliyyə qurumlarının yeni maliyyə hədəfləri ilə bağlı açıqlamaları müsbət hal kimi qiymətləndirdi.
Azərbaycan Prezidenti ölkəmizə və COP-a qarşı geniş təbliğat kampaniyasının aparıldığını dedi.
Prezident İlham Əliyev Azərbaycanın çoxşaxəli diplomatik əlaqələrinin olduğunu qeyd edərək, ölkəmizin geniş coğrafi əhatəsi olan strateji tərəfdaşlıq münasibətləri qurduğunu bildirdi.
Dövlətimizin başçısı Qlobal Cənub ölkələri ilə inkişaf etməkdə olan ölkələr arasında həmrəyliyin artırılmasının vacibliyini vurğulayaraq, dünyada mövcud olan geosiyasi arxitekturanın dəyişdirilməlisinin və ədalətin təmin olunmasının zəruriliyini bildirdi.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Monteneqronun Prezidenti Yakov Milatoviç ilə görüşüb.
Yakov Milatoviç COP29-un yüksək səviyyədə keçirilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi. O vurğuladı ki, COP29-u uğurlu tədbir adlandırmaq olar. Monteneqro Prezidenti COP29-da 80-dən çox dövlət və hökumət başçısının iştirak etdiyini dedi və bildirdi ki, bu tədbir, eyni zamanda, Azərbaycanın nailiyyətlərini dünyada göstərir.
Yakov Milatoviç vurğuladı ki, Monteneqro Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəkləyib. Qonaq Azərbaycanın işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işlərini qeyd edərək, ölkəmizin çox böyük və nadir inkişaf yolu keçdiyini məmnunluqla vurğuladı.
Azərbaycanın COP29-u qısa müddət ərzində təşkil etdiyini deyən Prezident İlham Əliyev bildirdi ki, ölkəmiz COP-a sədrliyə başladığı vaxtdan bizə qarşı feyknyus və qarayaxma kampaniyasına start verilib. Bu kampaniyada elə təqdim edilir ki, guya Azərbaycan ətraf mühiti çirkləndirir. Amma reallıq belə deyil. Dövlətimizin başçısı dedi ki, bəzi dairələr Azərbaycanın uğurlarını, inkişafını və müstəqil siyasətini həzm edə bilmirlər.
Ətraflı
Prezident İlham Əliyev Azərbaycanın 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik etdiyini də xatırlatdı.
İşğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığını deyən dövlətimizin başçısı qeyd etdi ki, ermənilər həmin ərazilərimizi minalayıblar, müharibə bitəndən indiyədək 300-dək Azərbaycan vətəndaşı minaların partlaması səbəbindən ya həlak olub, ya da ağır yaralanıb. İşğal dövründə Ermənistan şəhərlərimizi və kəndlərimizi dağıdıb.
Görüşdə ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olundu, turizm, sərmayələr sahələrində əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparıldı.
Monteneqro Prezidenti dövlətimizin başçısını ölkəsinə, Azərbaycan Prezidenti isə Monteneqro dövlətinin başçısını ölkəmizə rəsmi səfərə dəvət etdi. Dəvətlərlə bağlı qarşılıqlı minnətdarlıq ifadə olundu.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkova ilə görüşüb.
Qordana Silyanovska-Davkova COP29-un yüksək səviyyədə təşkil edildiyini vurğulayaraq, tədbirin açılış mərasimində Azərbaycan mədəniyyəti ilə bağlı maraqlı təqdimatın olduğunu dedi. Mədəni diplomatiyanı dəstəklədiyini qeyd edən ali qonaq Azərbaycan mədəniyyəti ilə tanış olmaqdan məmnunluğunu bildirdi. O, Azərbaycanla əməkdaşlıq üçün geniş imkanların olduğunu vurğuladı.
Prezident İlham Əliyev Qordana Silyanovska-Davkovanın ölkəmizə səfərinin münasibətlərimizin genişləndirilməsinə, iqtisadi-ticari və mədəni əlaqələrin inkişaf etdirilməsi işinə təkan verəcəyinə ümidvarlığını bildirdi.
Dövlətimizin başçısı COP29-la əlaqədar Azərbaycana qarşı ədalətsiz təbliğatın aparıldığını vurğuladı.
Şimali Makedoniyada sərmayələr imkanlarına toxunan Prezident İlham Əliyev Azərbaycanın Balkan ölkələri ilə əlaqələrinin inkişafına önəm verdiyini qeyd etdi.
Görüşdə sərmayələr, kənd təsərrüfatı, turizm, təhsil, mədəniyyət sahələrində əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Prezident İlham Əliyev Şimali Makedoniya dövlətinin başçısını ölkəmizə, Qordana Silyanovska-Davkova isə öz növbəsində dövlətimizin başçısını Şimali Makedoniya rəsmi səfərə dəvət etdi. Dəvətlərlə bağlı qarşılıqlı minnətdarlıq ifadə olundu.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşüb.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Braziliya Federativ Respublikasının vitse-prezidenti Jeraldu Alkmin ilə görüşüb.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Nepalın Prezidenti Ramçandra Paudel ilə görüşüb.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Taye Atske Sellasiye ilə görüşüb.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Yəmən Respublikasının vitse-prezidenti Abdulla Al-Alimi ilə görüşüb.
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26