Interposta.Info

Həbsdəki general məhkəməyə 6 şikayət verdi - 3-ü rədd olundu

Manşet
 27-02-2024, 11:38     19 910

Zərərçəkən: "Onun bu oyunbazlığından Məhkəmə-Hüquq Şurasına da müraciət ünvanlamışıq”

Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub - red.) İstintaq Baş İdarəsinin keçmiş rəisi, hazırda həbsdə olan Mövlam Şıxəliyevin ailə üzvləri - oğlu Elgün Şıxəliyev, qızı Samirə Əliyeva və həyat yoldaşı Aybəniz Şıxəliyeva Nərimanov Rayon Məhkəməsinə 2 ayrı-ayrı şikayət ünvanlayıb. Şikayətlərdən biri "müvəqqəti təminat tədbiri” qərarının verilməsi ilə bağlıdır.

Digər müraciət isə icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi tələbini əhatə edir.

Məhkəmə Mövlam Şıxəliyevin ailə üzvlərinin "müvəqqəti təminat tədbiri” qərarının verilməsi ilə bağlı müraicətlərinə baxıb və artıq rədd edib. Hesab edib ki, müraciətlərin qanuni əsası yoxdur.

Nərimanov Rayon Məhkəməsindən "Yeni Müsavat”a bildiriblər ki, Şıxəliyevlərin digər şikayətinə yaxın günlərdə baxılacaq.

Keçmiş MTN məhbusu: 'Məndən 2 milyondan sonra da əl çəkmirdilər…'


Hüseyn Səfərov

Mövlam Şıxəliyevin cinayət işi üzrə 36 zərərçəkəndən biri Hüseyn Səfərov "Yeni Müsavat”a deyib ki, Mövlam Şıxəliyev hər vasitə ilə cinayət yolu ilə əldə etdiyi, xüsusi müsadirəyə götürülmüş əmlaklarını qorumağa çalışır: "Bu həm də ondan xəbər verir ki, Mövlam Şıxəliyev həbsdə olduğu ötən illərdə islah olunmayıb. O, cinayət yolu ilə əldə etdiyi əmlakları əlində saxlamaq üçün hər vasitəyə əl atır. Həmin əmlakların bir qismini oğlu Elgünün, qızı Samirənin, arvadı Aybənizin adına rəsmiləşdirib. Əslində Mövlam Şıxəliyevin ailə üzvləri də cinayət yolu ilə əldə olunmuş əmlakların leqallaşmasında iştirak ediblər. Baş Prokurorluğa Mövlam Şıxəliyevin ailə üzvlərinin cinayət yolu ilə əldə olunmuş əmlaklarının leqallaşmasında iştirak etdiklərinə görə barələrində cinayət işi başlanması üçün də müraciət etmişik. Digər tərəfdən də Bakı Hərbi Məhkəməsinin hökmü ilə təsdiqlənib ki, Mövlam Şıxəliyevin xüsusi müsadirəyə götürülmüş varidatını o, biz zərərçəkənlərə qarşı vəzifəsindən sui-istifadə etməklə, mütəşəkkil cinayətkar qrup yaratmaqla əldə edib. Buna görə də məhkəmə Mövlam Şıxəliyevin 12 il azadlıqdan məhrum edilməsi hökmü ilə yanaşı, biz zərərçəkənlərin mülki iddialarını da təmin etdi. Hökm 2021-ci ilin sentyabrında çıxsa da, hələ də mülki iddialar üzrə bizə vurulmuş ziyanın ödənilməsi mümkün olmayıb. Çünki Mövlam Şıxəliyev süni şəkildə məhkəmə proseslərini uzatmaqla məşğuldur. Nərimanov Rayon Məhkəməsinə ailə üzvləri adından verdirdiyi "müvəqqəti təminat tədbiri" qərarının verilməsi üçün müraciət də buna hesablanmışdı. Məhkəmə qərarının icrasını süni şəkildə uzatmaq niyyəti daşıyırdı. Nərimanov Rayon Məhkəməsinin hakimləri Mövlam Şıxəliyevin qanunsuz müraciətini rədd ediblər. Bundan başqa, Ali Məhkəmədə keçirilən proses 1 ilə yaxındır ki, Mövlam Şıxəliyevin oyunbazlığı üzündən uzanır. Gah Ali Məhkəməyə sifariş göndərir ki, onu İstintaq Təcridxanasına köçürməsinlər, birbaşa 9 saylı Cəzaçəkmə Müəssisəsindən prosesdə iştirakı təmin edilsin. Gah da onunla bərabər məhkum olunan qrup üzvlərinə heç bir qanuni əsası olmayan vəsatətlər verdirir. Başqa bir prosesə isə vəkilini göndərmir və bu minvalla Ali Məhkəmədə 1 dəfə də olsun proses baş tutmayıb. Mövlam Şıxəliyev hüquqdan sui-istifadə edir. Onun bu oyunbazlığından Məhkəmə-Hüquq Şurasına da müraciət ünvanlamışıq".

Hüseyn Səfərov bildirib ki, Mövlam Şıxəliyevin ailə üzvləri leqallaşma cinayətində iştirak etdikləri üçün barələrində cinayət işi başlanmalıdır.

Qeyd edək ki, ötən il Ali Məhkəmənin cinayət kollegiyasına Mövlam Şıxəliyev və onunla birgə məhkum olunmuş MTN-in İstintaq İdarəsinin şöbə rəisləri - Sahib Ələkbərov, Yasin Məmmədov və Vüsal Ələkbərovun barələrindəki Bakı Apelyasiya Məhkəməsinin qərarından kasasiya şikayətləri daxil olub. Şikayət hakim Nazim Mövsümovun icraatına verilib. Hər 4 şəxs kasasiya şikayətlərində barələrindəki hökmün ləğv olunmasını, onlara bəraət verilməsini, müsadirəyə götürülmüş əmlaklarının geri qaytarılmasını tələb edib. Bakı Apelyasiya Məhkəməsinin qərarından prokuror və iş üzrə zərərçəkənlər də narazıdır.

Qeyd edək ki, Bakı Apelyasiya Məhkəməsi 2023-cü ilin aprelində Mövlam Şixəliyev və nazirliyin istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbəsinin rəisi polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovla bağlı hökmdən verilmiş protest və şikayətlər üzrə qərar vermişdi. Qərara əsasən, Bakı Hərbi Məhkəməsinin hökmü qüvvədə saxlanılıb. Hakim İlqar Murquzovun səsləndirdiyi qərara əsasən prokurorun verdiyi protest və tərəflərin şikayətləri əsassız hesab olunaraq rədd olunmuşdu.

Dövlət ittihamçısının, zərərçəkənlərin narazı qaldığı hökm 21 sentyabr 2022-ci ildə, Bakı Hərbi Məhkəməsində çıxarılıb. Həmin hökmə əsasən, 12 il azadlıqdan məhrum olunan Mövlam Şıxəliyevin general-mayor rütbəsi alınması üçün dövlət başçısına təqdimat göndərilib. 2023-cü ilin aprelində isə Mövlam Şıxəliyev general-mayor, digərləri polkovnik rütbələrindən məhrum edilməklə əsgər rütbəsinə endiriliblər. Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, keçmiş şöbə rəislərindən Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, rəis müavini Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edilib.

İş üzrə ibtidai istintaq zamanı Mövlam Şıxəliyev və ailə üzvlərinin - həyat yoldaşı Aybəniz Şıxəliyeva, oğlu Elgün Şıxəliyev, qızı Samirə Əliyevanın adına olan, 7 milyon manatdan çox dəyəri olan əmlakların üzərinə həbs qoyulmuşdu.

Zərərçəkənlər vaxtilə MTN-də onlardan və yaxınlarından hədə-qorxu ilə alınmış pulların geri qaytarılması tələbi ilə Bakı Hərbi Məhkəməsində baş tutan prosesin əvvəlində mülki iddialar qaldırmışdılar. Bununla yanaşı, Mövlam Şıxəliyevin ailə üzvlərinin də cinayət yolu ilə əldə olunmuş əmlakların leqallaşmasında iştirak etdiklərinə görə cinayət məsuliyyətinə cəlb olunmaları üçün vəsatətlə çıxış etmişdilər. Məhkəmə vəsatətləri baxılmamış saxlasa da, zərərçəkənlərdən mülki iddia qaldırmış 16 nəfərin iddiasını təmin edib. Ümumilikdə isə zərərçəkənlər Mövlam Şıxəliyev və hər 3 polkovnikin daha ağır cəzalara məhkum edilmələrini də tələb edirlər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26