Interposta.Info

Prezident Sumqayıt şəhər stadionunda yaradılan şəraitlə tanış olub

Manşet
 23-10-2023, 17:02     22 166

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov dövlətimizin başçısına stadionda görülən işlər barədə məlumat verdi.

Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulmasına Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 noyabr tarixli Sərəncamına əsasən 2020-ci ildə başlanılıb. Tikinti işləri mərhələli şəkildə icra edilməklə 2022-ci ildə başa çatdırılıb.

Tamaşaçı tutumu 9502 nəfər olan stadionun ərazisi 6,8 hektardır. İyirmi iki sektordan ibarət stadionda 545 nəfərlik VİP və KİV tribunası da yaradılıb, ərazi abadlaşdırılıb, yaşıllıq zonaları salınıb.
Bildirildi ki, tikilialtı sahədə cüdo, boks və karate zalları fəaliyyət göstərəcək. Burada, eyni zamanda, 2 trenajor otağı, 40 nəfərlik konfrans zalı, inzibati otaqlar, jurnalistlər, hakim, həkim, şərhçilər, məşqçilər üçün otaqlar və digər texniki-köməkçi otaqlar var.

Son illər ölkəmizdə idmanın inkişafına böyük diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan idmançıları beynəlxalq yarışlarda yüksək göstəricilər əldə edir, üçrəngli Bayrağımızı ucaldırlar. Bütün bunlar göstərir ki, ölkəmizdə idmanın inkişafının və onun kütləviliyinin təmin olunması istiqamətində dövlət siyasəti uğurla davam etdirilir. Bu diqqət və qayğı həm də yeni nəslin sağlam ruhda böyüməsinə, gənclərin idmana marağının artırılmasına yönəlib ki, belə idman obyektlərinin istifadəyə verilməsi bu məqsədin həyata keçirilməsində mühüm rol oynayır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26