Pavel Felgenhauer: “Ermənistanın imkanları çox deyil, amma Azərbaycanın imkanları var” - RF-dən MÜSAHİBƏ
Fransanın Ermənistana dəstəyi çərçivəsində gələn həftə Fransa Silahlı Qüvvələrinin naziri Sebastyan Lekornü erməni həmkarı Suren Papikyanla danışıqlar aparmağa hazırlaşır. Hərbi idarələrin rəisləri müəyyən əməliyyat və konkret tədbirlərin nəticələrini yekunlaşdırmağa hazırlaşırlar. Bundan əvvəl Fransa Xarici İşlər Nazirliyinin rəhbəri Ketrin Kolonna Parisin İrəvanla Ermənistana hərbi texnikanın verilməsinə imkan yaradacaq saziş imzalamağa razı olduğunu açıqlamışdı.
Fransanın Ermənistan Respublikasına (ER) hərbi yardım edəcəyinə dair vədləri İrəvanda böyük sevincə səbəb olub. Erməni cəmiyyətində yenidən revanşizmdən, ER ordusunun Azərbaycana “həlledici zərbə endirmək” imkanından danışılmağa başlanılıb.
Bəs Fransa silahları Ermənistan üçün İrəvanın ümid etdiyi bir növ “wunderwaffe” - “möcüzə silahı”na çevriləcəkmi? Oxu.Az-ın bu sualını cavablandıran məşhur rusiyalı hərbi ekspert Pavel Felgenhauer qeyd edib ki, Fransa Sovet və Rusiya çaplı - 152 mm-lik haubitsa və silahlar istehsal etmir, NATO standartından - 155 mm-likdən istifadə edir.
“Soyuq Müharibə illərində Varşava Müqaviləsi və NATO ölkələri, bəlkə də, ələ keçirilən mərmilər işlədilməsin deyə müxtəlif kalibrlərdən istifadə edirdilər. Əlbəttə ki, əgər Fransa Ermənistanı silahla təmin edərsə, onlar NATO standartlarına uyğun olacaq.
- Bəs bu, Qərb standartlarına cavab verməyən Rusiya sursat ehtiyatlarına malik Ermənistan üçün nə dərəcədə sərfəlidir?
- Elə bundan başlayacağam ki, Ermənistanın 2020-ci il müharibəsində uduzmasının səbəblərindən biri də ordusunun köhnə sovet silahları ilə silahlanması idi. Bundan əlavə, onların pilotsuz təyyarələri yox idi və ümumiyyətlə, müasir müharibəyə hazır deyildilər. İndi Ermənistan silahlı qüvvələrini yenidən silahlandırmağa və modernləşdirməyə çalışır. Ancaq ER-in böyük bir problemi var - silahı haradan almaq olar? Ermənistanın real dostları çox deyil. İndi onlar İrəvanla dost olan Fransaya üz tutmaq qərarına gəliblər.
Əlbəttə ki, fransız silahları köhnə sovet silahlarından əhəmiyyətli dərəcədə fərqlənir. Ukrayna cəbhələrində kifayət qədər uğurla istifadə olunan artilleriya sistemlərinə baxmaq yetər. “Caesar” (“Sezar”) özüyeriyən haubitsalarının atəş məsafəsi 40 km-dən artıqdır ki, bu da onun sovet analoqlarından demək olar ki, iki dəfə çoxdur. Əlbəttə ki, hər şey mərmilərdən asılıdır, əgər aktiv reaktiv mühərrik varsa, o zaman “Caesar” haubitsalarının atəş məsafəsi daha da artır və hədəf təyin edərkən GPS koordinatlarından da istifadə olunur.
Azərbaycan 2020-ci ildə belə döyüşüb. O, İsraildən müasir silahlar alıb - onlar daha uzun məsafə və daha yüksək dəqiqliyə malik olub. Odur ki, Ermənistan silahlı qüvvələrini Azərbaycan səviyyəsinə qədər modernləşdirmək istəyir.
- Bu, ümumiyyətlə, mümkündürmü?
- Bu çox çətin olacaq. Ermənistanın nə pulu var, nə də dediyim kimi, belə silahları satmağa hazır olan real müttəfiqləri. Azərbaycana isə İsrail, Türkiyə və bir çox başqa dövlətlər silah təchizatında köməklik edirdilər.
Təbii ki, Ermənistan məğlub olduqdan sonra silahlı qüvvələrinin yenilənməsi məntiqlidir. Amma Ermənistan Respublikasının sürətlə silahlanmasından danışmağın mənası yoxdur. Üstəlik də, Avropanın resursları Ukrayna cəbhəsinə gedir. Heç kimin əlavə mərmiləri və haubitsaları yoxdur.
- Siz 2020-ci ildə ikinci Qarabağ müharibəsində Ermənistanın məğlubiyyətindən danışdınız. Amma indi, üç ildən sonra Ermənistanda çoxu artıq belə düşünmür. Məsələn, Ermənistan Respublikası Radikal Milli Demokratik Qütb Şurasının nümayəndəsi Qaregin Çuqaszyan erməniləri silahlanmağa çağıraraq bildirib ki, Ermənistan qoşunları Azərbaycana hansısa həlledici zərbə endirməyə qadirdir. Sitat: “Bizim müharibə təcrübəsi olan ordumuz var, ordumuz bizə təqdim olunduğu kimi məğlub olmayıb. 44 günlük müharibədə Ermənistan ordusu məğlub olmayıb”.
- Yaxşı, bəlkə ordunun əsir götürülmədiyini nəzərdə tutur, deməli, tam məğlubiyyət olmayıb. Sadəcə olaraq, daha əvvəl təslim oldular (gülür - red.). Amma yenə də məğlubiyyət var idi. Və bu nəticə mənə müharibə başlamazdan xeyli əvvəl aydın idi. Həmin vəziyyətdə qələbə şansı az idi və 2020-ci il müharibəsi zamanı ciddi səhvlər oldu. Hər halda onlar müharibəni uduzdular. Bu, artıq müzakirə mövzusu deyil.
Azərbaycana qarşı hücum xarakterli hərbi əməliyyatlara gəlincə, Ermənistan ordusu buna hazır deyil.
- Erməni revanşistləri indi Azərbaycan qaz və neft kəmərlərinə zərbə endirməyin zəruriliyindən danışırlar. Amma bu kəmərlərin operatorları arasında Qərb şirkətləri də var. Bu cür çağırışlar, ümumiyyətlə, nəyə lazımdır?
- Ukraynada müharibə zamanı Rusiyadan ammonyakın ixracına Ukrayna ərazisindən nəqli üçün nəzərdə tutulan ammonyak kəməri partladılmışdı və bunu kimin etdiyi hələ də tam aydın deyil. Amma Ukrayna ərazisindən keçən qaz kəməri işləməkdə davam edir, heç kim ona toxunmur, baxmayaraq ki, belə imkanlar mövcuddur.
Ermənistana gəlincə, onu uzun müddət sıradan çıxarmaqdan ötrü ciddi zədələnməsi o qədər də asan olmayan boru kəmərlərinə zərbə vurmaq üçün heç bir xüsusi imkanları yoxdur. Bunu necə və nə ilə edəcəklər? Bəli, nəzəri olaraq onların bir neçə “İsgəndər” raketi var. Yüksək dəqiqlikli zərbə vurmaq üçün raket sisteminə daxil edilmiş rəqəmsal xəritələrdən istifadə edilməlidir.
Belə xəritələri əldə etmək üçün ya peyklər, ya da kəşfiyyat pilotsuz aparatları və təyyarələr lazımdır. Amma bunlardan bəzilərini kommersiya bazarında almaq mümkündür. Əgər inertial tuşlama sistemindən istifadə edilərsə, dəqiqlik köhnə “Skad” raketlərindən (“R-17”) bir az yaxşı olar. Onları şəhərə vurmaq olar. Gəncəyə elə onlardan vurulmuşdu. Amma kəməri vurmaq, yumşaq desək, çətindir. Yeri gəlmişkən, 2020-ci il müharibəsi zamanı erməni tərəfi də “İsgəndər”lərdən istifadə etsə də, böyük uğur qazana bilməyib. Təbii ki, borunu partlatmaq üçün diversantlar göndərmək olar. Lakin onlar hədəfə çatacaqlarmı? Yoxsa daha əvvəl zərərsizləşdiriləcəklər?
Deməli, bir daha deyirəm, Ermənistanın imkanları çox deyil, amma Azərbaycanın imkanları var. Müharibə zamanı Ermənistandan Qarabağa nəqliyyat əlaqələrinin keçdiyi körpüyə İsrail istehsalı olan raketin “İsgəndər”dən də böyük məsafəyə vurduğu yüksək dəqiqlikli zərbəni xatırlamaq olar.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26