Interposta.Info

Böyük qayıdış: Xankəndidəki erməni evlərinin taleyi necə olacaq?

Manşet
 6-10-2023, 17:34     165

(Yazı "İşğaldan azad olunan ərazilərə Böyük qayıdış” mövzusu üzrə işlənib")

Sentyabrda işğaldan azad olunan rayonların siyahısına daha biri əlavə olunub. Artıq neçə gündür ki, Azərbaycan Xankəndiyə nəzarət edir. Videolentlərdən görünür ki, işğaldan azad olunan rayonlardan fərqli olaraq Xankəndidə evlər və bütün infrastruktur yerindədir.

Belə olan halda Xankəndiyə qayıdış necə həyata keçiriləcək?

İqtisadçı ekspert Akif Nəsirli də Qaynarinfo-ya açıqlamasında Xankəndidə evlərin salamat və yaşayış üçün yararlı olduğunu qeyd edib:

"Xankəndidən başqa keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti rayonlarının əksər yaşayış məntəqələrində evlər sağ-salamatdır, ermənilər dağılan evləri belə bərpa edib orada yaşayıblar. Hesab edirəm ki, revanşist mövqedən çıxış edib qaydasız olaraq ermənilərin mülkiyyətinə sahiblənmək, onların mülkiyyətini mənimsəmək fikirində olmamalıyıq. Birincisi, onları öz mənzillərinə dəvət etməliyik. Sözsüz ki, onlar gəlib həmin evlərdə yaşamayacaq. Amma dəvətin də bir təsnifatı olmalıdır. Elə erməni var ki, orada 9-10 ildir məskunlaşıb. Hətta 20 il əvvəl məskunlaşan ermənilər də var. Yəni onların çoxu işğal dönəmində məskunlaşıb”.

Ekspert hesab edir ki, işğal dönəmində məskunlaşmış ermənilərin mülkiyyət hüququ Azərbaycan Respublikası ərazisində tanınmamalıdır:

"Həmin ermənilər Xankəndiyə qanunsuz miqrasiya edib, qeyri-qanuni mülkiyyətə sahibləniblər. Həmin mülkiyyət Azərbaycan hökumətinin mülkiyyəti kimi müsadirə edilməlidir. Amma burada bir məqam var, məsələ burasındadır ki, burada yerli ermənilər də olub. Sovetlər dönəmindən bəri həmin bölgədə yaşayan ermənilər var ki, indiyinə qədər orada yaşayıblar, hətta onların bəziləri hələ oradadırlar. Qalan 1000-1200 nəfər erməni var ki, onlar orada doğulub, böyüyüb və mülkiyyət sahibi olublar. Həmin ermənilərin bir hissəsi isə Xankəndidən gedib və əmlakını orada qoyub. Dağlıq Qarabağda işğal dönəmindən əvvəl atası-anası, babası-nənəsi yaşayıb mülkiyyətə sahib olan və onun varislərinə çatacaq mülkiyyət onların mülkiyyəti kimi tanınmalıdır. Onların mülkiyyət hüquqlarına hörmətlə yanaşılmalıdır. Amma işğaldan sonra məskunlaşan əhalinin mülkiyyəti hökumət tərəfindən baxılıb, təyin edilməlidir”.

Akif Nəsirli bildirib ki, ilk növbədə oradan qovulan azərbaycanlılar öz ünvanlarına, evlərinə qayıtmalıdır:

"Ya öz evlərinə qayıtmalıdırlar, ya da 30 il ərzində orada qeyri-qanuni məskunlaşan ermənilərin evlərində yerləşə bilərlər. Hələ hökumətin Xankəndi ilə bağlı proqramı açıqlanmayıb. Xankəndidə ilk növbədə oradan qaçqın düşən məcburi köçkünlər məskunlaşmalıdır. Məsələn, Xocalı, Əsgəran, Ağdərə, Xocavənd sakinləri öz ünvanlarına qayıtmalıdır. Onlara ya yeni tikililərdən ev verilməlidir, ya da öz evlərini bərpa edib yerləşə bilərlər. O ki qaldı Xankəndinin, yəni keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycana qaytarılmasına bu, iqtisadiyyata çox şeylər vəd edir”.

Ekspertin fikirincə, Xankəndi ilk növbədə turizm sektorunun inkişafına böyük töhfələr verə bilər:

"Çünki ərazi dünyanın ən yüksək səviyyəli yaşamlı birinci ərazisi sayılır. Xankəndi əhali, insan yaşaması üçün gözəl ərazidir. Buna oxşar yer üzündə bir məkan var, adı yadımdan çıxıb. Amma dünyada insanın yaşaması üçün ən münbit məkan var ki, onun biri Xankəndidir. Ona görə bu ərazinin turizm potensialı çox yüksəkdir. Digər ərazilər isə kənd təsərrüfatı məhsullarının becərilməsi üçün bitkiçilik və heyvandarlığın inkişafı üçün xüsusi töhvələr verə bilər, çünki həmin ərazidə münbit torpaqlar çoxdur, həlim iqlim şəraiti ilə seçilir. Belə ərazilər adətən kənd təsərrüfatı üçün münbit şəraitli sayılır. Çünki qışda 10 dərəcə şaxta yerin münbit üst qatında zərərvericilərin hamısını öldürə bilir. Yay aylarında isə onların nəsili kəsilir və bitkilərə zərər verə bilmir. Üstəgəl həmin ərazi qaratorpaq ərazilərdir, çox bərəkətli və məhsuldardır. Laçın rayonun 60-80%-i, Xankəndiyə bitişik olan ərazilər meyvə ağacları ilə zəngindir. Ondan əlavə, ərazidə mineral sular çıxır. Həmin suların qablaşdırılıb satışa çıxarılması mümkündir”.

Akif Nəsirli sonda bildirib ki, Xankəndidə Azərbaycan iqtisadiyyatına ən vacib olan faktor heyvandarlığın inkişaf etdirilməsidir:

"Hesab edirəm ki, Azərbaycan hökuməti bu ərazidə daha çox heyvandarlığın inkişafına diqqət yetirməlidir. Çünki Azərbaycanda qırmızı ət çatışmazlığı ciddi şəkildə hiss olunur və bu səbəbdən də ətin qiyməti bahalaşır”.

Bahar Rüstəmli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26