Interposta.Info

20 yaşlı azərbaycanlı qız ermənilərə hansı məlumatı ötürürmüş? - FAKTLAR

 

Manşet
 8-09-2023, 14:49     246

Bakı Ağır Cinayətlər Məhkəməsində 20 yaşlı Fidan Əliyevanın cinayət işi üzrə məhkəmə araşdırmaları keçirilir.

Trend xəbər verir ki, Fidan Əliyeva Ermənistana casusluqda, bu ölkənin xüsusi xidmət orqanının əməkdaşı vasitəsilə Azərbaycan haqda məlumatlar ötürməkdə ittiham olunur.

Ona Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Fidan Əliyevanı bir neçə ay öncə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları saxlayıb. Məlum olub ki, Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində 2022-ci il dekabrın 12-dən başlanan və 138 gün davam edən etiraz aksiyasının iştirakçıları arasında Fidan Əliyeva da olub.

Onun "Telegram" platforması üzərindən tanış olduğu Ermənistan xüsusi xidmət orqanı əməkdaşına məlumatlar, video və fotoşəkillər göndərdiyi iddia edilir. Görüntülərin bir hissəsinin Bakının müxtəlif yerlərindən olduğu bildirilir.

Məhkəmədə ifadə verən Fidan Əliyeva bildirib ki, "Telegram"da tanış olduğu adamı rusiyalı zənn edib.

Ətraflı
Onun sözlərinə görə, həmin şəxslə də məlumat ötürmək üçün yox, şəxsi məqsədlə tanış olub.

"Əvvəl heç onun erməni olduğunu bilməmişəm. Məqsədim adi insan kimi tanışlıq olub. Başqa məqsədim – Azərbaycan barədə məlumat vermək niyyətim olmayıb”, - deyə o, əlavə edib.

Foto-video məsələsinə gəlincə, Fidan Əliyeva bildirib ki, qarşı tərəf ondan bəzən müəyyən yerlərdə görüntülərini çəkib göndərməsini istəyirdi, o da göndərirdi.

İş materiallarından isə görünür ki, Fidan Əliyeva gizlin danışdığı Ermənistan xüsusi xidmət orqanı əməkdaşının istəyi ilə Laçın-Xankəndi yolunda başlanan etiraz aksiyasına qoşularaq oradan foto və video materiallar çəkib həmin şəxsə göndərib.

Fidan Əliyeva ekofəalların olduğu bu videoları nə məqsədlə çəkib həmin şəxsə göndərdiyi sualına aydınlıq gətirməyib.

Fidan Əliyevanın işi üzrə məhkəmə araşdırmaları davam edir.

Qeyd edək ki, ötən il dekabrın 12-dən Laçın-Xankəndi yoluna ekofəal vətəndaşlar aksiya keçirib. 138 gün davam edən aksiyanın iştirakçıları Qarabağdakı qızıl və mis yataqlarında monitorinq keçirilməsini tələb edirdilər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26