Interposta.Info

Azərbaycanda avtomobillərin idarə edilməsi üçün etibarnamənin zəruriliyi tələbi aradan qaldırıla bilər

Manşet
 31-07-2023, 20:12     204

Azərbaycanda avtomobillərin idarə edilməsi üçün etibarnamənin zəruriliyi tələbi aradan qaldırıla bilər.

"İnterPosta" xəbər verir ki, Konstitusiya Məhkəməsi Gəncə Şəhər Məhkəməsinin müraciəti əsasında müvafiq qərar qəbul edib.

Bildirilib ki, Fərhad Abdullayevin sədrliyi ilə keçirilən Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclasında Gəncə Şəhər Məhkəməsinin müraciəti əsasında İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinin I hissəsinin 1-ci bəndi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb və qərar qəbul edilib.

Qərara əsasən, nəqliyyat vasitəsinin mülkiyyətçisi olmayan şəxsin nəqliyyat vasitəsini idarə etməsi üçün etibarnamənin zəruriliyi tələbinin müvafiq qanunvericilikdə aradan qaldırılması Milli Məclisə tövsiyə olunub.
İnzibati Xətalar Məcəlləsinin və “Yol hərəkəti haqqında” qanunun normaları qanunverici orqan tərəfindən təkmilləşdirilənədək nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olmadığı hallarda nəqliyyat vasitəsinin etibarnaməsiz idarə edilməsi (ər-arvadın ümumi mülkiyyət hüququna dair şəhadətnaməsinin olduğu hallar istisna olmaqla) İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə müəyyən edilən inzibati məsuliyyətə səbəb olur.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26