Interposta.Info

Ermənistan dünyanı necə aldadır: Şuşadan İrəvana aparılan xalçalar əslində kimindir - Muzeyin, yoxsa?..

Manşet / Maqazin
 19-05-2022, 16:36     100

"Nə Ermənistanın mədəni irs və folklor departamentinin rəhbəri Astqik Marabyanın anonsunu verdiyi sərgidə nümayiş etdiriləcək xalçalar, nə də 20 fevral 2021-ci il tarixində İrəvanda A.Tamanyan adına Milli Memarlıq Muzey-İnstitutunda təşkil olunan sərgidə təqdim olunan Şuşa xalçaları həmin dövrdən muzeydə qalan eksponatlar deyil”.

Bunu "İnterPosta"-ya açıqlamasında Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova Ermənistanın Mədəni İrs və Folklor Departamentinin rəhbəri Astqik Marabyanın "Şuşa Xalça Muzeyindən gətirilən xalçalarımız Ermənitanda Muzeylər Günündə sərgilənməyəcək. Şuşa Xalça Muzeyinin kolleksiyası hazırda İrəvandadır, nazirlik sərgini fəal şəkildə təşkil edir. Tarix Muzeyində müvəqqəti xalça sərgisinin təşkili məsələsi müzakirə olunur" fikirinə münasibət bildirərkən deyib. Direktor Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialının kolleksiyasından 246 ədəd eksponatın qorunub saxlanıldığını və nümayiş etdirildiyini bildirib:

Ermənistan dünyanı necə aldadır: Şuşadan İrəvana aparılan xalçalar əslində kimindir - Muzeyin, yoxsa?..


"Erməni işğalçılarının təcavüzü səbəbindən 1992-ci ilin 29 fevral tarixində eksponatlardan 183-ü (80 ədəd xovlu xalça, 35 ədəd xovsuz xalça və xalça məmulatı, 29 ədəd bədii tikmə və milli geyim, 39 ədəd zərgərlik məmulatı) təxliyə edilərək Bərdəyə, daha sonra Bakı şəhərinə gətirilərək, Azərbaycan Xalça Muzeyinin əsas fonduna təhvil verilib. Və hazırda onların bir qismi muzeyimizin ekspozisiyasında nümayiş etdirilir, bir qismi isə muzeyin fondunda qorunur. Çıxarılması mümkün olmayan eksponatlar isə bədii metal nümunələri və 1 ədəd tikmədir".

Şirin Məlikova deyir ki, 2020-ci ilin 1 noyabr tarixində Şuşa muzeyindən çıxarılan bu kolleksiyanın 1992-ci ildə Şuşanın işğalından sonra ancaq canlarını götürüb qaçan azərbaycanlıların evlərindən, xarici kolleksionerlərdən əldə edə biləcəklərini güman edirik:

"Ancaq xəbər saytlarında ötən il İrəvanda keçirilən sərgidən təqdim olunan şəkillərə əsasən deyə bilərik ki, ermənilər yenə də bizim milli-mənəvi irsimizi qarət ediblər. Və onların "Artsax” adı ilə təqdim etdikləri xalçalar arasında təkcə Qarabağ xalça tipinə aid xalçalar deyil, həm də Quba, Şirvan, Gəncə və sair bölgələrimizə aid xalçalar da var. Sərgidə "Çələbi”, "Talış”, "Atlı-itli”, "Nəlbəkigül” və digər Qarabağ xalçaları ilə yanaşı, Quba sumaxı, Gəncə qrupuna aid "Çıraqlı” xalçasını, xalça məmulatlarından məfrəşi görmək olar. Birmənalı şəkildə deyə bilərik ki, həmin eksponatlar Azərbaycana aiddir, "Artsax” adlandırılan xalçalar azərbaycanlı xalçaçılarımız tərəfindən toxunan milli irs nümunələrimizdir”.

Şirin Məlikovanın sözlərinə görə, xalça elə nadir sənət nümunələrindəndir ki, toxunduğu bölgənin tarixini, o ərazidə yaşayan xalqa mənsubluğu barədə mühüm məlumatlar mənbəyidir:

"Xalçalarımızın erməniləşdirilməsində mənfur qonşularımızın əsas məqsədlərindən biri də Qarabağın tarixini saxtalaşdırmaqdır. Əsrlər boyu burada toxunan xalçalardakı kompozisiya, naxışlar və rəng həlli Qarabağın məhz Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olduğunu bir daha sübut edir. Ermənilər xalça toxuculuğu ilə deyil, xalça ticarəti ilə məşğul olmuş, ticarət prosesində Azərbaycan xalçalarını erməni xalçaları kimi təqdim edərək, yalan toxumunu dünyaya yaymağa nail olublar. XIX əsrdə Qarabağda tədqiqatlar aparmış Y.Zedgenidze bütün müsəlman əhalinin xalçaçılıqla məşğul olduğunu, Qarabağda toxunan xalçaların kəmiyyət və keyfiyyətinə görə bütün Qafqazda birinci yer tutduğunu, ermənilərin isə bu sənətlə məşğul olmadığını, əksinə, xalçaçılıq sənətinə "arzuolunmaz iş” prizmasından yanaşdıqlarını yazır”.

Direktor hesab edir ki, XIX əsrdə azərbaycanlıların xalça toxuculuğuna rişxəndlə yanaşan ermənilərin törəmələrinin bu gün XXI əsrdə Azərbaycan xalçalarına iddia irəli sürməsi mədəni irsimizə qarşı növbəti təcavüzdür:

"Mayın 19-da Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialının yaranmasının 35 ili tamam olur. Çox xoşbəxtik ki, təkrarsız gözəllikləri ilə göz oxşayan füsunkar diyarımız, musiqi, sənət beşiyimiz Şuşa azadlığına qovuşub və biz bu tarixi günü böyük sevinc hissləri ilə qeyd edirik. Çünki Qarabağ xalçaçılıq ənənələrinin öyrənilməsi, qorunması və yaşadılması məqsədi ilə 1987-ci ildə general Səməd bəy Mehmandarovun XVIII əsrin tarixi-memarlıq abidəsi sayılan malikanəsində fəaliyyətə başlayan Şuşa filialının eksponatları 30 il sonra yenidən Şuşada nümayiş olunacaq. Bilirsiniz ki, hazırda Şuşada böyük quruculuq və bərpa işləri gedir. Odur ki, bu tarixi hadisənin baş verəcəyi gün də yaxındadır”.

Qeyd edək ki, Ermənistanın Mədəni İrs və Folklor Departamentinin rəhbəri Astqik Marabyan mətbuata açıqlama verib: "Şuşa Xalça Muzeyinin kolleksiyası bir gün əvvəl qeyd olunan Beynəlxalq Muzeylər Günü çərçivəsində təqdim olunmayıb və mayın 21-də Muzeylər Gecəsində təqdim olunmayacaq, lakin xalçaların tədbirlərdən kənarda nümayişi məsələsi gündəmə gətirilir".\qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26