Interposta.Info

İlahiyyat İnstitutunun satınalmasında qalib olan MMC-ləri deputata nə bağlayır?

Manşet / Paradoks
 3-05-2022, 22:39     2 340

Azərbaycan İlahiyyat İnstitutu 2022-ci ilin aprel ayının 6-da "Tədbirlərin təşkili ilə bağlı iş və xidmətlər”in satın alınması lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.

"İnterPosta" Qlobal.az
-ya istinadən xəbər verir ki, bu satınalmanın məbləği 49.100 manat, satınalmanın qalibi isə "COSMOS-RA" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub.


"COSMOS-RA" MMC 2019-cu ilin noyabr ayının 18-də Vergilər nazirliyində qeydiyyata alınıb. Bu şirkətin nizamnamə kapitalı 5 manat, hüquqi ünvanı isə Bakı şəhəri Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ev 9, mənzil 56 ünvanıdır.

"COSMOS-RA" MMC-nin qanuni təmsilçisi Allahverdiyev Ruhin Səxavət oğludur.

İnstitutun ötənilki bənzər satınalmasının qalibi kim olub?

Azərbaycan İlahiyyat İnstitutu 2021-ci ilin may ayının 24-də "Tədbirlərin təşkili işlərinin satınalınması" lotu üzrə daha bir satınalmaya yekun vurub. İnstitutun bu satınalmasının məbləği 47.630 manat, satınalmanın qalibi isə "FIRST-R" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

"FIRST-R" MMC 2019-cu ilin avqust ayının 14-də Vergilər nazirliyində qeydiyyata alınıb. "FIRST-R" MMC-nin nizamnamə kapitalı 5 manat, hüquqi ünvanı isə İlahiyyat İnstitutunun 2022-ci ilin aprel ayının 6-da "Tədbirlərin təşkili ilə bağlı iş və xidmətlər”in satın alınması lotu üzrə sifarişçi olduğu satınalmada qalib elan etdiyi "COSMOS-RA" MMC-nin hüquqi ünvanı ilə qonşuluqda yerləşir: Bakı şəhəri Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ev 12, mənzil 46 ünvanı.

Qalib elan edilən MMC-lər kimindir?

"İnterPosta"nın xəbərinə görə, Qlobal.az-ın əldə etdiyi məlumata görə, İnstitun 2021-ci ildə qalib elan etdiyi "FIRST-R" MMC-nin və 2022-ci ildə qalib elan etdiyi "COSMOS-RA" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçiləri əslən Cəbrayıl rayonundandırlar.

Burada ilginc olan məqam isə qalib elan edilən MMC-lərin qanuni təmsilçilərinin 2018-2020-ci illərdə Azərbaycan İlahiyyat İnstitutunun rektoru vəzifəsində çalışmış, hazırda isə Milli Məclisin deputatı olan Ceyhun Məmmədovla həmyerli olmalarıdır. İddialara görə, eyni ildə və qonşu ünvanlarda yaradılan, qanuni təmsilçiləri eyni rayondan olan, fəaliyyət profilləri haqqında açıq internet resurslarında heç bir informasiyaya rast gəlinməyən MMC-lərin İlahiyyat Universitetinin bənzər lotlar üzrə 2021-2022-ci illərdə sifarişçi olduğu satınalmada qalib elan edilmələri təsadüf deyil.

Şirkətlər doğrudanmı deputata məxsusdur?


Ceyhun Məmmədov, İlahiyyat İnstitutunun keçmiş rektoru, deputat

İddiaların nə dərəcədə doğru olub-olmaması ilə bağlı deputat Ceyhun Məmmədovdan mövqe öyrəndik.

C.Məmmədov İlahiyyat İnstitunun satınalmalarında həmyerlilərinin qanuni təmsilçi olduqları MMC-lərin qalib gəlməsində heç bir şübhəli məqamların olmadığını bildirdi: "Bu şirkətlərin qanuni təmsilçiləri Kəlbəcərli də ola bilər, başqa rayondan da. Hazırda mən deputatam. 2020-ci ildən İlahiyyat İnstitutunda müəllim kimi çalışıram. Yaxşı olar ki, məsələ barədə İlahiyyat İnstitutundan mövqe alasınız".

Aqil Şirinov, İlahiyyat İnstitutunun rektoru

Azərbaycan İlahiyyat institutundan məsələ barədə açıqlama ala bilmədik.

Qeyd edək ki, İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinovdur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26