Interposta.Info

Almaniya hökuməti Səudiyyəyə hansı növ silahları satmayacaq və qadağa nə qədər davam edəcək?

Manşet / Gündəm
 23-10-2018, 13:46     9 201

Almaniyanın Kansleri Angela Merkel, jurnalist Camal Qaşıqçını İstanbuldakı Səudiyyə Ərəbistanın Baş Konsulluğunda öldürülməsini qınadığını xatırladaraq cinayətin araşdırılması və məsul şəxsləri cəzalandırılmasının vacib olduğunu qeyd edib.
O həmçinin, hal-hazırdakı mövcud şərtlərdə Səudiyyə Ərəbistanına silah ixrac etmələrinin mümkün olmadığını vurğulayıb.
Məsələylə bağlı "İnterPosta.info"-ya açıqlama verən politoloq Şahin Cəfərli Səudiyyə Ərəbistanının Almaniya üçün etibarlı müştəri və vacib tərəfdaş olduğunu bildirdi:
“Qərb dövlətlərinin hökumətləri çətin vəziyyətə düşüb. Bir tərəfdən ortada ağır insan haqları pozuntusu var, jurnalist ölkəsinin diplomatik nümayəndəliyində qətlə yetirilib, özü də dəhşətli üsulla. Demokratik dövlətlər bu biabırçı fakta mütləq reaksiya verməlidir. Sərt bəyanatlar yetərli deyil, Qərb mediası və ictimaiyyət ciddi tədbirlər görülməsini tələb edir. Konkret Almaniyada son günlər media və müxalifət tələb edirdi ki, Səudiyyə Ərəbistanına silah satışı dayandırılsın. Bu tələblər getdikcə gücləndikdən və ictimaiyyətin ortaq mövqeyi halına gəldikdən sonra kansler Merkel reaksiya verməyə məcbur oldu. Amma digər tərəfdən, Səudiyyə Ərəbistanı etibarlı müştəri və vacib tərəfdaşdır. Silah bazarında rəqabətin getdikcə gücləndiyi bir məqamda heç kim bu cür böyük bazarı itirmək istəməz. Almaniya bu ölkəyə yüz milyonlarla avro dəyərində silah satır. Səudiyyə Ərəbistanına satmadıqdan sonra başqa bu cür alıcı tapmaq mümkün olacaqmı? Çətin. Elə bu səbəbdəndir ki, Almaniyada hazırkı koalisiya kabineti formalaşarkən sosial-demokratlar hökumət proqramına Yəmən münaqişəsinin tərəflərinə silah satmamaq barədə müddəa daxil etsələr də, buna faktiki əməl olunmur. Çünki Almaniya silah sənayesini ayaqda saxlamağa ehtiyac var və bu, hökumətin vəzifəsidir. Böyük şirkətlər hökumətə təzyiq göstərirlər ki, bizə bazar və müştəri tap. Belə bir vəziyyətdə Səudiyyədən imtina etmək, ona silah embarqosu tətbiq etmək asan deyil. Merkelin bəyanatındakı qeyri-müəyyənlik də bu çətinlikdən qaynaqlanır. Məlum olmur ki, bu bəyanat, yəni silah qadağası indiyədək əldə olunmuş razılaşmalara şamil ediləcək, ya yox? Almaniya hökuməti Səudiyyəyə hansı növ silahları satmayacaq və qadağa nə qədər davam edəcək? Bunlar aydın deyil. Başqa bir məqam da budur ki, Qərb hökumətləri Səudiyyəyə tətbiq edəcəkləri silah embarqosunun Rusiyaya fayda verəcəyini düşünürlər. Moskva dünəndən hazırdır ki, Səudiyyə Ərəbistanına istənilən növ silah satsın. Belə çıxır ki, Qərb öz əli ilə bu önəmli bazarı öz rəqibinə təhvil verir. Bu amil də qərar verməkdə rol oynayırdı və əlavə çətinlik yaradır. Bir sözlə, Qərb hökumətləri dilemma qarşısındadır. Şübhəsiz ki, Səudiyyəyə qarşı müəyyən sanksiyalar olacaq, amma mən inanmıram ki, Qərb bu krallıqla müttəfiqliyinə son qoysun”.
Elşən Yəhyayev

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26