Interposta.Info

Vaqif Abdullayevin qəbul şousu - Nazir cəmi 5-6 “şikayətçi” ilə görüşə bilib

Manşet
 24-05-2017, 19:33     1 089

Kəmaləddin Heydərovun Beyləqan səfəri və icra başçısının hökümətlə xalq arasında hördüyü divar

Bu gün Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun Beyləqanda vətəndaşları qəbulu zamanı yaşanan rəzalət beyləqanlıları qəzəbləndirib.

Bu gün Beyləqanda Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov vətəndaşları qəbul edib və onların şikayətlərini dinləyib. Belə demək mümkünsə təbii ki. Yəni rəsmi olaraq belə görünüb ki, nazir vətəndaşların dərdlərini dinləmək üçün Beyləqana gəlib. Ancaq vətəndaşlar hər nə qədər cəhd eləsələr və hətta kənardan qışqır-bağır salsalar da, Kəmaləddin Heydərovla görüşmək imkanına nail ola bilməyiblər. Daha çox qışqıranları və nazirlə görüş təşkil edəndəri isə polis müvəqqəti olaraq saxlayıb.

Fövqəladə Hallar nazirinin Beyləqan səfəri ilə bağlı AzMedia.info saytına nazirin qəbuluna yazılan çoxsaylı şəxslərdən daxil olan məlumata görə Beyləqan İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev xalqla nazir arasında keçilməz divar hörüb. Şikayətçilər saytımıza bildirib ki, 300-dən artıq beyləqanlı nazirin qəbuluna yazılsa da, onlardan heç biri nazirlə görüşmək şansına malik ola bilməyiblər. Çünki icra başçısı Vaqif Abdullayevin qəti tapşırığına görə heç bir şikayətçi nazirin qəbuluna buraxılmayıb. Əsil şikayətçilərin əvəzinə isə icra başçı özünə yaxın olan 5-6 adamı nazirin qəbuluna şikayətçi adı altında salıb.

Nazirin qəbuluna girən saxta şikayətçilər isə Beyləqandan heç bir problemin olmadığını və Vaqif Abdullayev tərəfindən rayonun ideal şəkildə idarə olunduğunu bildiriblər. Və sonucda “şikayətçilər” kiçik problemlərinin olduğunu da dilə gətiriblər ki, bu problemlər də təbii olaraq öz həllini tapıb. Bundan sonra isə nazir Kəmaləddin Heydərov başqa şikayətçilərin niyə olmaması ilə maraqlanıb və nazirə bildirilib ki, qəbula yazılanlar ancaq bu vətəndaşlar olub. Bundan sonra isə nazir Beyləqanı tərk edib. Faktiki olaraq nazirin Beyləqanda 25 dəqiqə qaldığı bildirilir.

Bu saatlarda Beyləqandan aldığımız məlumata görə isə əhali Beyləqanın İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevin qəbul “şousundan” sonra həddindən artıq qəzəbləniblər. Qəbul zamanı polisə müqavimət gösitərən və nəyin bahasına olursa-olsun nazirin qəbuluna düşmək istəyən vətəndaşları isə hələ də polis idarəsində saxlayırlar. Çünki Vaqif Abdullayev narazı insanların etiraz aksiyası keçirməsindən çəkinir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26