Interposta.Info

Azərbaycanda bananın bircə idxalçısı var - "Asadov Capital..."

Manşet / Ölkə
 20-05-2017, 12:33     2 312

Bu ilin birinci rübündə Azərbaycana Ekvadordan 7 min 130 ton banan gətirilib. İdxal 63 faiz artıb.
Amma əsas məsələ bu deyil. Ötən ilin eyni dövründə Azərbaycan gömrüyündə kiloqramı 91,3 sentə (təxminən 1 manat) rəsmiləşdirilən banan indi daha aşağı qiymətə – 77 sent yarıma (1 manat 30 qəpik) bəyan edilir. Hərçənd, martdan bəri ölkədə bananın satış qiyməti indiyədək görünməyən həddə - 3 manat 50 qəpiyə qalxıb.

Azərbaycanda bananın bircə idxalçısı var - "Asadov Capital..."



Azərbaycana banan idxalının uzun illərdir ki, inhisarda saxlandığı bildirilir. Dövlət Gömrük Komitəsi bu tipli ittihamları rədd edir. Komitə sədri Aydın Əliyev gömrük orqanlarının inhisarçılığa himayəçilik etməsi haqda gəzən söhbətləri yalanlayaraq, hər kəsin istənilən məhsulu Azərbaycana gətirməsinə maneənin olmadığını bildirir.

Hazırda bananı, eləcə də digər sitrus meyvələrini Azərbaycana bir şirkət - «Asadov Capital Azərbaycan» MMC gətirir. Şirkətin korporativ internet səhifəsində göstərilir ki, onun Qazax və Astara rayonlarındakı terminallarında bananın saraldılması və sitrus meyvələrin saxlanması üçün kameraları var.

Bu şirkətin Türkiyədə 2007-ci ildə yaradılan «Asadov Emlak Gida ve Dış Ticaret Limited» şirkəti tərəfindən təsis olunduğu, yeganə payçının isə Rafiq Həmid oğlu Əsədov olduğu bildirilir. İstanbul Ticarət Palatasının məlumatına görə, şirkətin kapitalı 3 milyon 550 min türk lirəsidir.
Azərbaycanda bananın bircə idxalçısı var - "Asadov Capital..."




Eyyub Hüseynov: «Bahalaşmanın arxasında inhisarçı durur»

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov banan idxalının bir əldə cəmləşdiyini bildirir. O, AzadlıqRadiosu-da deyib ki, bananın kəskin bahalanmasını başqa amillə deyil, elə inhisarçılıqla əlaqələndirmək lazımdır, çünki digər səbəb sadəcə yoxdur: «İnhisarçılar istədikləri qiymətləri qoyurlar, bazara nəzarət etməli olan qurum isə istehlakçıların keyfiyyətli və alıcılıq qabiliyyətinə uyğun məhsul almaq hüququnun qorunması üçün gərəkən tədbirləri görmür. Bu səbəbdəndir ki, regionda ən baha banan Azərbaycanda satılır».

Banan idxalında inhisarçılıq, eləcə də qiymətlərin süni şəkildə artırılması haqda iddialara «Asadov Capital Azərbaycan» MMC-nin rəhbərliyi münasibət bildirmir.

2016-cı ildə Azərbaycana 21,2 min ton banan gətirilib. Mal Azərbaycan gömrüyündə 17,6 milyon ABŞ dolları dəyərində rəsmiləşdirilib./Azadlıq Radiosu

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26