Interposta.Info

Bakıda sökülən bu evlərə görə kompensasiya verilməyəcək
 

İqtisadiyyat
 13-02-2024, 12:21     32 865

Daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi üçün sığorta sisteminin tətbiq olunması geniş yayılıb. Son illər bir çox vətəndaşımız öz mənzillərini, obyektlərini və fərdi yaşayış evlərini sığortalamağa üstünlük verir.

Bəs paytaxt Bakıda və Abşeronun digər ərazilərində əksəriyyət təşkil edən sənədsiz evlərin sığortalanması hüquqi paraktikada mümkündürmü?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, sığorta şirkətləri heç bir halda çıxarışı olmayan evləri sığorta etmir:

"Birinci onu qeyd etmək lazımdır ki, vətəndaşların sənədsiz ev və torpaq sahələrini alması və yaxud təyinatı başqa növ kateqoriyalı olan fərdi yaşayış evləri və torpaq sahələri üçün ödəniş etməsi risklidir. Nəticə etibarı ilə bu gün vətəndaşlar evlərinin qanuni çıxarışlarının olmaması səbəbindən daşınmaz əmlaklarını icbari qaydada sığorta etdirə bilmirlər. Sığorta şirkətlərinin bu növə aid oaln daşınmaz əmlakları sığorta etməkdən imtina etməsi də qanuni və əsaslıdır. Çünki icbari sığorta haqqında qanunvericiliyin tələblərindən biri odur ki, mütləq şəkildə daşınmaz əmlak müvafiq dövlət qeydiyyatına alınmalıdır. Qeyd edim ki, çıxarışı olmayan evlərin və torpaqların sığortası mümkünsüzdür. Çünki sığorta şirkətləri mütləq qaydada çıxarışı olan fərdi yaşayış evlərini sığorta etmək barədə qanunvericiliyin tələblərini icra etmək məcburiyyətindədir”.

Hüquqşünas fərdi yaşayış evlərinin sığorta edilməsi üçün mütləq şəkildə çıxarış alınmalı olduğunu diqqətə çatdırıb.

"O cümlədən neft ərazisi, kənd təsərrüfatı təyinatlı torpaq, sahibkarlıq və sənaye təyinatı torpaqlarda tikilən evlərin sənədləşdirilməsi ciddi problemdir. Bununla bağlı ilkin olaraq ərazidə yaşayan vətəndaşların müvafiq icra hakimiyyəti qurumuna müraciət etməsi tələb olunur. Bundan sonra Nazirlər Kabinetinin müvafiq qərarı və sərəncamı əsasında əhalinin kütləvi halda məskunlaşdığı ərazinin torpağının təyinatı dəyişdirilir. Sonra isə vətəndaşların tikmiş olduğu fərdi yaşayış evlərinin sənədləşməsinə başlanıla bilər və sənədləşmədən sonra vətəndaşlar mənzillərini, fərdi yaşayış evlərini sığorta etdirə bilər”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26