Interposta.Info

Ödəniş terminallarında qəpik problemi: Çıxış yolu nədir?

İqtisadiyyat
 21-02-2023, 14:11     267

"Azərbaycandakı əksər bankomatlarda xırda pulun qəbulu və qaytarılması funksiyasının olmaması qəpik məsələsinə əhalinin qeyri-ciddi yanaşmasından qaynaqlanır”.

Bunu "İnterPosta"-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli ölkəmizdəki bankomatlardan qəpik çıxarmaq və ödənişi qəpiklə həyata keçirməyin mümkün olmamasının səbəblərini göstərərkən deyib.

"Bankomatların əksəriyyətinin qəpik pul qəbul etməməsi və qaytarmaması proqram təminatı ilə bağlı olan məsələdir. Proqram təminatı normal şəkildə yenilənsə və qəpiklərin qaytarılması ilə bağlı əlavə funksiyalar göstərilsə, məsələ öz həllini tapar. Dünya ölkələrində bu məsələ çoxdan həll olunub. Qəpiklərin hansısa bir formada dövriyyədə olması, banklar tərəfindən daşınaraq, sayılaraq qəbulu prosesində əlavə problemlər yaradır. Banklar yəqin ki, öz işlərini asanlaşdırmaq üçün bu addımı atıblar. Çünki qəpiklərin sayılması, təhvil verilməsi, daşınması müəyyən fiziki iş və zaman tələb etdiyindən banklar məsələyə belə yanaşırlar”.



İqtisadçı deyir ki, bu addım qeyri-qanunidir:

"Çünki ölkəmizdə ödəniş vasitəsi olaraq manatla yanaşı qəpiklər də qəbul olunmalıdır. Ondan imtina qanunvericiliyin pozulmasıdır”.
Problemdən çıxış yolu isə həmsöhbətimizə görə, proqram təminatının yenilənməsidir. Onun fikrincə, bununla bağlı Mərkəzi Bankın təlimatı olmalıdır.

Qeyd edək ki, hazırda Azərbaycanda 2997 ədəd bankomat əhaliyə xidmət göstərir. Onların da 1565-i Bakıda quraşdırılıb. Lakin bu bankomatların mütləq əksəriyyəti xırda pul sayılan qəpiklərlə əməliyyat həyata keçirməyə imkan vermir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26