Interposta.Info

Dövlət çörəyin qiymətini müəyyən etmir, lakin bunu edə bilər... - Ekspert

İqtisadiyyat
 20-08-2022, 15:03     318

"İqtisadiyyat Nazirliyi monitorinq aparıb nə deyəcək?! Ölkədə unun, çörəyin, un məmulatlarının qiymətini dövlət müəyyən etmir və edə bilməz. Dövlət qurumları nə qədər çox müdaxilə, monitorinq, yoxlama aparırsa, həmin sahədə qiymətlər zatən qalxır - iş adamı gələn-gedəni "yola salmağa" xərclədiyi vəsaiti satdığı malın üzərinə gəlməyə məcbur olur”.

Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli "İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un və çörəyin qiymətində manipulyasiyaların qarşısını alacaq” fikirini şərh edərkən deyib. Ekspert ölkədə çörək bişirib satan minlərlə obyektin olduğunu xatırladıb: "Burada antiinhisar qanunvericiliyi necə tədbiq edilə bilər?! Qiymət sövdələşməsi minlərlə obyektdə mümkün deyil, o zaman bu komitə nəyi monitorinq edəcək?! Dövlət bu sahədə ancaq sanitar normaları və keyfiyyət göstəricilərini yoxlaya bilər, qiymət sahəsinə qarışa bilməz”.

Natiq Cəfərli hesab edir ki, hökumətin əlində qiyməti tənzimləmək üçün iki böyük alət var: "Vergi dərəcələri-gömrük rüsumları və təşviq siyasəti.

Hökumət qiymət artımından doğrudan da narahatdırsa (söhbət ümumi qiymət artımından gedir, tək un-çörək yox) o zaman ərzaq mallarında və dərmanlarda ƏDV-ni azaltsın, ölkədə istehsalı olmayan ərzağın və dərmanların gömrük rüsumunu ləğv etsin, deyək ki, hə, nəsə iş görmək istəyirlər. Və ya un istehsalçılarına əvvəl hər tona 25 manat dotasiya verilirdi, indi hökumət onu ləğv edib, bərpa etsin, istehsalçılara tona 100 manat dotasiya versin, bir kisə un həmən 5 manat ucuzlaşacaq. Belə addımlar əvəzinə sovetdənqalma məfkurə ilə "monitorinq", "yoxlama", "cəza", "işbaz" (gül kimi sözü bədnam ediblər) ifadələri ilə problemləri həll etmək əvəzinə daha da artırırlar”.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin un və çörəyin qiymətində manipulyasiyaların qarşısını alacağı ilə bağlı məlumat verilib. Məlumatda "ölkəmizdə un və çörəyin qiymətində manipulyasiyalara yol verilməməsi üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qanunamüvafiq tədbirlər həyata keçirir. Belə ki, Dövlət Xidməti əsassız qiymət dəyişikliyinin qarşısının alınması, qiymət formalaşması zamanı antiinhisar qanunvericiliyinə riayət olunmasına nəzarət məqsədilə istehlak bazarında mütəmadi monitorinqlər aparır", - deyə bildirilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26