Interposta.Info

Əmək pensiyası maddi yardımla birlikdə nə qədər artacaq? - Nazirlikdən açıqlama

 

İqtisadiyyat
 9-03-2022, 22:27     233

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkəmizdə həyata keçirilən ardıcıl və genişmiqyaslı sosial islahatlar çərçivəsində sosial ödənişlərin, o cümlədən, pensiyaların 2022-ci ilin əvvəlindən növbəti dəfə artırılması təmin edilib. Minimum pensiya 20 faiz artımla 200 manatdan 240 manata çatdırılıb və bu artım 40 min şəxsin pensiyasında artıma imkan verib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat xidmətinin rəhbəri Fazil Talibov Trend-in sualına cavabında bildirib.

O qeyd edib ki, bununla yanaşı, bu ilin əvvəlindən bütün pensiyaçıların pensiyalarında da artım olub.

Belə ki, pensiya (qulluq stajına görə pensiyalarına əlavələr hesablanmış şəxslər istisna olunmaqla) ötən ilin orta aylıq əməkhaqqı artımına uyğun indeksləşdirilərək artırılıb və əlavə olaraq pensiyaçılara bu il üzrə maddi yardım (200 manat) ayrılıb. 1,1 mln. pensiyaçının pensiyalarında ilin əvvəlindən artım edilib və bu artım üçün dövlət büdcəsindən illik əlavə 352 mln. manat ayrılıb.

"Digər pensiyaçılara, yəni qulluq stajına görə pensiyalarına əlavələr hesablanmış şəxslərə (hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları, dövlət qulluqçuları və b.) də bu ilin əvvəlindən hər ay pensiyalarının 10 faizi məbləğində maddi yardım verilməsi (pensiya ilə birgə) nəzərdə tutulub. Bununla onların da pensiyalarında 10 faiz artım olub (misal üçün, 1200 manat pensiya alan şəxsin pensiyasına 120 manat da maddi yardım əlavə olunmaqla hər ay 1320 manat alacaq). Bunun üçün də illik əlavə 86 milyon manat vəsait ayrılıb", - deyə nazirlik rəsmisi qeyd edib.

Beləliklə, həm minimum pensiya 20 faiz artıb, həm qulluq stajına görə pensiyalarına əlavələr hesablanmış şəxslərin pensiyaları, həm də digər pensiyaçıların pensiyaları artırılıb.

Ümumilikdə, 2022-ci il üzrə əməkhaqqı, pensiya və digər sosial ödənişlərin artımını nəzərdə tutan islahatlar paketi 3,4 milyon şəxsi əhatə edir. Bu artımlar üçün ayrılan illik əlavə vəsait 2,1 mlrd. manat təşkil edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26