Interposta.Info

Azərbaycanda qeydiyyatı məcburi olan məhsullar müəyyənləşir (SİYAHI)

İqtisadiyyat
 28-02-2022, 20:26     376

Bir sıra məhsullar Azərbaycan Respublikasının ərazisində istehsal, emal edilməmişdən və dövriyyəyə buraxılmamışdan əvvəl qeydiyyata alınacaq.

"İnterPosta" xəbər verir ki, bu, parlamentin Aqrar siyasət komitəsində müzakirəyə çıxarılacaq "Qida təhlükəsizliyi haqqında" qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, aşağıdakı məhsullar Azərbaycan Respublikasının ərazisində istehsal, emal edilməmişdən və dövriyyəyə buraxılmamışdan əvvəl onların xüsusiyyətləri nəzərə alınmaqla həyat və sağlamlığa təsirinin qiymətləndirilməsi, habelə həmin məhsulların təhlükəsizliyini və minimum keyfiyyətini, etiketlənmə və qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktlarla müəyyənləşdirilmiş digər tələblərə uyğunluğunu müəyyən etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tədqiqi (sınağı) aparılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən məhsulların xüsusiyyətlərindən asılı olaraq bu Qanuna uyğun olaraq qeydiyyata alınacaq:

- yeni növ qida məhsulları;

- genetik modifikasiya olunmuş orqanizmlər və yem məhsulları;

- qida əlavələri

- yem əlavələri;

- bioloji aktiv qida maddələri;

- təbii mineral sular.

Bu məhsulların qeydiyyatının qüvvədəolma müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Qeydiyyata alınmış məhsullar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən Reyestrə daxil edilir. Reyestr axtarış aparan bütün şəxslər üçün açıqdır.

Qeydiyyatı tələb olunan, lakin qeydiyyata alınmamış məhsulların istehsalı, emalı və dövriyyəsi qadağandır.

Qeydiyyata alınmış məhsulların qeydiyyatının dayandırılması, bərpa edilməsi, ləğvi və yenidən rəsmiləşdirilməsi qaydaları həmin məhsulların xüsusiyyətləri nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Məhsulların qeydiyyatının aparılması məqsədilə götürülmüş nümunələrin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tabeliyində olan akkreditasiya edilmiş sınaq laboratoriyalarında tədqiqi (sınağı) aparıldığı halda, həmin tədqiq (sınaq) üçün qida subyektlərindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş xidmət haqqı tutulur.

Yuxarıdakı məhsulların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.

Həmin məhsulların qeydiyyatının aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26