Interposta.Info

Arif Əsgərovun adı indi də 93 min manatlıq kredit qalmaqalında

İqtisadiyyat / Paradoks
 17-12-2021, 09:02     840

“Dəmirbank” Əsgərovlardan götürdükləri krediti geri ala bilmir
Sabiq nəqliyyat naziri Arif Əsgərovla ləğv olunmuş “Dəmirbank” ASC arasında məhkəmə çəkişmələri bitmək bilmir. İllərdir ki, ASC Arif Əsgərov və onun oğlu Elnar Əsgərovdan götürdükləri kreditləri geri ala bilmir. Ödənilməyən kredit məbləği faizləri ilə birgə 93 min manata çatıb. İş hazırda Ali Məhkəmədədir.

İlkin iddia 2018-ci ildə Binəqədi Rayon Məhkəməsinə təqdim olunub. Həmin il noyabr ayının 21-də məhkəmə Arif Əsgərovdan borcun tutulması ilə bağlı ASC-nin xeyrinə qərar çıxarıb. O zaman Arif Əsgərov apelyasiya şikayəti verib. İddiaya İnzibati-İqtisadi Məhkəmədə baxılmalı olduğunu deyib. Arif Əsgərovun şikayəti təmin edilməyib. “Qaynarinfo” yazıb ki, bankdan krediti 2015-ci ilin noyabrında Elnar Əsgərov götürüb, atası isə zaminlik edib. Ona görə də bank Elnar Əsgərovla yanaşı onun atasını da məhkəməyə verib. Qərardan verilən apelyasiya və kasasiya şikayətləri də nəticəsiz qalıb. Əsgərovlar ailəsinin adı bundan öncə də dəfələrlə müxtəlif qalmaqallarda hallanıb.

Arif Əsgərovun adı “Azərbaycan Dəmir Yolları” QSC-yə rəhbərlik etdiyi vaxt böyük maliyyə qalmaqalına qarışmışdı. QSC-də külli miqdarda, daha dəqiq desək, 48 milyonluq yeyinti faktı aşkarlanmışdı. Həmin vaxt Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları QSC-nin marketinq şöbəsinin rəisi Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynovu həbs etdilər. Rahib Hüseynov 48 milyon manat dövlət əmlakını mənimsəməkdə ittiham olunurdu. Az sonra məlum oldu ki, Rahib Hüseynovu qabağa verib həbs etdirən də Arif Əsgərovun özü olub. O, bu yolla oğlu, pullar üzərindən ələ keçirilən “Liman Group” şirkətinin rəhbəri olan oğlu Elnar Əsgərovu məsuliyyətdən kənarda saxlayıb. Məsələ mətbuatda hallanmağa başlayan kimi Arif Əsgərov oğlunu xaricə qaçırmışdı. Beləliklə, əsas fiqur hadisələrdən kənarda qala bilmişdi. Əvəzində Rahib Hüseynov və qardaşı etmədikləri qanunsuzluqlara görə həbsdə qaldılar.


İş üzrə 50 sahibkar zərər çəkib və onlar Prezidentə müraciət ediblər. Faktla bağlı məlumatlarda ictimaiyyətin diqqətini daha çox cəlb edən məqamlardan biri isə maliyyə fırıldağında bilavasitə Arif Əsgərovun oğlu Elnar Əsgərovun da iştirak etməsi haqda iddialar idi. Arif Əsgərovun və oğlunun cinayət məsuliyyətinə cəlb edilməməsi o dövrlərdə hər kəsi maraqlandıran suallardan idi. Arif Əsgərovun Ziya Məmmədovla yaxın münasibətlərinin olduğu da bilinirdi.

İllərlə uzanan istintaqdan yayınmağı bacaran A.Əsgərov 2015-ci ildə ölkə Prezidentinin fərmanı ilə tutduğu vəzifədən azad edildi. Başqa bir fərmanla o, nəqliyyat nazirinin müavini təyin edildi. Bununla da Arif Əsgərov mümkün həbsdən canını birtəhər qurtara bildi.

Hazırda isə özünün ən güclü himayəçisini itirmiş, vəzifədən məhrum olmuş Arif Əsgərovun aqibəti yaxşı görünmür. Onu həbs etmək üçün kifayət qədər əsas da var. Ata-oğul Əsgərovların ayağında 48 milyon oğurluq var. Təkcə bu faktı araşdırmaqla Arif Əsgərovu qandallamaq mümkündür.

Bu arada, Rahib Hüseynovun həbs edildiyi cinayət işində “Azərbaycan Dövlət Dəmir Yolları” QSC-nin sabiq sədri Arif Əsgərovun köməkçisi və həmyerlisi İlqar Məmmədov və “DəmirBank” ASC-nin Mərkəz filialının müdiri Müşfiq Tükanovun da adı çəkilirdi. Müşfiq Tükanovdan əvvəl həmin filialın müdiri Arif Əsgərovun köməkçisi İlqar Məmmədov olub. İlqar Məmmədov A.Əsgərova köməkçi təyin olunandan sonra onu Müşfiq Tükanov əvəzləmişdi. Onun Mərkəz filialındakı xidməti otağında dəmir yolunda qaranlıq əməliyyatların ssenarisi yazılıb. Onları da Müşfiq Tükanovla tanış edən İlqar Məmmədov olub. Onun Mərkəzi Bankda işləyən qayınatasının vasitəçiliyi ilə “DəmirBank”ın Mərkəz filialı şübhəli maliyyə əməliyyatlarının əsas mərkəzlərindən birinə çevrilmişdi.

Arif Əsgərovun 2 baldızı oğlu - Emin və Rahib Hüseynovlar Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə uzun müddətlik həbsə göndərilib. Yeyinti faktının əsas iştirakçıları kimi Arif Əsgərov və oğlu Elnar Əsgərov göstərildi. Buna baxmayaraq, Bakı Ağır Cinayətlər Məhkəməsi həmin cinayətlərə görə Emin və Rahib Hüseynovları məhkum etdi.Mənbə: Yeni Musavat

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26