Interposta.Info

Bu mallar 5 il müddətinə ƏDV və gömrük rüsumundan azad olunur

İqtisadiyyat
 14-12-2021, 19:32     281

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan və partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi çərçivəsində bütün növ texnikanın, avadanlıqların, texniki vasitələrin və qurğuların, onların ehtiyat hissələrinin, fərdi zirehli qoruyucu geyimlərin, alətlərin, minaaxtaran itlərin, partlayıcı və pirotexniki vasitələrin idxalı 2021-ci il oktyabrın 15-dən 5 il müddətinə əlavə dəyər vergisindən azaddır.

"İnterPosta" APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılmış Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Bu qanun 2021-ci il oktyabrın 15-dən tətbiq edilir.

Eyni zamanda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan və partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi çərçivəsində bütün növ texnikanın, avadanlıqların, texniki vasitələrin və qurğuların, onların ehtiyat hissələrinin, fərdi zirehli qoruyucu geyimlərin, alətlərin, minaaxtaran itlərin, partlayıcı və pirotexniki vasitələrin idxalı 2021-ci il oktyabrın 15-dən 5 il müddətinə gömrük rüsumlarından azaddır.

Qeyd edək ki, Nazirlər Kabinetinin 6 noyabr 2021-ci il tarixli qərarı ilə "Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalar və müharibənin partlayıcı qalıqlarından təmizlənməsi üçün idxal edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahısı” təsdiqlənib. Qərara əsasən, həmin mallar 2021-ci il 15 oktyabr tarixindən 5 il müddətində idxal gömrük rüsumundan azad edilib.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26