Interposta.Info

Laçın hava limanın üstünlükləri: Beləsi yalnız Nepal, Portuqaliya və Butanda var

İqtisadiyyat
 19-08-2021, 16:55     693

"Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olmaqla yanaşı, bütövlükdə çətin reliyefdə inşa edilən hava limanı baxımından da fərqlənəcək. Oxşar relyefə malik hava limanları Nepal, Portuqaliya, Butan və az sayda ölkələrdə fəaliyyət göstərir”.

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov Prezident İlham Əliyevin işğaldan azad olunan torpaqlarımıza son səfəri zamanı təməlini qoyduğu Laçın beynəlxalq hava limanından danışarkən deyib. Onun sözlərinə görə, Laçında inşa edilcəcək hava limanında uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq və 6 təyyarə dayanacağının inşası planlaşdırılır:

"Aeroport Laçın şəhərindən 30, Kəlbəcər şəhərindən 60, Şuşa şəhərindən isə 70 kilometr uzaqlıqda yerləşəcək. Gözlənilir ki, gələcəkdə Şuşaya təyyarə ilə getmək üçün həm Füzuli, həm də Laçın hava limanlarından istifadə etmək imkanlarına malik olacaqlar. Laçın Hava Limanı Şərqi Zəngəzurda fəaliyyət göstərməklə hərbi və strateji əhəmiyyəti ilə yanaşı, eyni zaman iqtisadi üstünlüklərə də malik olacaq. Şərqi Zəngəzurun uzun müddət işğal altında qalması onun potensialından istifadə edilməsinə imkan verməyib. Hazırda sözügedən iqtisadi rayonun Azərbaycan iqtisadiyyatında payı cəmi 0.1 faizdir. İşğal dövründə 4 rayonu əhatə edən bu bölgəmiz cəmi illik 97 milyon 838 min manatlıq məhsul istehsal edib. Bu istehsal da həmin rayonlardan bəzisinin bizim nəzarətimizdə olan yaşayış məntəqələrində, respublikanın digər bölgələrində məskunlaşan idarə və müəssisələri hesabına baş verib. Bununla belə, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları bərpa və yenidənqurma mərhələsindən sonra Azərbaycan iqtisadiyyatının ən azı 8 faizini formalaşdırmaq potensialına malikdir. Bu isə illik 5 milyard manatdan artıq yeni dəyərin formalaşması anlamına gəlir”.



Deputat hesab edir ki, aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verməklə turizm potensialının artırılmasına səbəb olacaq:

"Şərqi Zəngəzur Qafqazda qış, yay, müalicəvi, tarixi, dini turizm imkanları ilə seçilən bölgələrdəndir. Böyük turizm potensialı həmin bölgələrimizdə qısa zamanda iqtisadi aktivliyi bərpa etməyə imkan verəcək. Tamamilə türk mənşəli oronomik toponimlərə sahib olan Şərqi Zəngəzur ən qədim insan məskənlərindən biri hesab olunur və bu da son dekadalar məşhur olan tarixi turizmin inkişafını stimullaşdırır. Bu baxımdan, həmin rayonlarımıza kifayət qədər çoxlu sayda turistlərin gələcəyi gözlənilir və bu da strateji əhəmiyyət daşıyan Laçın Hava Limanının rentabelli işləməsinə şərait yaradacaq”.

Vüqar Bayramov bildirib ki, bütövlükdə Şərqi Zəngəzur dəhlizinin kifayət qədər böyük iqtisadi potensialı var və bu qeyri-neft sektorunda yeni məhsulların istehsalına imkan verəcək:

"Şərqi Zəngəzur iqtisadi rayonunun potensialından istifadə etmək üçün, həmçinin sənaye və kənd təsərrüfatı məhsullarının daha böyük bazarlara çıxarılması baxımından da yeni aeroportun inşasına ehtiyac var idi. Laçı Hava Limanının 2022-ci ildə istifadəyə veriləcəyi gözlənilir”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26