Interposta.Info

Azad edilmiş ərazilərimiz kənd təsərrüfatı istehsalının 2 dəfə artmasına səbəb olacaq

İqtisadiyyat
 10-08-2021, 08:15     467

Azərbaycanın işğal altında olan torpaqlarının azad olunması kənd təsərrüfatında da yeni reallıqlar yaradıb. İşğaldan azad edilmiş ərazilərimiz kənd təsərrüfatı istehsalının 2 dəfəyə yaxın artmasına səbəb olacaq

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov kənd təsərüfatındakı vəziyyəti şərh edərkən bildirib.

A.Hüseynov bildirib ki, Ermənistanın rayonlarımızı işğal altında saxlaması nəticəsində 280 min hektar meşə, 1 milyon hektara yaxın məhsuldar torpaqlar, o cümlədən 127 min 700 hektar suvarılan torpaq, 34 min 600 hektar üzüm və meyvə bağları sahəsi, 1200 kilometr irriqasiya sistemi məhv edilmiş və təsərrüfat dövriyyəsindən çıxarılmışdı:

"İşğaldan əvvəl bu rayonlar Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının 40 faizə qədərini təmin edirdi. Artıq ərazilərimiz işğaldan azad olunub və minalardan təmizlənən həmin ərazilərdə iqtisadiyyatın bərpası, o cümlədən kənd təsərrüfatı infrastrukturlarının yaradılması, əkin və heyvandarlıq sahələrinin qurulması üçün əhəmiyyətli addımlar atılmaqdadır.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq azad edilmiş ərazilərimizdə kənd təsərrüfatı üçün yararlı torpaqların müəyyənləşdirilməsi, kənd təsərrüfatı texnikası və istehsal vasitələrinin, kənd təsərrüfatı heyvanlarının uçotunun aparılması, saxlanılması və mühafizəsi, fitosanitar və epizootik vəziyyətin ilkin qiymətləndirilməsi həyata keçirilməkdədir.

Ötən dövrdə kifayət qədər işlər görülüb, bir çox ərazilərdə əkin aparılıb, fermer təsərrüfatları qurulmaqdadır. Bütün bunlar aqrar sahəyə öz töhfəsini verir”.

Deputatın fikrincə, yaxın illərdə on minlərlə hektar torpaq əkin dövriyyəsinə cəlb ediləcək, böyük heyvandarlıq kompleksləri yaradılacaq ki, bu da kənd təsərrüfatında istehsalın 2 dəfəyə yaxın artmasına səbəb olacaq:

"Nəticədə ölkəmizdə dayanıqlı ərzaq təhlükəsizliyi daha da möhkəmlənəcək, eyni zamanda Azərbaycanın xarici dövlətlərə yüksək keyfiyyətli rəqabətədavamlı kənd təsərrüfatı məhsullarında ixrac payı əhəmiyyətli şəkildə artacaq”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26