Interposta.Info

“Gələcəkdə adi vətəndaş da elektrik enerjisi istehsal edib dövlətə satacaq”

İqtisadiyyat
 3-04-2021, 14:42     589

"Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz xeyli müddətdən bəri müzakirə olunan bərpa olunan enerji istehsalı ilə bağlı öz feysbuk hesabında paylaşım edib.

"İnterPosta" xəbər verir ki, ötən gün Prezident İlham Əliyevin bununla bağlı imzaladığı sərəncama toxunan ekspert paylaşımında bərpa olunan enerji mənbələrinin ölkənin ümumi enerji infrastrukturuna inteqrasiyası nəticəsində enerji sektorunda ciddi keyfiyyət dəyişikliyi yaranacağını qeyd edib:



"Prezident 230 MVt gücündə Günəş Elektrik Stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsi barədə Sərəncam imzalayıb. Prosesə 3 il bundan öncə başlanmışdı. Bu prosesə 7-8 dövlət qurumu ( Energetika Nazirliyi, ETSN, Azərenerji, Maliyyə Nazirliyi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və s. ) cəlb edilib. Ötən müddət ərzində onlar tərəfindən "İnvestisiya müqaviləsi”nin, "Enerji alqı-satqı müqaviləsi”nin, "Ötürücü şəbəkəyə qoşulma müqaviləsi”nin, "Torpaq icarə müqaviləsi”nin, "Birbaşa razılaşma”ların və "Müstəqil mühəndis müqaviləsi”nin layihələri hazırlanıb. 2019-cu ildə bərpa olunan enerji ilə bağlı işləri görmək üçün 9 xarici şirkət arasından iki şirkət, Birləşmiş Ərəb Əmirliklərinin "Masdar” şirkəti və Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power” şirkətləri seçilib. "ACWA Power” şirkəti 240 meqavat gücündə külək elektrik stansiyası quraşdıracaq”.

O əlavə edib ki, 2020-ci ilin yanvarında MASDAR şirkəti ilə Günəş Elektrik Stansiyasının tikintisi ilə bağlı müqavilə imzlanıb. Şirkət 2022-ci ilədək stansiyanın tikintisini başa çatdırmalıdır:

"ACWA Power” və "Masdar” şirkətlərinin bərpaolunan enerji mənbələri sahəsində həyata keçirəcəkləri pilot layihələr ümumilikdə $300 milyondan artıq qiymətləndirilir. Bu prosesə tanınmış beynəlxalq məsləhətçi təşkilat olan Norveçin DNV GL Energy Advisory GmbH şirkəti cəlb edilib. Bu şirkətin dəstəyi ilə "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Qanun layihəsi hazırlanıb”.

O. Gündüzün sözlərinə görə, bu gün Azərbaycanda elektrik enerjisinin 91,9%-i ənənəvi enerji resursundan - təbii qazdan alınır. Bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalı isə ümumi istehsalın cəmi 8,1%-i həcmindədir. Bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30%-dək artırılması nəzərdə tutulur: "Bərpa olunan enerji mənbələrinin ölkənin ümumi enerji infrastrukturuna inteqrasiyası enerji sektorunda ciddi keyfiyyət dəyişikliyi yaradacaq. Enerji sektorunda inhisarçılıq aradan qaldırılacaq, enerjinin qiymətləri ucuzlaşacaq. Güman ki, gələcəkdə adi vətəndaşlar da elektrik enerjisi istehsal edib özünə lazım olmayan hissəni dövlətə sata biləcək. Energetika Nazirliyinin, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin və Azərenerji-nin bu istiqamətdəki səyləri təqdirə layiqdir”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26