Interposta.Info

Qarabağın abadlaşması üçün ayrılmış 2,2 mlrd. manat necə xərclənəcək?

İqtisadiyyat / Manşet
 23-12-2020, 19:10     685

“İşğaldan azad edilən torpaqların bərpası üçün gələn il 2,2 mlrd. manat pul ayrılacaq. Bir çox insanlar bunun az, ya da çox olmasını müzakirə edirlər. Əslində, səhv yanaşmadır, çünki pulun miqdarı yox, Azərbaycan hökumətinin bu məsələ ilə bağlı "vizionu" müzakirəyə açılmalıdır”.

"İnterPosta"
xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli deyib. O qeyd edib ki, gələn il 2,2 mlrd. manat, əsasən, minalardan təmizləməyə, işğaldan azad edilmiş 127 km İran, 400 km-dən çox Ermənistan sərhəddinin yenidən təsis edilib mökəmləndirilməsinə, ilkin infrastruktur (yol, elektrik, qaz, su) layihələrinə xərclənəcək:

“Yəni gələn il şəhər və qəsəbələrin bərpası nəzərdə tutulmur, bir tək Şuşada bəzi bərpa işlərinin olması gözlənilir. Ümid edirəm ki, 2021-ci ildə hökumət bərpa "vizionu”nu cəmiyyətə açıqlayacaq, bu haqda ciddi elmi müzakirələr olacaq. Hələ ki, doğru olmayan yanaşma görünür. “Filan şəhərdə göydələnlər tikiləcək”, - kimi yanaşmalar kökündən yanlışdır. Düşünürəm ki, ilk əvvəl ərazilərin bərpa planı bütöv olmalı, kompleks yanaşma ilə tərtib edilməlidir, yəni hər şəhərin ayrıca planı olmaqla yanaşı, ərazilərin tamamını əhatə edən uzlaşdırıcı və bağlayıcı məqamlar olmalıdır. Bərpa planının ən son aşaması arxitekturadır, əvvəlnə istədiyimizi, hər şəhərin iqtisadi və sosial rolunun nədən ibarət olacağını bilməliyik. Ancaq bundan sonra arxitektura planlamasına keçmək olar”.

Ekspert hesab edir ki, kiçik kəndlərin hər birinin bərpasına ehtiyac yoxdur:

“İşğaldan azad edilən hər bir rayon mərkəzindən başqa, rayonun ərazisində 5-10 arası iri qəsəbənin yaradılması ilə bağlı qərar verilməli, onların yeri hərbi-strateji, sosial-iqtisadi və resurslara çıxış imkanı olan infrastrukturun asan yaradılması kriterlərinə görə seçilməlidir. İqtisadi bağlar mütləq əvvəlcədən düşünülməlidir, məsələn, əgər Ağdamda aqrar emal müəssisələri olacaqsa, onların xammalı Füzulidən, Cəbrayıldan, Hadrutdan gəlməlidir. Bununla yanaşı ən azı 2 şəhərdə tanınmış xarici universiterlərin filialları, kampusu olan elmi-tədris mərkəzi açılmalıdır”.

İqtisadçı vurğulayıb ki, hər bir bərpa olunan şəhərin öz missiyası olmalıdır:

“2 şəhər elm-təhsil mərkəzi olacaqsa, Şuşa mədəniyyət paytaxtı, Cəbrayıl yerli "Las-Vegas", Qubadlı və Kəlbəcək eko-turizm və sağlamlıq mərkəzi ola bilər. Bütün şəhər və qəsəbələr 21-ci əsr vizionu ilə salınmalıdır. Ekoloji şəhər nəqliyyatı, bərpa olunan enerji mənbəələri, velosiped yolları, smart şəhər yanaşması və s. buna əsaslanmalıdır. Hər bir şəhər və qəsəbədə iqtisadi fürsətlər üçün tam münbit şərait olnalıdır ki, əhalinin köçməsinin bir mənası və əsası olsun. Fərdi evlərin tikintisinə 0%-li kreditlər olmalı, hər bir fərdi ev avtonom bərpaolunan enerji mənbəyinə malik olmalıdır, damlarda günəş panelləri quraşdırılmalı, bunun infrastrukturu yaradılmalı, artıq qalan enerjini dövlət fiksə edilmiş qiymətlərlə alacağı zəmanətini verməlidir. Həmçinin investorlar üçün 7 illik 0% vergi zəmanəti öncədən qanun şəklində qəbul edilməlidir”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26