Interposta.Info

Neft kəmərlərinin ətrafını zəbt edən məmur və aldanmış vətəndaş (FOTOLAR)

İqtisadiyyat
 23-07-2020, 19:05     687

Bir müddət öncə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin həyata keçirdiyi əməliyyat nəticəsində həbs edilən Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri (baş memar) Akif Əliyevin yeni qanun pozuntuları üzə çıxıb.

"Yeni Sabah" xəbər verir ki, icra hakimiyyətinin yüksək vəzifəli məmuru kimi o, vətəndaşları qanun çərçivəsində tikinti aparmağa dəvət etməli olduğu halda, rüşvət alaraq qeyri-qanuni tikintilərin aparılmasına rəvac verib.

Nəticədə, aldadılan vətəndaşla dövlət üz-üzə qalıb.

Belə ki, Akif Əliyev birinci qrup əlil Qubad Qasımovdan müxtəlif yollarla təqribən 3 000 manat rüşvət alaraq, onun Masazır qəsəbəsi "Zəngilan şəhərciyi” deyilən ərazidə dəmir konstruksiyalardan köşk tikməsinə icazə verib.

Lakin həmin ərazi H.Əliyev adına NEZ-in 500 mm-lik dizel kəmərinin mühafizə zonasına düşür. İyun ayının 17-də avtobus dayanacağına bitişik halda inşa edilən köşk SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən aşkar edilib və ərazidə tikinti işlərinin aparılmasının qarşısı alınıb.

Qubad Qasımov israrla "budka” açmaq üçün icra hakimiyyətindən "icazə” aldığını bildirsə də, ona boru kəmərlərinin mühafizə zonasında tikinti işləri aparılmasının qanunla qadağan edildiyi izah olunub.

Aldadıldığını başa düşən Qubad Qasımov işləri dayandırmağa razılıq verib və Akif Əliyevdən haqqını tələb edəcəyini bildirib. Lakin bundan bir neçə gün sonra Akif Əliyev həbs edilib.

Çarəsiz vəziyyətdə qalan Qubad Qasımov heç bir halda zəbt etdiyi ərazini boşaltmaq istəmir, ona görə də, mühafizəçilərlə bir neçə dəfə münaqişə də yaradıb. O, icra hakimiyyəti əməkdaşlarına verdiyi rüşvətlərlə birlikdə ümumilikdə köşkün ərsəyə gəlməsi üçün təqribən 10 min manat xərc çəkdiyini deyir.

Qeyd edək ki, Akif Əliyev kimi insafını pula satan məmurlar tərəfindən Abşeron yarımadasının müxtəlif ərazilərində neft kəmərlərinin mühafizə zonasının qeyri-qanuni yollarla vətəndaşlara satılması halları geniş yayılıb.

Bu şəxslər çarəsiz insanları aldadaraq, onları uzun illər müxtəlif problemlərlə üz-üzə qoyurlar. Vətəndaşlara tövsiyə olunur ki, pul müqabilində neft kəmərlərinin mühafizə zonasında tikinti aparılmasına icazə verəcəyini deyən şəxslərin vədlərinə inanmasınlar. Bu cür cinayətkar işbazlarla sövdələşmək sizin maddi itki ilə üzləşməyinə səbəb ola bilər.

Xatırladaq ki, qüvvədə olan normativ-hüquqi aktlara əsasən, neft kəmərlərinə minimum 50 metr məsafədə şəxsi tikinti işlərinin aparılması qadağandır. Bu normalar neft və qaz kəmərləri kimi mühüm strateji əhəmiyyətli obyektlərin təhlükəsizliyinin təmin olunması, zəruri hallarda müvafiq təmir-bərpa işlərinin aparılması, ən əsası isə vətəndaşların sağlamlığının qorunması baxımından həyati əhəmiyyət kəsb edir.

Çünki kəmərlərdə baş verə biləcək hər hansı qəza və ya partlayış kifayət qədər ağır nəticələnən faciələrə səbəb ola bilər. Neft və qaz kəmərlərinin üç-beş metrliyində, bəzən isə hətta kəmərlərin üzərində ev, obyekt tikmək istəyən şəxslər bütün bunları da nəzərə almalıdırlar.

İnterPosta.info




Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26