Interposta.Info

Neft hasilatının azaldılması müddəti artırıldı: nəticə nə olacaq?

İqtisadiyyat
 2-07-2019, 21:24     10 320

OPEK və OPEK+ ölkələri neft hasilatının azaldılması barədə razılaşmanın müddətinin 9 ay uzadılması barədə razılığa gəliblər. “Yeni Müsavat” xarici mətbuata istinadən xəbər verir ki, razılaşma Vyanada keçirilən iclasda əldə olunub və xüsusi xartiyada əksini tapmaqla bütün ölkələr tərəfindən imzalanıb.

Qərar barədə açıqlama verən Rusiyanın energetika naziri Aleksandr Novak bildirib ki, xartiya gələcək tərəfdaşlığın təməli olacaq. Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl Falih qeyd edib ki, qeyri-OPEC ölkələri də OPEC sazişinin 9 ay müddətinə uzadılması ilə bağlı qərara qoşulublar. O bildirib ki, sazişin 9 ay müddətinə uzadılması razılaşdırılıb və fiziki olaraq xartiya bütün OPEC+ ölkələri arasında imzalanıb.

Tədbirdə Azərbaycanı təmsil edən energetika naziri Pərviz Şahbazov bildirib ki, ölkəmizin xartiyanı imzaladığını bildirib. Onun sözlərinə görə, ötən ilin dekabrında qəbul edilmiş “Əməkdaşlıq Bəyannaməsi” üzrə öhdəliklərin artıqlaması ilə yerinə yetirilməsi nəticəsində neftin kəskin ucuzlaşmasının qarşısı alınıb. Həm istehsalçı, həm də istehlakçıların maraqlarına cavab verən qiymət həddi formalaşıb: “Lakin may ayının sonundan başlayaraq yenidən neftin ucuzlaşma tendensiyasını müşahidə edirik. Bu il qlobal neft tələbatının ötən illə müqayisədə 1 milyon140 min barel artması ilə bağlı proqnozlara rəğmən, bazarda həddindən artıq neft tədarükü var. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində neft ehtiyatları artmaqda davam edir. Qlobal neft təklifinin növbəti illərdə də tələbatı üstələyəcəyi gözlənilir. Ona görə də tənzimləmə tədbirlərini davam etdirməklə neft hasilatının məhdudlaşdırılması ilə bağlı razılaşmanın müddətinin uzadılmasına ehtiyac var”.

Nazir çıxışında may və iyun aylarında Azərbaycanın gündəlik neft hasilatını 20 min barel azaltmaqla bağlı öhdəliyini tam yerinə yetirdiyini və razılaşmanın qüvvədə olduğu 6 ay ərzində orta gündəlik neft hasilatının 125 faiz icra edildiyini də qeyd edib.

Hasdilatın azaldılması qərarının müddətinin uzadılmasını şərh edən neft sahəsi üzrə ekspert, “Neft” Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, qərar bazara müsbət təsir göstərməyə başlayıb: “Bu təsir dərhal hiss olunmağa başladı, qiymətlər yüksəldi. Qərar bazarda dayanıqlıq yaranmasına səbəb olacaq. Bu baxımdan qiymətlərin 60-65 dollar civarında sabitləşəcəyi gözlənilir. Buna həm də bazara təsir edən digər amillər imkan verəcək. Belə amillərdən biri ABŞ-Çin ticarət savaşıdır. G20 sammitində ABŞ və Çin rəhbərləri görüşdülər, prezident Donald Tramp mübahisələrin həllinə dair müsbət fikirlər səsləndirdi, bəzi qərarlar qəbul etdi. Bütün bunlar bazarda qiymətlərin sabitləşməsinə imkan verəcək”.

İqtisadçı-ekspert Pərviz Heydərov hesab edir ki, neftin dünya bazar qiymətlərinin bahalaşması üçün iqtisadi əsaslar faktiki olaraq mövcud deyil: “Yəni mövcud vəziyyət bundan ibarətdir ki, dünya bazarına neft təklifi tələbi üstələyir. Bu şəraitdə bazar tənzimlənməsə qiymətlərin enməsi labüddür. Sadəcə, dünya neft bazarına təsir edən amillər sırf iqtisadi xarakterli olmadığına görə qiymətlər bir çox hallara reallıqdan çox fərqli diapazonda dəyişir. Bu, uzun illərdir belədir, yəqin ki, yaxın illərdə də belə olacaq. Bu baxımdan, OPEK və OPEK+ ölkələrinin qərarı gözlənilən idi, əvvəlcədən proqnozlaşdırılmışdı”.

ABŞ-ın qiymətlərin endirilməsi yönündə təzyiqlərinə gəlincə, P.Heydərovun sözlərinə görə, nə qədər böyük oyunçu olsa belə, bu ölkə bazara təsir edən yeganə güc deyil: “Qiymətlə bağlı ABŞ-la ən böyük hasilatçı Səudiyyə Ərəbistanı ilə 2016-cı ildən bəri ciddi fikir ayrılığı var. Bu məsələdə tərəflərin hərəsi öz maraqlarından çıxış edir. Bu maraqlar tələb edir ki, neftin qiymətini məqbul həddə saxlamaq üçün Səudiyyə Ərəbistanı hasilatın azaldılmasına dəstək versin. Çünki qiymətlərin 50 dollar civarında olması ər-Riyada qətiyyən sərf etmir. Düşünürəm ki, bu qərar neftin qiymətinin yalnız bu il deyil, növbəti il ərzində də 60 dollar civarında dəyişməsinə şərait yaradacaq”.

İqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov da qeyd edir ki, məlum qərar qəbul olunmasaydı, dünya bazarında neftin qiyməti kəskin şəkildə ucuzlaşacaqdı: “Bu qərar faktiki olaraq zərurətə çevrilmişdi. Qərar bazarda kəskin təbəddülatların qarşısını alacaq. OPEK mövcud alətlərlə qiymətin enməsinin qarşısını almağa çalışır. Digər tərəfdən, bu addım göstərir ki, hasilatın uzunmüddətli dövrdə azaldılmasına dair qurumun bəlli bir strategiyası yoxdur. Çünki OPEK eyni zamanda hasilatın uzunmüddətli dövrdə azaldılacağı təqdirdə bazar payını itirməkdən qorxur. Xüsusilə də ABŞ-ın hasilatı sürətli artırması şəraitində belə təhlükə kifayət qədər realdır. Bu baxımdan, OPEK hədəflə prioritet arasında balans qurmağa çalışır”.

Ekspertin fikrincə, qərar bazarda kəskin artıma gətirib çıxarmayacaq: “Bu qərar yalnız mövcud qiymət intervalını qoruyub saxlamağa və qiymət volatilliyini optimallaşdırmağa yönəlib. Bu baxımdan bazarda ciddi artımlar olmayacaq. Bunun üçün hazırda heç bir iqtisadi və siyasi səbəb yoxdur”./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26