Interposta.Info

Azərbaycan əhalisi daha çox nəyə pul xərcləyir?

İqtisadiyyat
 19-06-2019, 17:35     10 328

2019-cu ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,8 faiz üstələyərək 14,3 milyard manata bərabər olub.

İnterPosta.info Trend-ə istinadən xəbər verir ki, ticarət dövriyyəsinin 7,2 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 7,1 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar-may aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,4 faiz və 3,1 faiz artıb.

Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:

Azərbaycan əhalisi daha çox nəyə pul xərcləyir?

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,2 faizi ərzaq məhsullarının, 5,0 faizi içkilər və tütün məmulatlarının, 18,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi elektrik malları və mebellərin, 5,7 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,0 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

2019-cu ilin yanvar-may aylarında istehlak məhsullarının dəyər ifadəsində 20,5 faizi ticarət müəssisələri, 48,4 faizi fərdi sahibkarlar tərəfindən, 31,1 faizi isə bazar və yarmarkalarda satılıb. 2018-ci ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 27,5 faiz, fərdi sahibkarlar üzrə 0,1 faiz artıb, bazar və yarmarkalarda isə 5,4 faiz azalıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 290,1 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 10,4 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 145,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 144,6 manatlıq qeyri-ərzaq məhsulları alıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26