Interposta.Info

Heyvandarlıqla bağlı yeni dövlət proqramı hazırlanıb

İqtisadiyyat
 18-04-2019, 23:00     10 412

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ölkənin heyvandarlıq məhsullarına olan tələbatını daxili istehsal hesabına təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasında 2019-2023-cü illərdə heyvandarlığın inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair dövlət proqramı” layihəsi hazırlanaraq ictimai müzakirəyə təqdim olunub.

Sənədə görə, dövlət proqramının məqsədi yeni təsərrüfatçılıq modellərinin tətbiqi ilə cins tərkibinin yaxşılaşdırılması hesabına heyvandarlıqda genetik potensiala uyğun məhsuldarlığa və heyvandarlığın davamlı inkişafına nail olunması, ölkə əhalisinin heyvan mənşəli məhsullara tələbatının əsasən yerli məhsullar hesabına ödənilməsi, ixrac imkanlarının yaranması, heyvandarlıq müəssisələrinin yem təminatının yaxşılaşdırılması və örüş-otlaq sahələrinin məhsuldarlığının artırılması yolu ilə səmərəli istifadənin təmin edilməsi, emal sənayesinin inkişaf etdirilməsi və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün heyvandarlığın inkişafının stimullaşdırılmasıdır.

Layihədə qeyd olunur ki, dünya üzrə bir baş iribuynuzlu heyvanın illik orta süd məhsuldarlığı 2.4 tondur. Azərbaycanda bu göstərici 1.5 ton təşkil etməklə, dünya üzrə orta göstəricidən 38 faiz aşağıdır. Bununla belə, bir sıra dünya ölkələrində süd istehsalında 1 inəkdən 13 tona yaxın süd istehsal olunmaqla daha yüksək məhsuldarlığa nail olunub.

Dünyada bir baş iribuynuzlu heyvandan orta hesabla 213 kiloqram, bir baş xırdabuynuzlu heyvandan isə 15 kiloqram ət alınır. Azərbaycanda iribuynuzlu heyvanlar dünya üzrə orta göstərici ilə müqayisədə təxminən 2 dəfə aşağı çəkidə kəsilir. Ölkəmizdə bir baş xırdabuynuzlu heyvandan orta hesabla əldə edilən ətin miqdarı dünya üzrə orta göstəriciyə bərabər olsa da, bir sıra ölkələrdəki göstəricidən təxminən 2 dəfə azdır.
2017-ci ildə Azərbaycanda bütün növ ət və ət məhsullarının istehsal həcmi 316.8 min ton, özünütəminetmə səviyyəsi 84.7 faiz olub. Bu dövrdə kənd təsərrüfatı müəssisələrində iribuynuzlu heyvanların diri çəki artımının bir sentnerinin maya dəyəri 327.4 manat, 1 sentner mal ətinin diri çəkidə respublika üzrə orta satış qiyməti isə 392.2 manat olub. Beləliklə də mal əti istehsalının rentabellik səviyyəsi 19.8 faiz təşkil edib. Qeyd olunan dövrdə qoyun və keçi ətinin diri çəkidə bir sentnerinin maya dəyəri və satış qiyməti müvafiq olaraq 273.7 manat və 426.7 manat olub, rentabellik səviyyəsi isə 55.9 faiz təşkil edib.

Sənəddə qeyd olunur ki, 2018-ci ilədək 30-a yaxın kommersiya bankı tərəfindən sahibkarlara iribuynuzlu və xırdabuynuzlu heyvandarlığın inkişafı üçün 290 milyon 321 min manat kredit verilib. Həmin dövrdə Sahibkarlığın İnkişafı Fondu tərəfindən isə 25 iribuynuzlu heyvandarlıq kompleksinin, 1 xırdabuynuzlu heyvandarlıq təsərrüfatının, 9 ət kəsimi və emalı müəssisəsinin, 10 süd emalı müəssisəsinin, 49 damazlıq yumurta və broyler təsərrüfatının yaradılması dəstəklənib.

2017-ci ildə süni mayalanma yolu ilə əldə olunan buzovlara görə sahibkarlara 4.5 milyon manat, 2018-ci ildə isə 6.0 milyon manat subsidiya verilib. Bu 6 milyon manatın 0.7 milyon manatı 2017-ci ildə döğulmuş buzovlara görədir.

2008-2018-ci illər ərzində “Aqrolizinq” ASC ərəfindən 30356 baş iribuynuzlu və 5947 baş xırdabuynuzlu heyvan alınaraq 50 faiz güzəştlə fermerlərə satılıb. Buna 115.2 milyon manat sərf olunub.

KTN Aqrar Tədqiqatlar Mərkəzinin müşaviri Firdovsi Fikrətzadənin “Yeni Müsavat”a dediyinə görə, Azərbaycanda mövcud olan iribuynuzlu və xırdabuynuzlu heyvanların əsas hissəsini yerli, az məhsuldar cinslər təşkil edir: “Ət və süd istehsalının artırılması, özünütəminetmə səviyyəsinin yüksəldilməsi və bütün bunların örüş-otlaq ərazilərindən daha səmərəli istifadə edilməklə həyata keçirilməsi üçün heyvanların cins tərkibinin yaxşılaşdırılmasına zərurət var”.

Mütəxəssis bildirir ki, heyvandarlığın inkişafında mühüm rol oynayan amillərdən biri də heyvandarlığın yem bazasıdır. Hazırda Azərbaycanda əsasən təbii yemləməyə üstünlük verilir və heyvanlar əsasən kəndətrafı örüş və otlaq sahələri hesabına yemləndirilir: “2018-ci ilin torpaq balansı məlumatlarına əsasən ölkədə 2327,4 min hektar örüş-otlaq sahələri mövcuddur. Örüş-otlaq torpaqlarının 1,3 milyon hektarı qışlaqlardan, 530 min hektarı yaylaqlardan (onun 200 min hektarı işğal altında), qalan 497,4 min hektarı kəndətrafı örüşlərdən ibarətdir. Bu sahədə əsas problem mövcud olan örüş-otlaq sahələrinin normadan artıq yüklənməsi ilə bağlıdır. Eyni zamanda örüş-otlaq sahələrinin daha effektiv idarə edilməsi mexanizminin hazırlanmasına ehtiyac var. Mövcud qanunvericiliyə görə yay və qış otlaqları dövlət mülkiyyətində saxlanılmış, kəndətrafı örüşlər isə bələdiyyə mülkiyyətinə verilmişdir. Heyvandarlıq fəaliyyəti ilə məşğul olan fermer və iri təsərrüfatların fəaliyyətinin genişlənməsi və tələb olunan yemin strukturunda təbii yemin üstünlük təşkil etməsi dövlət və bələdiyyə torpaq fonduna aid olan otlaqların, kənd ətrafı örüşlərin, meşə torpaqlarının və qoruqların normadan artıq istismar olunmasına gətirib çıxarıb”.

F.Fikrətzadənin sözlərinə görə, heyvandarlıq təsərrüfatlarının qüvvəli yemə olan tələbatının ödənilməsində təsərrüfatların özləri tərəfindən istehsal edilən müxtəlif taxıl məhsulları əsas yer tutur: “Azərbaycanda taxıl bitkiləri üzrə heyvan və quş yemi kimi heyvanların yem rasionu üzrə tələbatı 271 min ton qarğıdalı, 472 min ton buğda və 481 min ton arpa təşkil etməklə, ümumilikdə 1.22 milyon ton qüvvəli yemə tələbat mövcuddur. Eyni zamanda müxtəlif kənd təsərrüfatı məhsullarının emalından alınan kəpək, çiyid və s. kimi məhsullar da qüvvəli yem kimi istifadə olunur. Son dövrlər ölkədə sənaye üsulu ilə yem məhsulu istehsalında ixtisaslaşmış yeni sənaye müəssisələri də yaranmağa başlayıb. Belə ki, 2017-ci ildə 36 min ton qarışıq yem istehsal olunub ki, 2007-ci ildə bu göstərici cəmi 0.2 min ton təşkil edirdi. İstehsal göstəricilərinin artmasına baxmayaraq, bu məhsullara olan tələbatın böyük hissəsi hələ də idxal hesabına ödənilir. 2017-ci ildə ölkəyə 120 min tondan çox müvafiq məhsul idxal olunub. Ölkədə istehsal edilən yem məhsullarının əsas xammal təminatında da idxalın payı yüksək olaraq qalmaqdadır. Dövlət proqramında bu asılılığın azaldılması üçün tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur”.

Dövlət proqramının icrası nəticəsində ət-süd istehsalının və özünütəminetmə səviyyəsinin artması, heyvanların cins tərkibinin yaxşılaşması, etibarlı və təhlükəsiz уеm təminatının gücləndirilməsi və ondan səmərəli istifadə edilməsi, örüş və otlaqlardan səmərəli istifadə edilməsi nəzərdə tutulur. Bundan əlavə, 2023-cü ilədək iyirmi başdan iki min başa qədər müxtəlif tutumlu südlük və ətlik istiqamətli maldarlıq komplekslərinin yaradılmasının dəstəklənməsi, 5-10 başlıq ətlik-südlük istiqamətli qaramaldan ibarət ailə-kəndli təsərrüfatlarının yaradılması təcrübəsinin yayılması, müxtəlif tutumlu qoyunçuluq komplekslərinin yaradılmasının dəstəklənməsi, heyvan mənşəli emal məhsullarına və yem əlavələrinə vergi güzəştlərinin tətbiqi ilə bağlı vergi məcəlləsinə dəyişikliklərin edilməsi məqsədilə təkliflərin hazırlanması, otlaqlaqların bərpası və mədəni otlaqların genişləndirilməsi məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsi və sair tədbirlərin həyata keçirilməsi təklif olunur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26