Interposta.Info

Pensiyalar nə qədər artacaq?

İqtisadiyyat
 7-01-2019, 23:44     10 572

Qubad İbadoğlu artımı şərh edir: "Artım 4-7 manat intervalında dəyişəcək"
Bu gün Əmək və əhalinin sosial müdafiəsi naziri açıqlamasında bildirib ki, pensiyaçılar artımları gələn aydan etibarən ala biləcəklər.
İnterPosta.info xəbər verir ki, iqtisadçı ekspert Qubad İbadoğlu bununla bağlı sosial şəbəkədə şərh yazıb. Ekspert öncə yazıb ki, Dövlət Statistika Komitəsindən gözlənilən rəqəm nominal əmək haqqının orta illik artım tempi göstəricisidir:

"Belə ki, 2018-ci ilin yanvar-oktyabr aylarında nominal əmək haqqının orta illik artım tempi 2,8 faiz olub. Çox böyük ehtimalla ilin sonuna bu rəqəm 3 faizi ötməyəcək. Belə olan halda da pensiyalar ötən ilki nominal əmək haqqının orta artım tempinə uyğun indeksləşdiriləcək. Yəni, səxavətli hakimiyyətimizin sosial qayğısı ilə pensiyası 130 manat olanlar üçün 3 manat 90 qəpik, 150 manat olanlar üçün artım 4 manat 50 qəpik, 180 manat olanlar üçün artım 5 manat 40 qəpik, 200 manat olanlar üçün artım 6 manat, 220 manat olanlar üçün artım 6 manat 60 qəpik, 250 manat olanlar üçün artım 7 manat 50 qəpik artım gözlənilir".

Q.İbadoğlu həmçinin xatırladıb ki, 2019-cu ildə Azərbaycanda orta aylıq pensiyanın 240 manat və ya 141 dollar olacağı gözlənilir:
"Müqayisə üçün qeyd edim ki, ötən il orta aylıq pensiya Qazaxıstanda 240 dollar, Rusiyada 209 dollar, Belarusda 181 dollar, Gürcüstanda 145 dollar olub".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26