Interposta.Info

Payızda bu məhsullar bahalaşa bilər

İqtisadiyyat
 7-09-2018, 09:55     10 490

Ekspert: “Məhsul yığımının sonlanması ilə əlaqədar oktyabrda bütün kənd təsərrüfatı məhsullarının qiymətində artım gözlənilir”

Qarşıdan payız mövsümü gəlir. Belə ki, sentyabrın 23-də ölkəmizdə artıq payız fəsli başlayacaq. Bəs bu mövsümdə nələr bahalaşa bilər?

Öncə xatırladaq ki, bir neçə gün öncə Azərbaycana idxal edilən kartofun gömrük rüsumu iki dəfə artırılıb. Bu səbəbdən ehtimal olunurdu ki, payız mövsümündə “ikinci çörək” hesab edilən kartofun qiyməti də bahalaşacaq. Lakin ötən gün Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdir müavini Vüqar Hüseynov REAL TV-yə açıqlamasında qeyd etdi ki, rüsumun iki dəfə artmasına baxmayaraq kartofun qiymətində artma olmayacaq: “Azərbaycan tələbatını daxili istehsalın hesabına ödəyə bilir. Kartofun gömrük rüsumunun iki dəfə artırılması fermerlərə dəstəkdir. Onlar öz məhsullarını rahat sata biləcəklər”.

Qeyd edək ki, yay mövsümündə paytaxt Bakıda ət və çörəyin nisbətən bahalaşması artıq müşahidə edilirdi. Bakı Statistika İdarəsinin bu günlərdə yaydığı məlumata görə, 2018-ci ilin iyul ayında iyun ayına nisbətən istehlak bazarında “Çörək məmulatları və yarmalar” qrupu 0,1 faiz, “Ət məhsulları” qrupu 0,3 faiz, “Balıq məhsulları” qrupu 1,1 faiz, “Yağ və piylər” qrupu 0,2 faiz, “Qənd, cem, bal, şokolad və konfetlər” qrupu 0,2 faiz, “Digər kateqoriyalara aid edilməyən yeyinti məhsulları” qrupu 0,2 faiz, “Mineral sular, sərinləşdirici içkilər və şirələr” qrupu 0,1 faiz, “Araq, brendi (konyak)” qrupu 0,2 faiz, “Pivə” qrupu 0,1 faiz bahalaşıb.

Qeyri-ərzaq məhsullarından “Mebel və ev əşyaları” qrupunun qiyməti 0,1 faiz, “Tibb təyinatlı digər məhsullar” qrupu 0,2 faiz, “Telefon aparatları” qrupu 0,4 faiz, “Dəftərxana ləvazimatı və şəkil çəkmək üçün ləvazimat” qrupu 0,5 faiz, “Şəxsi gigiyena üçün digər məmulatlar” qrupu 0,1 faiz, “Zərgərlik məmulatları” qrupu 0,6 faiz, “Sair şəxsi istifadə əşyaları” qrupu 0,9 faiz yüksəlib.

Həmçinin xidmət sektorunda da qiymət artımı baş verib. Belə ki, 2018-ci ilin iyul ayında iyun ayına nisbətən “Paltarların təmizlənməsi, təmiri və kirayəsi” qrupu 0,5 faiz, “Dəmiryol sərnişindaşıma nəqliyyatı xidmətləri” qrupu 4,6 faiz, “Hava sərnişindaşıma nəqliyyatı xidmətləri” qrupu 2,2 faiz, “Ödənişli ali təhsil haqqı” qrupu 0,5 faiz, “Mehmanxana xidməti” qrupu 0,7 faiz, “Bərbərxana və kosmetik xidmətlər” qrupu 0,1 faiz bahalaşıb.

Beləliklə, bəs payız mövsümündə nələr bahalaşa bilər?

İqtisadçı Rəşad Həsənov sualımıza bu cür şərh bildirdi:

“Əsasən kənd təsərrüfatı məhsullarında qiymət artımı gözlənilir. Məhsul yığımının sonlanması ilə əlaqədar oktyabrda bütün kənd təsərrüfatı məhsullarının qiymətində artım gözlənilir. Ümumilikdə isə, növbəti mövsümdə digər məhsul növləri üzrə də qiymət artımları gözlənilir. Bu da əsasən büdcə xərclərinin artması və digər məsələlər, o cümlədən məhsulların dünya bazarında qiymətinin dəyişməsi, bazarda rəqabətin zəif olması ilə bağlı olacaq. Beləliklə, qiymət artımı mərhələli şəkildə davam edəcək"./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26