Interposta.Info

Neftimizi kim çıxardır, kim qazanır?

İqtisadiyyat
 31-08-2018, 08:36     10 390

“Qazancın 84-85 faizi Azərbaycana çatır”

Ötən il Azərbaycanda 38 milyon 777,5 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 28 milyard 563,5 milyon kubmetr təbii qaz hasil olunub. Bu il neft hasilatının təxminən eyni həddə olacağı gözlənilir.

Energetika Nazirliyinin məlumatına görə, cari ilin iyul ayı ərzində respublika üzrə gündəlik neft hasilatı 796,7 min barrel olub. Bunun 745,1 min barrelini xam neft, 51,6 min barrelini kondensat təşkil edib. Gündəlik 611,3 min barrel xam neft, 51,6 min barrel kondensat, 15,7 min barrel isə neft məhsulları ixrac edilib.

Qeyd edək ki, ölkə üzrə gündəlik neft hasilatı yanvar ayı ərzində 793,9 min barrel, fevralda 776,4 min barrel, martda 733,3 min barrel, apreldə 781,1 min barrel, mayda 785,3 min barrel, iyunda isə 793,7 min barrel olub.

Azərbaycan neftini kim çıxarır - dövlətin və xarici şirkətlərin bu hasilatda payı nə qədərdir?

Suallara cavab verən enerji sahəsi üzrə mütəxəssis, Neft Araşdırmaları Mərkəzini rəhbəri İlham Şaban bildirir ki, Azərbaycanda neftin 80 faizi bp şirkəti(Azəri-Çıraq-Günəşli və “Şahdəniz” yataqlarında) tərəfindən, 2 faizi digər şirkətlər, 18 faizi isə Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən çıxarılır: “SOCAR-ın "Azneft" İstehsalat Birliyinin illik istehsalı 5,5 milyon ton təşkil edir. Son illərdə istehsal həcmləri azalır. Bunun səbəblərindən biri budur ki, xarici şirkətlərlə müqavilələr imzalandıqca yataqlar SOCAR-ın balansından çıxarılaraq həmin şirkətlərin balansına verilir. İkincisi isə SOCAR-ın balansında olan yataqlardan yalnız “Ümid”də istehsal artır, qalanlarında isə tədricən təbii olaraq hasilatın azalması gedir".

Neft hasilatından əldə edilən gəlirlərin bölünməsinə gəlincə, ekspert deyir ki, burada nisbət tamam fərqlidir. Belə ki, xarici şirkətlərlə bağlanmış müqavilələrə əsasən çıxarılan neftin 75 faizi Azərbaycan dövlətinin payıdır: “Azərbaycanın əldə etdiyi ümumi gəlir bir neçə maddə üzrə hesablanmalıdır. Yəni 75 faizlik dövlət payından əlavə, yataqlarda işləyən şirkətlərin dövlət büdcəsinə ödədikləri vergilər, SOCAR-ın layihələrdəki payı, Azərbaycanın dövlət və özəl şirkətlərinin layihələrdə podratçı qismində çalışaraq əldə etdiyi mənfəət, azərbaycanlı işçilərin əmək haqqı, bu əmək haqqına görə ödənilən sosial ödənişlər və gəlir vergisi - bunların hamısını topladıqda, Azərbaycanın neft hasilatı üzrə sazişlərdən əldə etdiyi gəlirlər 84-85 faiz təşkil edir”./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26