Interposta.Info

Türkiyə böhranı adladımı? Kritik deyilən10 gün arxada qaldı

İqtisadiyyat
 22-08-2018, 14:29     10 403

ABŞ prezidenti: “Türkiyənin hərəkətləri çox məyusedicidir. Mən onların dəhşətli səhvə yol verdiklərini düşünürəm”.

ABŞ prezidenti Donald Trampın rahib Bronsonun azad edilməsi məsələsində Türkiyəyə daha heç bir güzəştin edilməyəcəyi barədə açıqlamasından sonra türk lirəsi ABŞ dolları qarşısında bir qədər də dəyər itirib. “Reuters” agentliyinin bununla bağlı məlumatına görə, dolların məzənnəsi 6,09 lirədən 6,16 lirəyə yüksəlib.

Xatırladaq ki, Tramp “Reuters” agentlyinə verdiyi müsahibədə Türkiyəyə qarşı mövqeyindən hər hansı güzəştə getməyəcəyini bildirib. Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla “əvvəllər bir-birilərini yaxşı başa düşdüklərini” deyib. Amma bildirib ki, Ərdoğanın rahib Bronsonu azadlığa buraxmaqdan imtina etməsi “qorxunc səhv” oldu (virtualaz.org).

Trampın sözlərinə görə, o, Ərdoğanla anlaşma əldə etmişdi. Həmin anlaşma çərçivəsində ABŞ prezidenti İsraildə həbsdə olan bir Türkiyə vətəndaşının azadlığa buraxılmasını təmin edib. Bunun əvəzində Ərdoğanın rahib Bronsonu azadlığa buraxacağını gözləyib: “Onun üçün (Ərdoğan nəzərdə tutulur - red.) həmin Türkiyə vətəndaşının azadlığa buraxılmasını təmin etdim. Onun da (Ərdoğanın - red.) bu məsum və mükəmməl insanı, möhtəşəm ata və gözəl xristian olan o adamı (Bronsonu) Türkiyədən buraxmasını gözlədim”.

ABŞ prezidenti əlavə edib ki, Türkiyənin hərəkətləri “çox məyusedicidir”: “Mən onların dəhşətli səhvə yol verdiklərini düşünürəm. Hər hansı güzəşt olmayacaq”.

ABŞ prezidenti onu da deyib ki, Türkiyəyə qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların başqa ölkələrin iqtisadiyyatına təsirindən narahat deyil: “Heç narahat deyiləm, bu düzgün addım idi”.

Tramp onu da deyib ki, Amerika tərəfi daha Türkiyə ilə “bazarlıq” etməyəcək və hər hansı güzəştlər müzakirə olunmayacaq: “Türkiyəni sevirəm, insanlarını çox sevirəm. Bu ana qədər, bildiyiniz kimi, prezidenti ilə də çox yaxşı münasibətlərim var idi. Onunla yaxşı anlaşırdıq. Amma bu, birtərəfli ola bilməz. Artıq ABŞ tərəfdən birtərəfli yollar olmayacaq”.

Göründüyü kimi, ABŞ prezidenti Türkiyəyə qarşı münasibətdə hər hansı yumşalma ehtimalını istisna edir. Bu şəraitdə Türkiyə iqtisadiyyatında yaranan sakitlik nə qədər uzunömürlü ola bilər? Qardaş ölkənin problemlərinin arxada qaldığını söyləmək olar, yoxsa yenidən böhran əlamətləri meydana çıxa bilər?

Sualları cavablandıran iqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu deyir ki, Türkiyə iqtisadiyyatı əsas kritik dövrü keçib: “Bu dövrdə əsas zərbə alan yalnız lirə olmadı, ölkənin maliyyə-bank sektoru da ciddi zərər gördü. Bu baxımdan Türkiyə iqtisadiyyatının böhrandan çıxdığını söyləmək hələ tezdir. Hesab edirəm ki, hazırda lirənin möhkəmlənməsi keçid dövründəki gözləntilərlə bağlıdır. Yəni bundan sonrakı iqtisadi siyasət və eyni zamanda ölkə başçısının mövqeyi, xarici siyasət, ticari siyasətlər kimi amillər sonrakı proseslərdə önəmli rol oynayacaq. Amma əsas odur ki, Türkiyə iqtisadiyyatı Mərkəzi Bank tərəfindən daha düzgün tənzimlənir və Maliyyə Nazirliyi prosesdə kifayət qədər fəal iştirak edir. Çox yaxşıdır ki, Mərkəzi Bankın həyata keçirdiyi siyasət də ilkin müsbət nəticələrini verir”.

İqtisadçı-alimin fikrincə, orta və uzunmüddətli dövrdə Türkiyə iqtisadiyyatında ciddi dəyişikliklərə ehtiyac yaranacaq: “Bu dəyişikliklər əsasən maliyyə-bank sektorunda, pul-kredit və fiskal siyasətlə əlaqəli proseslərdə müşahidə olunacaq. Amma bu gün lirə sabit duruma gəlib çıxsa da, ölkədə inflyasiya gözləntiləri hələ də qalır. Hesab edirəm ki, yaxın dövr üçün ən mühüm çağırışlar inflyasiyanın idarə olunması olacaq. Çünki inflyasiyanın ikirəqəmli olması Türkiyədə sosial vəziyyətin pisləşməsini şərtləndirəcək. Yəni hər şey bitdi demək hələ tezdir. Hesab edirəm ki, iqtisadiyyat sektorunda gedən dəyişikliklərlə yanaşı, çox vacib məsələlərdən biri də Türkiyənin Qərbə olan münasibətinin hansı səviyyədə çözülməsi olacaq. Türkiyə, Rusiya və İran üçlüyü Çinlə birlikdə qarşılıqlı ticarətdə milli valyutalardan istifadəyə keçərlərsə, bu, lirənin yenidən dəyərsizləşməsinə gətirib çıxara bilər. Buna görə də hazırkı dövr üçün ən vacib məsələlərdən biri ticari müharibəyə son qoyulmasıdır”.

Q.İbadoğlunun sözlərinə görə, Türkiyənin digər əsas problemi olan xarici borclar məsələsini də tezliklə həll etmək mümkün deyil: “Bu problemin tezliklə həlli ölkədə valyutaya tələbi artıra və lirənin məzənnəsində təkrar dəyişikliyə gətirib çıxara bilər. Ona görə də yaxın dövr üçün Türkiyədə xüsusilə də məzənnənin sabitləşməsi üçün əlavə valyuta rezervlərinin yaradılması, xarici ticarətdə mənfi saldonun azaldılması üçün təşəbbüs və dəyişikliklərə daha çox ehtiyac var”.

Müsahibimiz bildirir ki, ABŞ-Türkiyə münasibətlərindəki böhran qısamüddətli dövrdə Türkiyəyə, uzunmüddətli dövrdə isə ABŞ-ın özünə zərər vuracaq: “Ümumiyyətlə, Türkiyədəki mövcud böhran bir neçə riski hələ də saxlayır. Bunlardan birincisi Türkiyədən yatırımların qaçması, eyni zamanda bu böhranın digər ölkələrə yayılmasıdır. İkinci risk Türkiyə iqtisadiyyatının dərin durğunluğa girməsi ehtimalıdır. Bu il üçün Türkiyədə iqtisadi artımın ötən ilə nisbətən daha zəif olması gözlənilir. Belə zəifləmə davam edərsə, durğunluğa gətirib çıxarar. Üçüncüsü isə Türkiyə ilə Qərb arasında bağların tamam qopmasıdır. Hansı ki, bu, qısamüddətli dövrdə Türkiyə iqtisadiyyatında ciddi böhrana gətirib çıxara bilər. Bu şəraitdə Türkiyənin beynəlxalq maliyyə-kredit təşkilatları ilə əməkdaşlığı genişləndirməsinə ciddi ehtiyac var. Xüsusilə də Beynəlxalq Valyuta Fondunun yardımları Türkiyə üçün əhəmiyyətli ola bilər”./pia.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26