Interposta.Info

Neft yenidən ucuzlaşmağa başladı

İqtisadiyyat
 19-07-2018, 09:29     10 415

Vüqar Bayramov: “Yeni neft şoku baş verə bilər”
Dünya bazarında neftin qiymətində ucuzlaşma davam edir. Belə ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,39 dollar və ya 0,57 faiz ucuzlaşaraq 67,69 dollar olub.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,32 dollar və ya 0,44 faiz azalaraq 71,84 dollar təşkil edib.

Azərbaycan nefti də ucuzlaşmaqdadır. “AzeriLight” markalı neftin 1 barelinin dəyəri 0,45 dollar və ya 0,61 faiz azalaraq 73,34 dollar olub.

İqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun sözlərinə görə, son günlərdə dünya bazarında neftin qiyməti 6 faizdən çox ucuzlaşıb: “Neftin dünya bazar qiymətində azalmalar bir sıra iqtisadi və eləcə də siyasi səbəblərlə bağlıdır. Əvvəla, ticarət müharibəsi Çində neftə olan tələbi azaldır. Ötən ay gündəlik 8.36 milyon barel neft idxal edən Çində idxal əvvəlki ayla müqayisədə 9.0 faiz aşağı düşüb. May ayında Çinin idxalı 9.2 milyon barel olmuşdu. Bu, eyni zamanda 2017-ci ilin iyunu ilə müqayisədə də aşağı göstəricidir. Bir il öncə Asiyanın iqtisadi nəhəngi gündəlik 8.8 milyon barel neft idxal etmişdi. Çində tətbiq edilən yeni vergi sistemi də sözügedən ölkənin idxalına təsir göstərməkdədir”.

Nefti ucuzlaşdıran ikinci amil ABŞ-la bağlıdır. Belə ki, ABŞ-da neft hasilatı artmaqda davam edir: “İyun ayında ABŞ gündəlik 10.8 milyon barel neft hasil edib ki, bu da 2005-ci ildən sonra ən yüksək göstərici hesab olunur. İyulun ilk həftəsində ABŞ-da gündəlik neft idxalı 1.67 milyon barel azalıb və eyni zamanda ixrac 3 milyon barellik rekorda çatıb. Üçüncüsü, Yaxın Şərq ölkələrində hasilatın yenidən artımı müşahidə edilir və bu da bazara təsir göstərməkdədir. Səudiyyə Ərəbistanı hasilatda rekordu təzələməkdədir.

Dördüncüsü, ötən həftə Ağ Ev İran məsələsində daha yumşaq mövqe nümayiş etdirdi. Belə ki, əvvəlki açıqlamalarında bu ilin noyabrınadək İranla neft ticarətini dayandırmayacaq bütün ölkələrə sanksiya tətbiq edəcəyini bəyan edən rəsmi Vaşinqton bu məsələdə istisnaların olacağını bildirdi. Yəni İranla neft ticarəti edəcək heç də bütün ölkələrə sanksiyalar tətbiq olunmayacaq. Bu isə neft bazarındakı siyasi gərginliyi müəyyən qədər yumşaltdı. Bu arada Rusiya İranın enerji sektoruna yaxın illərdə 50 milyard dollara yaxın sərmayə yönəltmək istədiyini bəyan edib. Tramp isə yenidən böyük hərflərə “neftin qiyməti aşağı salınmalıdır” twitini atıb".

V.Bayramov deyir ki, neftin qiyməti müqayisəli şəkildə hazırda yüksək olsa da stabil deyil: “Əslində siyasi müdaxilələr olmazsa bazar tarazlığı hər barel üçün 60 dollar ətrafında bərqərar olmalıdır. Buna görə də iqtisadiyyatın diversifikasiyası və neftdən asılılığın aradan qaldırılması iqtisadi siyasətin əsas prioriteti olaraq qalmalıdır. Azərbaycan mərhələli şəkildə ixracatda və eləcə də büdcə gəlirlərinin formalaşmasında neftin payının azalmasına nail olmalıdır ki, xarici faktorların təsirlərini minimumlaşdırmaq mümkün olsun”.

Ekspert onu da bildirir ki, ABŞ-da noyabrda keçiriləcək mid-term seçkilər öncəsi Tramp administrasiyası anbarlarında olan nefti mərhələli şəkildə bazara çıxararaq “qara qızılın” qiymətinə təsir etməyə çalışır. “Bloomberg” agentliyinin məlumatına görə, test olaraq 5 milyon barelin, daha sonra 30 milyon barelin bazara çıxarılması müzakirə olunur: “Hələlik konkret qərar qəbul edilməsə də hətta daha böyük həcmdə satışların olması istisna olunmur. Dünya bazarında Texas markalı neftin bir bareli 68 dollara, Brent markalı neft isə 72 dollaradək ucuzlaşıb. ABŞ anbarların qapağını açacağı halda isə neft bazarında daha ciddi azalmalar proqnozlaşdırılır. Ağ Evdəki müzakirələr reallaşarsa, o zaman yeni neft şokunun yaşanması qaçılmaz olacaq”.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycan 6 milyard 945 milyon 438,31 min dollar dəyərində 13 milyon 564 min 784,04 ton xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib.

“Yeni Müsavat” Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, həcm baxımından 2017-ci ilin 6 ayı ilə müqayisədə 3 milyon 857 min 609,68 ton və ya 39,74 faiz çoxdur, məbləğ baxımından isə 3 milyard 106 milyon 210,61 min dollar və ya 80,91 faiz çoxdur.

Xatırladaq ki, 2017-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycandan xarici ölkələrə 3 milyard 839 milyon. 227,70 min dollar dəyərində 9 milyon 707 min 174,36 ton xam neft ixrac edilib.

2018-ci ilin yanvar-may aylarında xam neftin ixracı Azərbaycanın ümumi ixracının 72,87 faizini təşkil edib.

2018-ci ilin yanvar-iyun ayları ərzində Dövlət Neft Fonduna neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı 8 milyard 665,7 milyon manat gəlir daxil olub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26